Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən verilən məlumata görə, iclasa növbəlilik əsasında Türkiyə təmsilçisi Ziya Zakir Acar moderatorluq edib.
İclasda əvvəlcə ötən ay ərzində görülən işlərlə və qərarların icrası ilə bağlı məlumat verilib. Göstərilib ki, ötən ay ərzində Beynəlxalq Qarabağ Forumunun və Ərzurum Atatürk Universitetinin təşəbbüsü ilə Kazım Karabəkirin humanitar fəaliyyətinə dair Beynəlxalq konfrans keçirilib, forumun Rusiya təmsilçiliyinin təşəbbüsü ilə “Qarabağa Rusiyadan baxış adlı elmi-parktiki konfrans” keçirilib. Hər iki tədbir haqqında iclas iştirakçılarına məlumat verilib. Sonra türkiyəli nümayəndə Ziya Zakir Acar ötən ay ərzində gündəmdə olan və region ölkələrini narahat edən bir məsələyə diqqəti cəlb edib - bu, Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı məsələ olub. Z.Z.Acar bildirib ki, bu məsələyə, Ermənistanın insanlığa qarşı olan hərəkətlərinə etiraz olaraq Araz çayı sahilində aksiya keçriblər. Aksiya iştirakçıları Ermənistanın bu cür mənfur siyasətinə, eyni zamanda həmin prosesdə iştirak edən Alman şirkətinə öz etirazlarını bildiriblər.
Akif Nağı Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT, eyni zamanda Beynəlxalq Qarabağ Forumunun adından Azərbaycan və Türkiyə prezidentlərinə ünvanlanan məktubla bağlı məlumat verib və bildirib ki, həmin məktubda Türkiyədəki kütləvi yanğın fəlakəti ilə bağlı məsələ diqqətə çatdırılır, iki qardaş ölkənin prezidentlərindən xahiş olunur ki, Azərbaycanın qeyri-hökumət təşkiatları, o cümlədən Beynəlxalq Qarabağ Forumunu yanğına qarşı mübarizəyə səfərbər etsinlər.
İclas iştirakçıları avqust ayının sonunda Türkiyənin İğdır şəhərində BQF-nin növbəti IX toplantısının keçirilməsi ilə bağlı məsələni müzakirə ediblər, işlərin gedişi ilə bağlı məlumat verilib. Göstərilib ki, hər şey foruma üzv olan ölkələrin təmsilçiliyi ilə bağlı məsələlərə əsasən həll olunub. Türkiyə nümayəndəliyi ev sahibi kimi gördüyü işlərlə bağlı məlumat verib. Bu vaxta qədər BQF-nin ümumi yığıncaqları toplantı adı ilə keçirilib, koordinasiya şurasının müzakirələrindən sonra isə bundan sonra BQF-nin ümumi toplantılarının qurultay adlandırılmasına qərar verilib. Ona görə də İğdırda keçiriləcək növbəti toplantı IX qurultayı şəklində keçiriləcək, yəni Beynəlxalq Qarabağ Forumu tərəfindən təşkil olunun IX Qarabağ Qurultayı olacaq.
Xatırladaq ki, indiyə qədər BQF-nin 13 toplantısı keçirilib, onlardan üçü Azərbaycanda, ikisi Türkiyədə, biri İranda keçirilib. İki toplantıı isə pandemiya şərtlərinə uyğun olaraq onlayn formatda keçririlib. İndi forum iştirakçıları 9-cu toplantıya, artıq yeni adla IX Beynəlxalq Qarabağ Qurultayına hazırlaşırlar. Qurultayda İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni situasiya, Azərbaycanın və digər region dövlətlərinin məsələyə münasibəti, Azərbaycan-Türkiyə müttəfiqliyi, Azərbaycanın digər ölkələrlə Qarabağ məsələsi haqqında əməkdaşlığı, dünyanın, beynəlxalq təşkilatların Qarabağ məsələsinə yeni baxışı və digər məsələlər müzakirə olunacaq. Forumun əsasnaməsinin yeni redaksiyasının, həmçinin yeni redaksiyada məramnamə, proqram sənədləri və digər sənədlərin qəbul olunması nəzərdə tutulur. İclasda, həmçinin aktual mövzular, Azərbaycan-Ermənistan sərhədindəki gərginlik, Türkiyədəki kütləvi yanğın fəlakəti ilə bağlı məsələlər ayrı-ayrılıqda müzakirə olunub və bu məsələlərlə bağlı uyğun qərarlar qəbul edilib. O cümlədən Türkiyədə yanğınla bağlı forumun nə edə biləcəyi, praktiki yardımı, mənəvi dəstəyi və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.
İclasda Akif Nağı (Azərbaycan), Z,Z.Acar (Türkiyə), Sözer Akyıldırım (Türkiyə), Cafer Dal (Türkiyə), Gürsoy Solmaz (Türkiyə), İradə Əliyeva (İsveç), Vahid İmanov (İspaniya), Mehriban Abdullayeva (Azərbaycan), Necati Alkış (Türkiyə), Əkrəm Gürel (Türkiyə) və digərləri çıxış edərək, təkilflərini veriblər.
