Avqustun 4-də Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digər rəsmi şəxslər gəlib. Axar.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan yerli mənbələrə istinadla məlumat yayıb.
Erməni jurnalistin sözlərinə görə, Tavuş rayonundakı Azərbaycan anklavlarının geri verilməsi prosesi gedir: “Əvvəllər də biz bildirirdik ki, SSRİ-nin xəritəsi Tavuşda da istifadə olunarsa, biz Əskipara strateji yolundan daha istifadə edə bilmərik. Azərbaycan bütün yolu öz nəzarətinə götürəcək, çünki SSRİ-nin xəritəsinə görə, bura onların ərazisidir”.
Erməni jurnalist bildirib ki, Əskipara ilə bərabər, daha bir neçə kəndin də geri veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qazağın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir. Mümkündürmü ki, Ermənistan daha mühüm olan sərhəd məsələsini arxa plana keçirmək üçün bu barədə razılaşmanın icrasını tezləşdirsin? Yoxsa bu da növbəti yalanları, ermənilərin yeni sərsəm fikirlər, şərtlər irəli sürməsi üçün oyundur?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı çox vacib məqamlardan söz açdı: “Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndləri mühüm strateji əhəmiyyətə malikdir. Qazağın 4 kəndi, xüsusilə də Barxudarlı və Aşağı Əskipara anklav vəziyyətindədir. Bu kəndlərin qaytarılması bizim ermənilərin İcevan və Göyçə istiqamətində yollarına nəzarəti ələ keçirməmiz deməkdir. Kərkinin qaytarılması isə Ermənistanın İrana, Qafana, Mehri istiqamətinə, Zəngəzura çıxışının nəzarətə götürülməsi anlamına gəlir. Ona görə də ermənilər bu məsələni uzatmağa, hansısa aralıq nəticələrə nail olmağa çalışırlar. Bu, ermənilər üçün ölüm-dirim məsələsidir. Müxalifət, həmçinin sosial media bu məsələdə hakimiyyətə təzyiq edir, milli maraqları satmaqda ittiham edirlər. Amma hər iki istiqamətdə Azərbaycan israrlıdır. Həmin ərazilər SSRİ xəritələrində Azərbaycanın qanuni torpaqları kimi göstərilib. Üstəlik, 10 noyabr razılaşmasında Qazağın kəndlərinin qaytarılması açıq şəkildə əks olunub. Kərki ilə bağlı bəzi məlumatlara görə, şifahi razılaşma var. Hətta bu razılaşma olmasa da, heç kəs üçün sirr deyil ki, bu kənd 1990-cı il yanvarın 18-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bunu beynəlxalq təşkilatlar da təsdiq edirlər. Ermənistan bu məsələdə siyasi alver predmeti kimi Gədəbəyin Başkənd yaşayış məntəqəsini də ortaya atmağa çalışır. Onların məqsədi Başkənd deyil, guya Başkəndə iddia etməməklə bizim də həmin 4 kəndə iddialardan əl çəkməyimizi istəyirlər. Təbii ki, Azərbaycan buna razılaşa bilməz, Başkəndin də bizə mənsub olduğu sənədlərdə əksini tapıb. Qazax və Naxçıvanın deyilən kəndləri də sərhəd məsələsinin içərisinə daxildir. Azərbaycan Zəngəzurda olduğu kimi burada da güzəştə getməməlidir”.

Akif Nağı: “Bu, ermənilər üçün ölüm-dirim məsələsidir”
Əslən Qazaxdan tanınmışların da mövqelərini aldıq. Siyasi şərhçi Azər Hüseynov ermənilərə növbəti dəfə gücün göstərilməsini vacib sayır: “Bu xəbərlər erməni jurnalistin şəxsi qənaətləri də ola bilər. Ancaq Ermənistan bu kəndləri verməklə Qarabağdakı tör-töküntüləri üçün manipulyasiya edə bilər. Ona görə də ermənilərə ara-sıra yenə güc göstərmək lazımdır. Hətta Azərbaycan silahlı bölmələri o kəndlərə daxil olsa, müəyyən səs küydən sonra ermənilər bu qədərlərini qəbul etməli olacaqlar. Ermənistana heç cür dirçəlmək imkanı vermək olmaz. Azərbaycan Ermənistanı demilitarizə etmək üçün çalışmalıdır. Bir də Azərbaycan o kəndləri qaytaracaq, inşaAllah. Amma hələ ki prioritet deyil. Prioritet ermənilərin regionda siyasi tədricinin və xüsusilə Rusiyadan aralanmasını təmin etməkdir. Ermənilər ruslardan tam və açıq qopduqdan sonra Azərbaycan Ordusu lazım olarsa ara-sıra İcevana da, Qafana da düşüb bir iki ”pis uşağa" qulaqburması verə bilər".

Arzuman Abdulkərimov
Politoloq Arzuman Abdulkərimov bu məsələdə də Azərbaycanın qələbə qazanacağına inanır: “Biz Qazağın 7 kəndi ilə bağlı mütəmadi olaraq mətbuata məlumatlar veririk. Əlimizdə olan mümkün informasiyaları cəmiyyətə çatdırırıq. İndi də belə bir informasiya dolaşmaqdadır. Düşünürəm ki, Ermənistan tərəfi bu cür informasiya ilə manipulyasiya etmək istəyir. Amma bu bir yerə qədərdir. Erməni tərəfin bu yolda yolunun sonu dalana dirənəcək. Amma bir qədər tələsməməyi də tövsiyə edirəm. Qazağın bu kəndləri 30 ildən çoxdur ki, işğal altındadır. Hansı ki, Qarabağ konflikti nəticəsində bu kəndlər də işğal olunub. Bu kəndlərin nəinki Qarabağa, heç Aşağı Qarabağa belə aidiyyəti yoxdur. Heç bir izahı yoxdur ki, bu ərazilər ermənilər tərəfindən nə üçün işğal edilib. Amma hər halda, rus sülhməramlılarının da bölgəyə gəlməsi, cənab Prezidentin də son Rusiya səfəri ola bilər ki, bu məsələnin həllini sürətləndirsin. O da mümkündür ki, cənab Prezidentlə Putinin görüşündə müəyyən müzakirələr getsin. Bu məsələyə optimist yanaşmağın tərəfdarıyam. Çünki Qazağın yeddi kəndinin qaytarılması məsələsi də yüksək səviyyəli şəxslər, hətta cənab Ərdoğan tərəfindən səsləndirilib. Düşünürəm ki, Qazağın bu kəndləri erməni silahlı qüvvələri tərəfindən çox uzun zaman keçmədən boşaldılacaq. Bu proses sərhədlərin dəqiqləşdirilməsi mərhələsində baş tutacaq. Erməni tərəfi də SSRİ dövrünün xəritələrinə istinad edərək sərhədlərin müəyyənləşdirilməsini istəyir. Dilican, Göyçə mahalı da zamanında Azərbaycan əraziləri olub. Ermənistan dövləti formalaşdırılanda bu ərazilər də ona birləşdirilib. Azərbaycan dövlət səviyyəsində Ermənistana torpaq iddiaları ortalığa qoymalı və həmin iddialarda Göyçə mahalı da olmalıdır”.
musavat
