Londonda Britaniyanın baş naziri Boris Consonla Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya arasında görüş keçirilib. “Yeni Müsavat” xəbər verir ki, İngiltərə Nazirlər Kabinetinin rəhbəri belaruslu siyasətçi ilə görüşdən məmnun olduğunu etiraf edib. O, respublikada vətəndaş cəmiyyəti və demokratiyaya dəstəyini də açıqlayıb. “Biz açıqca sizin tərəfinizdəyik. Sizi fəal şəkildə dəstəkləyirik”, - deyə Conson bildirib.
Bundan qabaq isə belaruslu müxalifətçi ABŞ-da prezident Co Baydenlə görüşüb. O, Belarus hakimiyyətinə qarşı ən güclü sanksiyalar tətbiq etməyə çağırıb. Göründüyü kimi, Belarus müxalifətinin ölkəsinə qayıda bilməyən lideri Tixanovskaya Bayden də daxil olmaqlan ən yüksək səviyyədə qəbul edildi. Qərbin ölkəsinə qayıda bilməyən müxalifət liderinə bu qədər ciddi önəmin səbəbi nədir? Bundan öncə Venesuelada da müxalif lider Xuan Quaydo ABŞ-da yüksək səviyyədə qəbul olundu, hətta legitim prezident kimi tanındı, lakin nəticəsi olmadı, Maduronu devirə bilmədilər, proseslər səngidi. İndi isə Belarusla bağlı analoji hadisələr yaşanmaqdadır və Tixanovskaya Quaydo kimi Qərb liderlərindən dəstək alır. Baydenin Ağ Evə qayıdışı həm də digər ölkələrdə müxalifətin canlanması nəzərə çarpmaqdadır. Demokratların hakimiyyətə gəlişi bir qayda olaraq, başqa ölkələrdə müxalifətin aktivləşməsi ilə müşayiət olunur. Məsələn, Azərbaycanda müxalif fəallar bunun bir dalğa kimi yayılacağını proqnozlaşdırır. Üstəlik, Jirinovski işarə etmişdi ki, Azərbaycan müxalifəti də guya dövlət çevrilişi üçün Baydenin “işarəsini gözləyir”. Hətta Bakını hədələmişdi ki, guya Moskva olmasa, ABŞ iki həftəyə Azərbaycanda inqilab edə bilər. Əlbəttə, bu təlxəyin sözlərinə önəm verən yoxdur. Amma postsovet məkanında hər hansı siyasi aktivlik olanda region ölkələrində stimul yarada bilir.

Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Lukaşenko özü də onu yıxmağa hazırlaşdıqlarını demişdi. ADP sədri bununla belə güman etmir ki, Tixanovskayanı hakimiyyətə gətirəcəklər. Onun fikrincə, demokratiya Qərbdə tənəzzülə uğrayır, özünün başqalarına dərs verməsi mümkün deyil: “Avropa ölkələrində qaçqınların hüquqlarının pozulması, irqçilik halları, faşizmin dirçəlməsi bunu göstərir. Jirinovskinin sözünə gəlincə, kökündən yanlış düşünür. Burada çevrilişi Rusiya edir. Elçibəyi də Rusiya yıxdı. Amma indi Rusiyanın müxaliətə dəstək vermək fikri yoxdur. Amerika da Azərbaycanda hakimiyyəti dəyişmək fikrində olmayıb”.

Azad Məsiyev
Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikrincə, Qərb Rusiyanın müttəfiqlərini özünə düşmən bilir və həmin ölkələrdə rəngli inqilablar edir: “Məsələn, Zelenski kimi şoumenin əli ilə Ukraynanı rahat idarə edirlər. Tixanovskaya da evdar xanım olub və təcrübəsiz siyasətçidir. Belə zəif fiqur vasitəsilə Belarusu idarə etmək arzusundadırlar. Amma bu səfərlər başqa dövlətin işinə müdaxilə etməkdir. Demokratiyada dəstək xalqdan olmalıdır. Belarusda olan prosesi Venesuelada da təkrarladılar, alınmadı”.
A.Məsiyevin sözlərinə görə, Qərbdən xanım siyasətçiyə dəstəyin inqilabla yekunlaşacağını gözləmir: “Bu cür müdaxilələr beynəlxalq hüquq ziddir. Belə çıxır ki, Tixanovskaya ABŞ tərəfindən ”verbovka" olunub və Belarusu içindən qarışdırmaq təlimatı alıb. Amma Tixanovskaya ölkəsinə də gedə bilmir və hansısa uğurlu addım atacağını gözləmirəm".
