Bu gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış ustad aşıq, Prezident təqaüdçüsü Mahmud Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
ANS PRESS-in məlumatına görə, Mədəniyyət və Turizm nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə folklorşünas alimlər, ustadın sənət dostları və yetirmələri ilə yanaşı, İrandan gələn aşıqlar da çıxış edəcəklər. Bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bildirib.
Aşıq Mahmud Məmmədov 1935-ci ildə mayın 22-də Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər. Aşıqlığın sirlərini, incəliklərini XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri- Aşıq Hüseyn Bozalqnlı və İmran Həsənovdan öyrənib, neçə-neçə böyük ustadlarla Azərbaycanda və bir sıra xarici ölkələrdə bu qədim sənəti layiqincə təmsil edib.
Sənətdə ilk uğurunu 1957-ci ildə Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülməklə qazanıb. Sonralar isə ümumittifaq və beynəlxalq festivalların laureatı olub.
Aşıq Mahmud həm də poetik yaradıcılıqla məşğul olur. 2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar”, 2011-ci ildə isə “Allah qəlbə görə verir” adlı şeirlər kitabları çap olunub.
