“Ermənistan həm ötən ilin iyul ayında Azərbaycanın mühüm karbohidrogen və nəqliyyat kommunikasiyalarına hücumda, həm də 44 günlük Vətən müharibəsində müxtəlif təxribatlarla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bölgəyə cəlb etməyə çalışırdı”.
Politoloq İlyas Hüseynov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.
Ekspert son vaxtlar Ermənistanda KTMT ilə bağlı aparılan diskussiyalara diqqət çəkərək qeyd edib ki, Ermənistan cəmiyyətində anti-KTMT meyilləri güclənməkdə davam edir:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının imkanlarından maksimum istifadə etməyə çalışmaqla yanaşı, sözügedən təşkilat vasitəsilə Rusiyanı siyasi şantaj etməkdən də çəkinmir. Əgər 20 iyun tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətindən ibarət müşahidə missiyasını Ermənistan-Azərbaycan sərhədinə cəlb etmək istəyirdisə, bu gün KTMT-nin üzvlərindən ibarət müşahidə missiyasını regiona cəlb etməyə çalışır. Qərbin elmi ədəbiyyatlarında daha çox “Putinin NATO-su” kimi adlandırılan hərbi-siyasi blokun üzvlərindən ibarət hərbi qulluqçuların Azərbaycanla sərhədə cəlb olunması həm məntiqsizdir, həm də Rusiyanın maraqlarına ziddir”.

İ. Hüseynovun sözlərinə görə, Rusiya burada özünün iştirakçılığının artırılmasında maraqlıdır:
“Bunun əksinə olaraq, Ermənistanın baş naziri yeganə aktorla kifayətlənməyərək, regional və ya qlobal zəmanət almaq istiqamətində çalışır. Nəzərə almaq lazımdır ki, Rusiya KTMT daxilində nə qədər hegemon mövqeyə malik olsa da, təşkilat daxilində məsələlər konsensus yolu ilə həll olunur”.
Ekspert qeyd edib ki, KTMT daxilində Azərbaycana dost olan Belarusla yanaşı, Qazaxıstan və Qırğızıstan kimi türkdilli dövlətlər də var:
“Rusiya və Tacikistanla da Azərbaycanın tərəfdaşlıq münasibətləri var. Digər tərəfdən, Ermənistan cari ilin sentyabrın 16-dan etibarən 2 illiyinə KTMT-də sədrliyi həyata keçirəcək. Rotasiya qaydasında sədrlik Tacikistandan Ermənistana keçəcək. Ermənistan KTMT-yə sədrliyi dövründə diqqəti Ermənistan-Azərbaycan sərhədinə çəkməyə və bu mövzuda tez-tez iclaslar çağırmağa təşəbbüslər göstərəcək. Digər hər hansı uğur əldə olunması gözlənmir”.
