“Microsoft” şirkətinin təsisçisi Bill Geyts azyaşlı və yeniyetmə qızların ticarəti işində adı hallanan, həbs olunduqdan sonra müəmmalı şəkildə intihar etdiyi deyilən milyarder Ceffri Epşteynlə görüşməkdən böyük peşmanlıq hissi keçirdiyini bildirib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
“Onunla vaxt keçirmək, ümumiyyətlə, bu adama yanımda oturmağa icazə vermək böyük səhv idi”, - deyə, Bill Geyts peşmanlığını dilə gətirib.
“Microsoft”un təsisçisi Ceffri Epşteynlə sırf qlobal səhiyyə problemləri ilə mübarizəyə yardım ayrılması məqsədilə görüşdüyünü, daha sonra onunla bütün ünsiyyəti kəsdiyini söyləyib.
Jurnalistlər Bill Geytsin 27 illik xanımı Melindadan bu yaxınlarda rəsmi boşanma ilə ayrıldığına diqqət çəkərək, bunun Ceffri Epşteynin qurduğu kölə qadınların ticarət şəbəkəsinin aşkarlanması ilə bağlı olub-olmadığını soruşublar. Maraqlıdır ki, Bill Geyts bu suala cavab verməkdən boyun qaçırıb. O, hazırda yalnız irəliyə baxdığını və dağılan ailəsinin üzvlərini qorumağa çalışdığını deyib.
Xatırladaq ki, bu ilin may ayında ABŞ mətbuatında Bill Geytsin vaxtilə Ceffri Epşteynin əlaqələrindən istifadə edərək xeyriyyəçi işlərinə görə Nobel mükafatı almaq istəməsi ilə bağlı xəbərlər ortaya çıxmışdı.
