Bir necə ay bundan öncə Ümid partiyasından müəmmalı şəkildə istefa verən Könül Quliyeva özünün Facebook səhifəsində maraqlı açıqlama yazıb: “Başıma gələnləri indi danışmaq mənim zərərimədir. Bu mövcud durumda susmaq məcburiyyətindəyəm.
Üzləşdiyim vəziyyətdə bir çoxlarının mənə qarşı müttəfiq olduğu, eyni addımı atdığı və bir-biri ilə əməkdaşlıq etdiyi qənaətinə gəldim. Bu qənaətimdə nə qədər haqlı olub-olmadığımı zaman göstərəcək. Amma hər kəsə bəyan edirəm ki, onlar mənim kimi günahsız və zəif bir qadını asanlıqla məhv etmək gücündədirlər. Odur ki, başıma gələn hər şeyi video müraciətdə qeyd edib arxivləşdirmişəm...”
K.Quliyeva bu statusla bağlı AzNews.az-a açıqlamasında bildirib ki, haqqında məlumat verdiyi video çəkiliş onun partiyada üzləşdiyi təzyiqlərlə bağlıdır: “Video çəkilişdə lazımı faktlar yer alıb. Əgər vəziyyət tələb edərsə, məhkəməyə müraciət edəcəm. Yəni, yenə həmin hadisələrlə üzləşərəmsə, həyatımda hər hansı təhlükə olarsa, o zaman məhkəməyə üz tutmaq məcburiyyətindəyəm”.
“Sizə qarşı olan təzyiqlərin kökündə nə dayanır?” sualına isə K.Quliyeva belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. Vaxt gələndə hər şey açıqlanacaq”.
Qeyd edək ki, Ümid partiyası sədrinin müavini Könül Quliyeva partiyada tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verdiyi haqda açıqlamanı iyun ayında özünün “Facebook” səhifəsində yazıb.
