“Rusiyanın iqtisadi modeli köhnəlib, özünü doğrultmur. Biz dünyanın ehtiyacı olan əmtəə istehsala eləməyi bacarmalıyıq”. Bunu Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin deyib.
Yada salaq ki, az öncə ABŞ prezidenti Co Bayden belə bir fikir işlətmişdi ki, Rusiya neftdən və Putindən ibarətdir. Yəni işarə eləmişdi ki, ölkənin mövcudluğu əslində bu iki faktora bağlıdır.
Bəs Rusiya nədən modern iqtisadiyyat qura, dünya bazarına, Avropa bazarına rəqabət qabiliyyətli əmtəə çıxara bilmir? Belə bir iqtisadiyyatın qurulması mümkün görünürmü və bu, baş tutarsa, Azərbaycana hansı faydası, yaxud zərəri ola bilər?

Elşad Məmmədov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, UNEC-in professor Elşad Məmmədov bildirdi ki, Bayden Rusiyanın əsas geosiyasi rəqibi olan dövlətin prezidentidir, o maksimum şəkildə Rusiyanın imkanlarını daha aşağı təqdim etməyə çalışır: “Kudrinin bəyanatına gəlincə, hesab edirəm ki, elə Rusiyanın iqtisadi cəhətdən zəifləməsində, bu ölkənin dünya iqtisadiyyatına daha az texnoloji tutumlu, daha az əlavə dəyər yaradan məhsulların çıxarılmasında əsas səbəbkarlardan biri elə Kudrindir. Çünki uzun illər Rusiyada mövcud olan iqtisadi ultra-liberal modelin müəlliflərindən biri də uzun müddət bu ölkədə maliyyə naziri işləmiş Kudrin olub. Nəticədə biz görürük ki, doğrudan da bu ölkənin yüksək texnoloji tutumlu istehsalı Rusiya kimi bir iqtisadi potensiala malik olan ölkə üçün azdır”.
E.Məmmədovun sözlərinə görə, Rusiyanın yalnız neftdən və Putindən ibarət olması fikri reallıqdan çox uzaqdır: “Çünki bu ölkənin bütövlükdə təbii resurs potensialına nəzər salsaq görərik ki, dünyada ən zəngin ölkədir. Dünya təbii resurslarının təqribən 35 faizi Rusiyada cəmləşib. Burada söhbət yalnız neftdən gedə bilməz. Bu qədər potensiala malik olan dövlətin hansısa bir şəxsdən və neftdən asılı olması fikirlərinin cəfəngiyyat olması şübhəsizdir”.
İqtisadçı vurğuladı ki, Rusiya çox güclü hərbi sənaye kompleksinə malikdir: “Bu gün Rusiyanın hərbi sənaye kompleksi dünyada birinci yerdədir. Rusiya ordusu çox sürətlə modernizasiya olunur. Eyni zamanda nüvə potensialı da onu deməyə əsas verir ki, bu dövlət çox böyük gücə malikdir. Lakin iqtisadi modeldə çox böyük problemlər 90-cı illərdən başlayaraq mövcud oldu. Bu problemlər bütövlükdə postsovet məkanında iqtisadi sistemlərin dərin tənəzzülünə gətirib çıxartdı”.
Azərbaycanla bağlı vəziyyətə gəlincə, Elşad Məmmədov Rusiyanın iqtisadi inkişafının Azərbaycan üçün də iqtisadi inkişafa təkan verəcəyini qeyd etdi: “Azərbaycan iqtisadiyyatı Rusiya iqtisadiyyatının balaca modelidir. Bir çox azərbaycanlı ekspertlər Rusiyada hansısa problemlər olanda sevinir ki, Rusiya zəifləyəcək və bizim üçün yaxşı olacaq. Mən bu fikirlə razı deyiləm, çünki Rusiya iqtisadiyyatı nəinki bizim iqtisadiyyatımızla oxşardı, həm də çox bağlıdır. Rusiya iqtisadiyyatında problemlər olanda, şübhəsiz ki, bu bizdə də təkrarlanır.
Azərbaycanda 90-cı illərin əvvəllərində kənd təsərrüfatı sektorunun ÜDM-də payı 32-33 faiz idi. Bu, o demək idi ki, Azərbaycanda qeyri-neft sektoru o dərəcədə inkişaf etmişdi ki, bizdə şaxələndirilmiş bir iqtisadi sistem var idi. Bu gün isə ölkəmizdə kənd təsərrüfatının ÜDM-də payı 6 faizdir, Rusiyada isə bu rəqəm təqribən 5 faizdir. Bu problemlər bir-biri ilə bağlıdır. Bizim məhsullar üçün əsas satış bazarı Rusiyadır. Bizdə də qeyri-neft və qeyri-xammal sektorunda istehsal prosesinin formalaşması ona görə zəif getdi ki, bölgədə və bölgənin açar dövləti olan Rusiyada texnoloji deqradasiya, bu kimi sahələrin inkişafı zəiflədikdə, Rusiya ABŞ-ın diktəsi ilə öz iqtisadi siyasətini tənəzzülə apardıqca biz də bu yolla getməli olduq. Çünki biz balaca dövlətik və elə böyük bazarlarımız yoxdur. Bizim 90-cı illərdə müstəqil iqtisadi siyasət aparmaq imkanlarımız yox idi. Biz məcbur olduq ki, dövlət olaraq neft strategiyasını əsas götürərək iqtisadi inkişafımızı aparaq. Neft strategiyası da iqtisadiyyatın qeyri-tarazlı inkişafını şərtləndirdi. Rusiyadan fərqli olaraq bizim müstəqil iqtisadi siyasət yürütmək imkanlarımız məhdud olub. İndi Rusiya iqtisadiyyatının dirçəlişi baş verərsə, müstəqil iqtisadi idarəetmə modeli bu ölkədə reallaşarsa, bu, Azərbaycan üçün çox böyük imkanlar açacaq. Rusiyada istehsalın formalaşması, dünya iqtisadiyyatındakı yüksək texnoloji tələbə uyğun istehsalın qurulması həmin istehsalın xeyli hissəsi də Azərbaycanda olacaq".
Ekspertin sözlərinə görə, Rusiyada qeyri-xammal sektorunun inkişaf etməsi ölkəmizə də müsbət təsirini göstərəcək: “Ona görə də biz istəsək də, istəməsək də qeyri-xammal sektoru baxımından ixrac bazarımız Rusiya bazarı olmalıdır. İstehsal da birbaşa satışa bağlıdır. Hansısa ölkənin bazarına çıxmaq üçün o dövlətlə iqtisadi-siyasi münasibətlər də dərinləşməlidir, istehsal prosesləri əlaqələndirilməlidir. Vahid bazarların yaranması olduqca mühümdür. Bu gün Türkiyə kimi dövlət də buna can atır. Biz bu prosesdən kənarda qalmaqla öz iqtisadi gələcəyimizə zərər vurmuş olacağıq. Bu gün əgər Türkiyə və İran Avrasiya iqtisadi zonasına meyllənirsə, biz niyə kənarda qalmalıyıq? Mən məsələnin siyasiləşdirilməsinin tərəfdarı deyiləm və iqtisadi inkişafımızı öz milli maraqlarımıza uyğun qurmalıyıq”.
