Yay tətili hər kəs üçün bir nəfəslik, gərgin iş dönəminin sonunda insanların dincəlməsi üçün bir fürsətdir. Xüsusən də pandemiya dönəmində, qapanmalardan sonra yay tətilinə, yay məzuniyyətinə çıxan gənclər üçün bu, dejarj olma vasitəsidir. Amma elmi araşdırmalar sübut edib ki, bu dönəm heç də hər kəs üçün gözlənilən nəticəni, effekti vermir.
Türkiyənin Medikal Park Xəstəxanasının psixoloqlarından olan Zeren Okçuoğlu Kadıoğlu bildirib ki, istirahətdən qayıdandan sonra istefa edən gənclərin sayında bir artım var. Son illər məzuniyyətdən qayıdan insanların istefa və depressiya faizində bir artım özünü göstərir. Türkiyəli psixoloq hesab edir ki, bunun səbəbləri sadədir: “İşləyənlər üçün iş stressindən və məsuliyyətindən uzaq keçən tətildən sonra keçmiş, darıxdırıcı həyata qayıtmaq çətin gəlir və bunun öhdəsindən gələ bilmir. Onlara elə gəlir ki, həyat böyürlərindən axıb gedir və onlar heç nə yaşamadan yaşlanırlar. Bu səbəbdən də istefa verməyi problemdən çıxış yolu kimi görürlər”.
Amma Türkiyənin Avcılar Medicana Xəstəxanasından psixoloq Betül Bilgen hesab edir ki, istirahətdə ruhlarına istirahət verən insanların tətildən sonra iş əmsalı və keyfiyyəti artır.

Rusiyanın sosial araşdırma şirkətlərindən biri üzə çıxarıb ki, işçilərin 31 faizi daha çox tətil üçün maaşlarından fədakarlıq edir. Buna görə də işçilər yüksək maaşın itkisini hiss etdikləri vaxt rəhbərlikdən onun problemlərinin həllini gözləyir. Bəzən bu, işçi ilə rəhbərlik arasında ciddi anlaşılmazlıq yaradır ki, bunu da vaxtında həll etməsələr, işçinin öz işini itirməsi ilə nəticələnə bilər. Xüsusən də 16-24 yaşlı gənclərin beşdə ikisi daha çox tətil verilərsə, daha az maaş almağı qəbul edəcəklərini deyir. Araşdırma üzə çıxarıb ki, yeni işə girənlər ilk illərində belə maaş ödəmələrindən daha çox ekstra tətil istəyirlər.
İstirahət bitəndən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtı qısaltmağın yolları var. Həm işçilərin, həm də iş sahiblərinin tətbiq edəcəyi kiçik planlarla bu müddət daha da asan keçilə bilər. İşə getməzdən əvvəl hazırlıq görmək, ilk həftənin çətin keçəcəyini əvvəldən qəbul etmək problemi nisbətən xəfiflədə bilər. İlk həftə işdə nisbətən az yüklə çalışmaq lazımdır. Bu, tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını ala bilər. Əksinə, bunların miqdarını artırmaq üçün ən yaxşısı sistemli idmanla məşğul olmaqdır.
Yaxşı, bəs gənc işçilər bu adaptasiya üçün nə etsin?
İşə başlamazdan bir neçə gün öncə öz evinizdə olun. Evlə bağlı görməli olduğunuz işləri həyata keçirin, o günlərdə həll edin. İşə getməzdən bir gecə öncə yaxşı yatıb dincəlin.
Cansıxıcı iş həyatına qayıtmağı özünüz üçün asanlaşdırın. Qayıdışınızın ilk gününə vacib iclas və görüşlər təyin etməyin.
İlk günlər axşam gəzintiyə çıxın, əyləncənizi birdən-birə, “xırp” deyə yekunlaşdırmayın. Əksinə, tətildən işə kəskin keçid adaptasiyanı dözülməz hala çatdırır.
Keçmiş tətiliniz haqda düşünəndə heç vaxt “kaş ki” ilə başlanan cümlələr qurmayın, ancaq gözəl detalları yadınıza salın.
Məişət və iş həyatınızdakı pozitiv məqamlara yüklənin. Hər gün uğur qazandığınız, xoşunuza gələn şeylər barədə düşünün.
Həyatın sürətlə axıb getdiyini nəzərə alıb, qərarlarınızı təxirə salmayın. Onları həyata keçirməniz özünüzə inamı artıracaq və bunları etdikcə iş həyatınızı da yenidən sevməyə başlayacaqsız.

Gələn il daha maraqlı istirahət qura bilmək üçün bu il işləməli olduğunuza özünüzü inandırın.
İstirahətdə olduğunuz müddətdə üst-üstə yığılan işlərinizi bir anda yekunlaşdırmağa çalışıb özünüzü yormayın. İş zamanı vaxt tapdıqca fasilə verin ki, bir anda yorulmayasınız. İşdən sonra kiçik gəzintilər gerçəkləşdirib, yorğunluğunuzu ata bilərsiniz.
Əgər iş yoldaşlarınız tətildə, siz işdəsinizsə, özünüzə belə təsəlli verin: onlar işləyəndə də mən tətildə idim.
Tətildən qayıdanların işə adaptasiyası xeyli vaxt alır. Üstəlik, adaptasiya müddəti nə qədər uzanırsa, işçinin motivasiyası, iş əmsalı da bir o qədər azalır. İş həyatına adaptasiya olmaq bir çox insanda sıxıntı yaradır, yuxusuzluq, baş ağrısı, həzm problemi kimi sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb olur. Xüsusən qayğı və depressiyaya meylli olan şəxslərin adaptasiya problemi güclü olur.
Bayramdan sonrakı tətil insanlar üçün sadəcə dincəlmək üçün deyil, istədiyini yemək, istədiyin qədər yemək üçün də gözəl bir fürsətdir. Məhz o rahatlıq və komfortdan sonra işə qayıtmaq, yorulmaq, istədiyi zaman yemək yeməmək, istədiyi kimi hərəkət edib dincələ bilməmək sıxıntı yaradır. Bayrama görə verilən tətil günləri uzun müddət işləyən insanlar üçün mükafat kimidir. İş günlərində sabah işə getmək üçün erkən vaxtda yatmaq lazımdır. Yorğunluqdan nə yediyinin fərqinə varmadığından acından ölməmək üçün əlinə nə gəldi tapıb yemək lazımdır. Məsuliyyətli olmaq lazımdır. İşə gecikməmək, işini, evini, sağlamlığını, təmizliyini, baxımını 24 saata sığışdırmaq vacibdir. Tətil olanda isə xüsusi təamlar, gecə yarısına kimi televizora baxmaq, vaxtının böyük hissəsini ailəsinə, özünə ayırmaq insan üçün əvəzedilməz bir fürsətdir. Tətildən sonra işə qayıtmaq isə heç də xoş olmur. Buna görə tətilləri heç vaxt bitməyəcəkmiş kimi yaşamaq lazım deyil. Tətil daha yaxşı işləmək üçün insana verilən bir şans olmalıdır.
