|
Onlarla ölkənin dövlət və hökumət rəhbəri paytaxta toplaşıb

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayır. Cia.az-ın məlumatına görə, forum aprelin 30-dək davam edəcək. 
Tədbirə onlarla ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərindən, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. 

Yeni dünya düzənində etimadın bərpası mövzusuna həsr olunan III Forumda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər geniş müzakirə ediləcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da iştirak edəcək.

Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprel ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada təşkil edilmiş “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılıb. 

Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Cia.az