Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilib. İmtahanlarda 3 055 namizəd iştirak edib. İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4 091 nəfər müraciət edib.
Yada salaq ki, iyulun 8-24-nə qədər müəllimlərin işə qəbulu üzrə Bakıda keçirilən imtahan narazılığa səbəb olub. Müəllimlər imtahanların nəticələrindən narazı qalıb, hətta təcrübəli müəllimlər belə kafi səviyyədə bal toplaya bilməyiblər. İmtahan verib çıxmış müəllimlərin hamısı imtahanlarda nöqsanların olduğunu qeyd ediblər. Bəziləri kompüterlərin zəif işləməsindən, bəziləri məntiq suallarından, bəziləri imtahan gedə-gedə sualların dəyişilməsindən narazılıqlarını bildiriblər. Bundan sonra təhsil naziri Emin Əmrullayev bütün bu narazılıqları nəzərə alaraq təkrar imtahanların keçirilməsi ilə bağlı qərar verdi. 4 mindən çox müəllimin təkrar imtahanına qərar verilməsi, nazirin müəllimlərin tərəfini tutması təqdir olunan addım sayılır. Bəs görəsən, MİQ imtahanlarında yenidən bu kimi problemlərin olmaması üçün nələr edilməlidir? Məsələ ilə bağlı ekspertlərin fikrini öyrəndik.
Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin işə qəbulunun ilk günündən təhsil naziri Emin Əmrullayev məsələyə çox həssas yanaşdı: “Bu məsələni tam nəzarətə götürdü. Birmənalı şəkildə qeyd edim ki, Azərbaycanda son illər ərzində mütərəqqi bir yenilik də gördük. Təhsil Nazirliyi sosial şəbəkələrdə və mətbuatdakı narazılığı həmin dəqiqə diqqətə aldı. Bununla bağlı obyektiv araşdırmanı təklif elədi. Biz nazirin müəllimlərin işə qəbulu imtahanına yanaşmasında böyük dəyişiklik müşahidə etdik. Ədalətin bərqərar olması, həqiqətən biliyin qiymətləndirmə prinsipini əsas götürdük. Həqiqətən də düzgün monitorinqlər aparıldı. İmtahanın iştirakçılarına iki şans verildi. Birincisi, onlara müvafiq balların əlavə edilməsi, ikincisi, onlara təkrar imtahanda iştirak etmək imkanının verilməsinin şahidi olduq. Burada da yanaşma müxtəlifdir. Bundan sonra başqa tarixlərdə iştirak edənlər də bu imkanların onlara yaradılmasını istəyirdilər. Əslində məsələyə müxtəlif formada yanaşmaq olar. Təhsil naziri Emin Əmrullayevin humanist yanaşmasından nazirliyin bəzi əməkdaşları tərəfindən, xüsusən də Təhsil İnstitutu, Müəllimlərin İnkişaf Mərkəzi və digər qurumlar sui-istifadə etdilər. Emin müəllim səhvin olduğunu qəbul etdi, üzr istədi və aradan qaldırmaq üçün addım atdı. Nazirliyin digər əməkdaşları isə hesab etdilər ki, burada səhv yoxdur. Burada problemi müəllimlərdə axtardılar.

Kamran Əsədov
Bu belə deyil. Nazirlik öncə çərçivə proqramını müəyyənləşdirmişdi ki, bu çərçivədən kənar heç bir test tapşırığı salınmayacaq, hansı mövzulardan suallar salınacaq. Amma biz gördük ki, müəllimlərin işə qəbulu imtahanında istifadə edilən test tapşırıqları həmin çərçivədən kənardır. Müəllifin təxəyyülünün məhsuludur. Bu ciddi bir problemdir. İmtahanı təşkil edənlər səhvlərini etiraf etmədilər. Əksinə, günahkar olaraq müəllimləri gördülər. Bu ən yanlış yanaşma tərzi idi. Müəyyən qədər müəllimlərin işə qəbul imtahanının keçirilməsinə şübhə yarada biləcək ciddi amil idi. Mən bunu müsbət qiymətləndirirəm ki, təkrar imtahanda iştirak etmək imkanı verildi. Amma orada yenə də suallara fikir vermək lazımdır ki, ağırlıq səviyyəsi necədir. Əgər həqiqətən də digər imtahanlardan fərqli olaraq daha asan test tapşırığı salınacaqsa, bu da biliyin qiymətləndirilməsində bərabərlik prinsipini pozacaq. İnanıram ki, test tapşırıqlarında ədalət mütləq gözlənilməlidir. Müəllimlərin işə qəbulu şəffaf keçirilir. Amma şəffaflıq keyfiyyət, ədalət demək deyil. Düşünürəm ki, təkrar imtahan müsbət qiymətləndirilməlidir. Amma növbəti illərdə belə halların baş verməməsi üçün imtahanlara daha peşəkar mütəxəssisləri cəlb etmək lazımdır, onlar imtahanları təşkil etməlidirlər”.

Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Müəllimlərin təkrar imtahanının keçirilməsi əslində deyərdim ki, imtahanı keçirən qurumun öz səhvlərini etiraf etməsi idi. Müəllimlərin haqlı iradları, imtahanda baş vermiş haqsızlıqlar onu deməyə əsas verdi ki, həmin şəxslər üçün imtahan yenidən keçirilməlidir, yaxud da ballarının artırılması ilə nəticələnməlidir. Yekun nəticədə də təbii ki, nazirlik tərəfindən qərar verildi ki, imtahanlar narazılığı olan müəllimlər üçün yenidən keçirilsin. Ümumi götürsək, əlbəttə, təqdirəlayiq addımdır. Amma bir tərəfdən də yanlış addımdır, deyərdim. O baxımdan ki, digər fənn müəllimlərində hansındakı səhvlər var idi, imtahanlarda onlar da haqlı olaraq imtahanın keçirilməsini tələb edirlər. Bunun belə olmaması üçün vaxtında imtahan sualları tam qaydalara uyğun tərtib olunmalıydı ki, indiki vəziyyətdə üzləşməyək. Amma əlbəttə, nazir bu qərarı verdisə, daha çox etiraz edən toplum Azərbaycan dili və ədəbiyyat müəllimləri idi. Onlar bu etirazların nəticəsini əldə etdilər. Bir növ nazir da onlarla həmrəy olduğunu, eyni fikirdə olduğunu bildirdi. Düşünürəm ki, bu kimi halların qarşıdakı illərdə yaşanmaması üçün artıq yəqin ki, bu ildən tam düzgün bir qərar verərlər. Növbəti illərdə imtahan keçirildiyi zaman artıq səhv suallar, mövzudankənar suallar, çərçivəyə sığmayan suallar öz əksini tapmaz və müəllimlər rahatlıqla imtahanlarını verər, etiraz etməzlər”.
