Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından hasil olunan qazı Türkiyə və Avropa bazarına çıxaran Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun BP Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb.
SOCAR-dan “Yeni Müsavat”a verilən məlumata görə, Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir.
Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında CQBK sahibləri arasında imzalanmış sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq ediblər.

Rövnəq Abdullayev
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür: “Bu, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik”.
SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyduqlarını deyib: “Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.

Qari Cons
Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nın texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyduqlarını bildirib: “CQBK Cənubi Qaz Dəhlizinin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq”.
Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8 faiz), TPAO (19 faiz), AzSCP (10 faiz), SGC Midstream (6.7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz) və NİKO (10 faiz) şirkətləridir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci yarısında magistral qaz kəmərləri ilə 17 milyard 70,4 milyon kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artım deməkdir. Qazın nəqlinin 49,0 faizi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 368,5 milyon kubmetr qaz ötürülüb.
“Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək bu yataqdan 145 milyard kubmetrdən çox qaz hasil edilib. Bu qazın təxminən 98 milyard kubmetrdən çoxu ixrac olunub.
Energetika Nazirliyi bildirir ki, bu ilin 6 ayı ərzində Azərbaycanda ümumilikdə 20,3 milyard kubmetr qaz hasil edilib. Bu həcmin 6,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 milyard kubmetri “Şahdəniz”dən əldə edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 milyard kubmetr qaz hasil olunub. Ümumi qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz, yəni 990 milyon kubmetr artıq olub.
İlin birinci yarısında Azərbaycandan Türkiyəyə təqribən 4,7 milyard kubmetr təbii qaz ixrac edilib. Bunun 2,7 milyard kubmetrdən çoxu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunub. Qeyd edək ki, “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. CQBK ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

İlham Şaban
Enerji sahəsi üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, 2015-ci ilin dekabrında Norveçin “Equinor”(əvvəl “Statoyl”) şirkəti layihədən çıxdığına görə “Şahdəniz” layihəsinin maliyyə operatorluğu SOCAR-a keçib: “R.Abdullayev buna görə SOCAR-ın layihənin 6 illik uğurlu maliyyə operatorluğunu həyata keçirdiyini xüsusi vurğulayır. Bundan sonra Cənubi Qafqaz Boru Kəmərinin texniki istismarı prosesi tamamilə SOCAR-ın nəzarəti altında həyata keçiriləcək. Kəmərlə bağlı hər hansı texniki xarakterli məsələ onunla həll ediləcək. Bu, kifayət qədər məsuliyyətli bir iş, həm də çox yaxşı təcrübə imkanıdır”.
