|
Məmurlar niyə yerində deyil?

Cəmiyyəti ağuşuna alan koronavirus bəlası bu gün də tüğyan edir. Hamıya məlumdur ki, virusun uzun müddətli inkubasiya dövrü, sürətlə yayılması dünya ölkələrini daha tədbirli olmağa, müəyyən qadağalara vadar edir. Qadağa və profilaktik tədbirlər ölkəmizdə də müəyyən olunsa da təəssüf ki, işbazlar bunun da çarəsini tapıblar. Azərbaycan höküməti koronavirusa qarşı mübarizə çərçivəsində məhdudiyyətlərdən sui-istifadə edənləri cəzalandırsa da, cüzdan dolduranlar işbazlıqdan əl çəkmirlər. 2020- ci il toy şənliklərinin qadağan olunduğu vaxtlarda aidiyyatı orqanlarla ticarət edən vətəndaşlar kiminsə cibini doldurmaq hesabına gəlinini evinə dədə-baba adəti, el qaydası ilə, toylu-büsatlı, vağzalı sədaları ilə gətirə bilirdi.Cibində quruşu olmayan kasıbın balasına işləyirdi qanun. Eşitdiyimizə görə, ölkəmizdə iki ildir toy şənlikləri qeyd olunmurdu. Eşidin, lakin inanmayın!Bəlkə də, dünyanın ən ağıllı və millətidir Azərbaycan milləti. Ticarətlərini də şəbəkə şəklində qururlar. Həm özləri yaşayır, həm də yaşadırlar. Bəli, görün nə qədər dahi millətik biz! Cana gələn azarla da alver etməyi bacarırıq! Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən toy, nişan , ad günü mərasimlərinin keçirilməsi haqqında qərar vermişdir. Qərara əsasən, şənliklər 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunmalıdır. Mərasimə daxil olan , yaşı 18 -dən yuxarı olan şəxslər Covid-19 pasportunu təqdim etdiyi təqdirdə şənliyə qatılmaq hüququ qazanır. Bu qanun isə yalnız kağız üzərində keçərlidir. Ağ kağıza köçürülmüş qanunun üzərində rəngli kağızlar rəqs edir. Bəzi qanunlarımız niyə icra olunmur? Qanuna görə , təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasına nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılmalı, monitorinq qrupları təşkil olunmalıdır. Lakin bu günə qədər təşkil olunan el şənliklərində nə yoxlama, nə monitorinq qrupu, nə də bir polis nəfəri gözə dəyib! Nə baş verir? Aidiyyatı qurumların nümayəndələri virusdanmı qorxub hərlənmirlər şadlıq evlərinin həyətinə? Xeyr! Musiqi sədasından, Azərbaycan mətbəxinin ətirli yeməklərinin qoxusundan əvvəl onlar dolya sədası, rüşvət ətri hiss edirlər. Cənab prezidentimiz rüşvət əlehinə mübarizə tədbirlərində vətəndaşları aktiv olmağa, dövlətlə birləşməyə səsləsə də, bəzi vətəndaşlar buna məhəl qoymurlar. Rüşvət verənin də rüşvət alan qədər günahkar olduğunu dərk etmirlər. 2020 –ci il ikinci Qarabağ müharibəsi zamanı xalq dövlətlə həmrəylik nümayiş etdirərək, torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün karonavirus bəlasından qorunmağın, bu bəlaya qalib gəlməyində yeganə yolu dövlətlə birləşmək, qoyulan qadağalara, məhdudiyyətlərə əməl etməkdir. Təəssüflər olsun ki, məmurları maraqlandıran vətəndaşların sağlamlığı, tezliklə bu bəlanın yox olması deyil, ticarətinin qızğın getməsidir. Nə qədər ki fürsət var, çalıb-çapmaq, cibini doldurmaqdır. Rəhmətlik Sabir babamız demiş: “Millət necə tarac olur olsun, nə işim var” Yəni kimin covid pasportu var, kim peyvənd olunub, kim olunmayıb, kim asqırır, kim öskürür maraqlı deyil. Bir sözlə sağ olsun bizim məmurlar , adamın allahı var, o qədər mədənidirlər ki, hər şeyə burun soxmağa ar edirlər. Ar etmədikləri bir şey var, o da vətəndaşın əlinə baxmaqdır. Bəli, vətəndaşın polisə məhrəm əzası təkcə onun əlləridir. Qanun üzərində alver edənlər təkcə polislər deyil, Səhiyyə nümayəndələri də, folklorumuzdakı küpəgirən qarı obrazından fərqlənmirlər. Ciblərini kağızla doldurub hamıya Covid pasportu verirlər. Bu Covid pasportu da xarici pasport kimidir, puluna minnət, əlini cibinə sal pasportunu al. Məktəb müəllimlərinin, zavod işçilərinin və digər müəssisə işçilərinin doxsan faizi Covid pasportu alıb, görəsən, neçə faizi həqiqətən peyvənd olunub? Bax, bu, əməlli-başlı baş sındırmaq tələb edir. Cənab prezident İlham Əliyev öz çıxışlarında vətəndaşları diqqətli olmağa, peyvənd olunmağa, qaydalara riayət etməyə səsləsə də, kürsü tutanlar bu fürsətdən hələ də yararlanmaqdadırlar. Qaz vurub qazan dolduranlar restoran sahibləri ilə müqavilə bağlayıb hər peyvənd olunmayan şəxsə görə 10-15 manat arası rüsum tərtib edənlər də çox güman ki, kontrakt işçiləridir. Digər bir məsələ toya dəvət olunanların sayının 150 nəfəri keçməsidir. Pulunu ver, işini gör. 150 yox 200 nəfər çağır. Müqaviləni imzala, rüsumunu ödə, kimin səndə nə işi. Qanunla ticarət edib, qaydalara məhəl qoymayanlar təkcə toy, şənlik sferasında deyil, digər sferalarda da özünü göstərir. Qanun xidmətçiləri, asayiş keşikçiləri hara baxır? Pul gözlərini bu qədərmi kor edib, insan həyatı və sağlamlığı üzərindən alver edirlər. Filmdə deyildiyi kimi, “Xalqın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var” Lakin indi bu gözəl adətdən qoltuq qullarının təmənnası var.

Özəl yazı

Muxayeva Elida