|
Avropa Məhkəməsi “Sovetski” sakini ilə bağlı qərarını açıqladı

Avropa İnsan Haqları Məhkəməsi Bakı şəhəri, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Bakı fəhləsi küçəsi, 34 saylı evdə yaşayan Zemfira İslam qızı Əliyevanın şikayəti üzrə qərarını açıqlayıb. Qərara əsasən şikayətçiyə 3600 avro kompensasiya ödənməli, 250 avro məhkəmə xərcləri qaytarılmalıdır. Bundan başqa, vətəndaş Zemfira Əliyevanın şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərar icra edilməlidir. Bunun üçün Azərbaycan hökumətinə 3 ay vaxt verilib.

Mübahisənin mahiyyəti budur ki, Zemfira Əliyevaya məxsus əmlak 2011-ci ildə “Sovetski” ərazisində aparılan yenidənqurma işləri çərçivəsində dövlət ehtiyacları üçün alınaraq dağıdılıb. O zaman əmlakın dəyəri dövlət tərəfindən təyin edilən ekspertiza ilə müəyyən edilib. Lakin həmin məbləğ vətəndaş Zemfira Əliyevaya ödənməyib. Məbləğin ödənməməsinə göstərilən əsas da qanunsuz olub. Buna görə də Zemfira Əliyeva məhkəməyə üz tutub. Nəhayətdə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2012-ci il tarixli, 21 sentyabr tarixli, 2-1 inz(103)-765/2012 saylı Qərarına əsasən “Bakı Dairəvi Avtomobil Yolu” layihəsinin həyata keçirilməsi zamanı mövcud avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun tikintisi altına düşən vətəndaşa məxsus daşınmaz əmlakın dəyərinin ödənilməsi qərara alınıb. Bu zaman məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiyməti, 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq müəyyən edilib. Məhkəmə qərar versə də, vətəndaşa dağıdılmış əmlakının dəyəri, müvafiq olaraq dəyərə əlavə edilməli 20 faiz vəsait də ödənməyib. Ölkə daxilində mülkiyyət hüquqlarının bərpa edilməyəcəyini anlayan vətəndaş Avropa İnsan Haqları Məhkəməsinə üz tutmalı olub.