|
Qarabağa girdilər, Bakıdan reaksiya

Dünyanın qabaqcıl media yayım şirkəti olan BBC Dağlıq Qarabağdan bəhs edən sujet yayımlayıb.
BBC telekanalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə bağlı süjet yayıb. Telekanalın əməkdaşı Reda El Mavi işğal altında olan Dağlıq Qarabağa gedərək oradan reportaj hazırlayıb.
Süjetdə diqqət çəkən məqam müxbirin Suriyada gedən müharibədən qaçan 15 min Suriya ermənisinin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsidir. Suriya qaçqınlarına qapı açan Ermənistan hökuməti onları Dağlıq Qarabağda yerləşdirməklə yanaşı vətəndaşlıq da verib.
Reportajda açıq-aydın Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə törətdiyi əks olunur. Rəsmi Bakı BBC əməkdaşının işğal olunmuş torpaqlarımızdan hazırladığı süjetə münasibəti isə başqa tərəfdən sərt olub. 
Xarici İşlər Nazirliyinin etirazına səbəb olan BBC jurnalistlərinin Dağlıq Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan, Ermənistan tərəfdən keçməsidir:
“BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunu pozub. Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir və reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir”.
Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

(ans)