Jurnalistlər üçün tikilən və 2017-ci ildə təməli atılan bina ötən ildən istismara hazır olsa da, evlərin qələm əhlinə paylanması 2020-ci ildə pandemiya səbəbindən təxirə düşdü. Daha sonra isə naməlum səbəbdən builki Milli Mətbuat Günündə də jurnalistlərə paylanması gecikdi. Qeyd edək ki, ötən iki binada mənzillərin paylanması zamanı yol verilən haqsızlıq, bəzi mənzillərin bu peşəyə aidiyyəti olmayan şəxslərə verilməsi xeyli sayda aztəminatlı jurnalist ailəsinin bu imkandan məhrum olması ilə nəticələndi. Həmin ailələr illərdir ucqarlarda daxma kimi mənzillərdə, kirayədə yaşamağa davam edirlər. Lakin Medianın İnkişaf Agentliyindən də bildirildi ki, sonuncu binanın jurnalistlərə verilməsi ilə bağlı qərar yoxdur və bina agentliyə təhvil verilməyib. Ardınca 3-cü binanın şəhid ailələrə və qazilərə paylanması ilə bağlı bir qrup media rəhbəri və QHT rəhbərinin Prezidentə müraciəti vəziyyəti bir qədər də gərginləşdirdi. Jurnalistlər, evə ehtiyacı olan, illərini bu sahəyə sərf edib cüzi əmək haqqı ilə ailəsini dolandıran və qazancı ilə mənzil ala bilməyən, ipoteka tələblərinə cavab verə bilməyərək ondan məhrum olan media nümayəndələri 4 illik gözləntilərinin sonunda belə bir vəziyyətlə üzləşdiklərinə etirazlarını bildiriblər.
Məsələnin bir mühüm cəhəti də ondan ibarətdir ki, 2017-ci ildə Prezident İlham Əliyev bu binanın təməlini qoyarkən onun jurnalistlər üçün tikildiyini elan edib və bu məqsədlə bina tikintisinə pul ayrılıb...
Həmsöhbət olduğumuz jurnalistlər 3-cü binanın dövlət başçısının da zamanında dediyi kimi, mənzil almaq imkanı olmayan jurnalistlərə paylanmasının tərəfdarı olduqlarını, daha sonra isə bu məsələnin köklü həlli üçün jurnalistlərin də sosial ipoteka şərtlərindən faydalanması ilə bağlı qərar verilməsini arzu etdiklərini bildiriblər.
Bəs görəsən, bütövlükdə jurnalistlərin və bu sahədə çalışan peşə sahiblərinin mənzil problemini necə həll etmək olar? Bu sahədə güzəştli ipoteka şərtləri, yoxsa dövlət dəstəyi ilə korporativlərin yaradılması daha yaxşı nəticə verər?

Ramil Osmanlı
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən mənzil eksperti Ramil Osmanlı bildirdi ki, jurnalistlərin və digər aztəminatlı sosial qrupların mənzil-məişət şəraitinin yaxşılaşdırılması hələ ki mövcud ipoteka və digər proqramlar çərçivəsində mümkün deyil: “Bunu hökumət də başa düşür, mövcud şərait də onu qiymətləndirməyə əsas verir. Jurnalistin və ona bərabər tutulan bəzi peşə sahiblərinin aldıqları əmək haqqı işə götürən tərəfindən tam şəkildə rəsmiləşdirilmir. Yəni əmək müqaviləsində göstərilən şərtlər üzrə məvacib almır. Buna görə də, bu şəraitdən məhrumdur. Və ya əmək haqqı olduqca aşağıdır və rəsmi olsa belə bu proqramlardan yararlana bilmir. Hazırda 3 istiqamət üzrə müəyyən proqramlar icra olunur. Biri İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə, biri ümumi və sosial ipotekadan ibarət olan ipoteka proqramı, digəri satmaq öhdəliyi ilə mənzillərin kirayə verilməsi və sonuncu Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlər proqramı. Bunların hər birində müəyyən şərtlər var ki, həmin şərtlər çərçivəsində qeyd etdiyimiz qrupların həmin proqramlardan yararlanması hələ ki mümkün deyil”.
Hökumətin bu sosial qrup üçün hansı addımları ata biləcəyinə gəlincə, R.Osmanlı bildirdi ki, dövlətin KİV üçün həyata keçirdiyi proqram formasında da qarşıda müəyyən işlər görülə bilər. “Əvəzsiz olmasa belə, hazırda hökumət mövcud imkanlarından istifadə etməlidir. İpoteka kreditlərində olduğu kimi aylıq ödəniş şərtləri indiki həcmdə, yəni 500, 600, 800 manat olmamaq şərtilə bunu etməlidir. Hökumət bir tələb irəli sürə bilər ki, hansısa bir sahədə fəaliyyət göstərən Azərbaycan vətəndaşı son 3 il və ya son 2 il ərzində kirayədə yaşadığı və mütəmadi olaraq kirayə haqqı ödəməsi barədə sənəd təqdim edə bilirsə, bu zaman hökumət ona aylıq ödənişi 300 manatdan artıq olmamaq şərtilə mənzil təklif edə bilər.
Bu həm bir tərəfdən öhdəlik məsələsində yanaşmanı dəyişər. Digər tərəfdən də bu gün Azərbaycanda icarə sahəsində mülki müqavilələrin bağlanması böyük problemdir və bunun həllinə gətirib çıxarar. Hazırda icarəyə verənlər bundan yayınırlar, nəticədə vergidən yayınmalara gətirib çıxarır".
Ekspert hesab edir ki, sırf bazar münasibətləri baxımından məsələyə yanaşsaq, bazar iqtisadiyyatı şərtlərində hər hansı sağlam, əmək qabiliyyətli şəxsin dövlət tərəfindən evlə təmin olunması təcrübəsi yoxdur: “Azərbaycan hökuməti ölkədə mövcud mənzil-məişət şəraitini nəzərə alır, imkanlarından istifadə edərək müəyyən proqramlar işləyib ortaya qoyur. Ancaq bu proqramlarda müəyyən problemlər var, satınalmalarla bağlı, mənzillərin bölüşdürülməsi, növbəlilik məsələləri ilə bağlı problemlər var. Bu sahə ilə ictimai nəzarət təmin edilməklə hansısa təşkilat məşğul olmalıdır və hər hansı dövlət icra hakimiyyəti orqanının müdaxiləsi, iştirakı olmadan həyata keçirilməlidir”.
Korporativlərin yaradılmasına gəlincə, R.Osmanlı vurğuladı ki, burada da müxtəlif modellər var: “İpoteka kreditlərində alman modeli dediyimiz bir model var ki, hökumət bu istiqamətdə müəyyən araşdırmalar apardı, xarici təcrübə öyrənildi. Hazırda Mərkəzi Bank bunun bir başqa forması ilə məşğuldur. Belə ki, vətəndaş hansısa bir banka əmanət yerləşdirir, ancaq bu, əmanət deyil, aylıq müəyyən bir məbləğ banka qoyur. Bir neçə ildən sonra bu məbləğ onun ilkin ödənişi kimi qəbul olunur və hər ay ödədiyi vəsaitə uyğun şəkildə ona mənzil verilir.
Korporativlər məsələsində isə hər hansı icra orqanının dövlət tərəfindən bu prosesə qoşulmasından qaçmalıyıq, çünki bu zaman neqativ hallar, korrupsiya məsələsi və sair ortaya çıxır. Müxtəlif dövlət qurumlarının əməkdaşları üçün tikilən evlərlə bağlı da kifayət qədər problemlər ortaya çıxıb. Ona görə də Azərbaycan cəmiyyətinə uyğun olan mexanizm tapılmalıdır, burada ictimai nəzarət məsələsi ön plana keçməlidir. Həm dövlətin nəzarətində olan, həm də ictimai nəzarətin güclü olduğu publik şəxs olarsa, bu zaman hesabatlılıq da təmin olunacaq".
