|
Tural Abbaslı: “Milli-mənəvi dəyər dediyimiz amil doğru-dürüst izah olunmalıdır”

Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi aktual məsələlərdən biridir. Çünki biz 30 il müharibə şəraitində yaşayan, ötən il mənfur düşmən üzərində qələbə qazanmış xalqıq. 44 günlük Vətən savaşı dövründə biz nəinki gənclərimizin, bütövlükdə xalqımızın nə qədər vətənpərvər, öz milli dəyərlərinə sadiq olduğunun bir daha şahidi olduq.

Müharibə şəraitində olan xalqın övladlarına vətənpərvərlik, o sırada hərbi vətənpərvərlik hissinin aşılanması vacibdir. Çünki bu, dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə xalqın gələcəyini müəyyən edən amillərdəndir. Vətənpərvərlik ruhunun aşılanması ailə ilə yanaşı, uşaq bağçalarında da başlamalı, məktəb və universitetlərdə davam etdirilməlidir.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Yeni Müsavata bildirdi ki, bu məsələdə ən böyük yük Təhsil Nazirliyinin üzərinə düşür: ”Sözsüz ki, bizim digər qurumlar da, dövlət və hökumət strukturları da bu işdə aktiv olmalıdır. Onların üzərinə böyük vəzifə düşür. Biz 44 günlük Vətən savaşında  zəfər əldə etdik. Bu zəfəri də yetərincə təbliğ etməliyik. İndi yay ayıdır, ona görə də bu təbliğatları hiss etmirik. Həm gənclər, həm hökumət və dövlət nümayəndələri dincəlirlər, istirahətdədirlər. Amma sentyabrın əvvəllərindən vətənpərvərliklə bağlı təbliğat fəallaşmalıdır. Məktəblərdə, ali təhsil müəssisələrində vətənpərvərlik mövzusunda seminarlar keçirilməlidir. Mətbuatın, televiziyanın üzərinə böyük məsuliyyət düşür. Biz təbliğatımızı bütün gücümüzlə aparmalıyıq. Bununla arxayınlaşmamalıyıq".

Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Hərbi ekspertə görə, gənclərin də bu məsələdə aktivliyi vacib məsələdir: “Zaman, vaxt yerində durmur, hər şey dəyişir. Hər dövrdə aktiv və passiv gənclərimiz olub. Dünyada çox proseslər gedir. Bu proseslərin müsbət tərəfləri olduğu qədər, mənfi məsələlər də baş verir. Bu bizi üzür. Bu gün texnologiya inkişaf etdikcə gənclərimiz arxayınlaşır. Əvvəllər yaşlı nəsil fərqli düşünürdü. İndi gənclərdə tənbəllik yaranıb. Tənbəlliyin sonu yaxşı olmur. Gənclər ailə quranda çətinlik çəkir, cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkir. Onlar dünyadakı inteqrasiyaya qoşulmalıdırlar, formal işlərdən uzaq durmalıdırlar.

Azərbaycanda sənəd üzərində çox işlər görülür. Amma realda ortaya çıxan işlər yoxdur. Aktivliyi mən hiss etmirəm. Gənclər yavaş-yavaş hər şeyi ələ almalıdırlar. Bu gün gənclərin görəcəyi işlər çoxdur. Onlarda arxayınlıq yaranmamalıdır. Biz nəzəri cəhətdən öyrəndiklərimizi, praktikada göstərməliyik ki, uğur əldə edək".

Ü. Cəfərov gənclər arasında boşanmaların sayının artmasının onu narahat etdiyini də söylədi: “O gün bir statistikaya rast gəldim. Son 6 ayda Azərbaycanda 6700-dən çox cütlük boşanıb. Bunun özü cəmiyyətdə məsuliyyətsiz gənclərin olduğunu göstərir. Onlar ailənin müqəddəsliyini anlamırlar. Ailə qurur, 5 il keçməmiş boşanır. Qanunvericilik sərtləşdirilməlidir ki, gənclər ailə quranda bir neçə dəfə düşünsün, atdığı addımın məsuliyyətini anlasın. Ailə birliyi cəmiyyətimiz üçün önəmlidir. Yəni cəmiyyətdə görüləcək çox işlər var”.

Ağ Partiyanın sədri Tural Abbaslı  “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, vətənpərvərliyin təbliğatı üçün vahid xətt olmalıdır:  “Gənclərə vətənpərvərlik hissinin aşılanması bir dövrün işi deyil. Yeni nəslin milli-mənəvi və vətənpərvərlik ruhunda böyüdülməsi bir kampaniya ilə bir-iki il həyata keçiriləcək məsələ deyil. Ailədən, bağçadan insan formalaşana qədər dövlətin düşünülmüş planlı şəkildə yürütmüş olduğu bir işdir, prosesdir. Bağça yaşındakı uşağa bağça, məktəb yaşındakı şagirdə məktəb, universitet tələbəsinə öz yaşına uyğun vətənpərvərlik aşılanmalıdır. Bunun üçün bizim  tariximiz, tarixi qəhrəmanlarımız doğru-düzgün öyrədilməlidir. Milli-mənəvi dəyər dediyimiz amil açılmalı, doğru-dürüst izah olunmalıdır. Biz son 100 ildə müxtəlif siyasi dönəmlər yaşamışıq. Çar Rusiyası,  müstəqillik dövrü və Sovet İttifaqı, kapitalizm və s. Orta statistik Azərbaycan vətəndaşı bu müxtəlif mədəniyyətlərin, təbliğatların içərisində çaş-baş qalıb. Bunun üçün uşaqlara bağça yaşından vətənpərvərlik hissi aşılanmalıdır. Vətənpərvərlik mövzusunda əsərlər yazılmalı, filmlər, o cümlədən cizgi filmləri çəkilməlidir. Verilişlər, sosial videoçarxlar hazırlanmalıdır. Tarixi hadisələrlə bağlı tədbirlər, karnavallar keçirilməlidir. Nadir şahın Kürqovuşanda sultanlığı qəbul etməsi var. Bunlar bizim tarixdir. Biz bu tarixləri qeyd etməklə milli qüruru qaytarırıq. Türkiyə Osmanlı adət-ənənəsinə dönür, tarixinə sahib çıxır. Biz də bundan nümunə götürməliyik.

Hazırda vətənpərvərliklə bağlı vahid iş aparılmır. Bu, bir kampaniya, bir siyasətçinin təbliğatı ilə olan iş deyil. Müxtəlif nazirliklər, Elmlər Akademiyası, Azərfilm və digər qurumlar birgə fəaliyyət göstərməlidir. Çünki indi özfəaliyyətdir, vəziyyət pərakəndədir, vahid xətt, dövlət proqramı hiss olunmur. Baxın, Babək, Şah İsmayıl Xətai və başqa qəhrəmanlar haqqında müxtəlif fikirlər səsləndirilir. Bir tarixçi Babəki qəhrəman hesab edir, digəri onunla bağlı əks fikir səsləndirir. Bu zaman sadə vətəndaşın fikri qarışır. Vahid dövlət xətti olmalıdır, xüsusi proqram hazırlanmalıdır. Sovet dövründə əvvəl oktyabryat, sonra pioner, komsomol, kommunist olurdu. Azərbaycanda isə bu proses pərakəndədir. Vətənpərvərlik hissinin aşılanması pərakəndəlikdən çıxarılıb vahid proqram halına salınmalıdır".