Aprelin 27-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı türkiyəli ilahiyyatçı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Komitənin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ölkəmizdə tarixi məscidlər bərpa olunur, yeni məscidlər inşa olunur. Bu yaxınlarda Qafqazın ən böyük məscidi olan Heydər məscidi istifadəyə verildi və bu bütün Qafqaz müsəlmanları üçün mühüm hadisəyə çevrildi. Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil, digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradılıb. Ölkəmizdə yeni sinaqoqlar, kilsələr tikilir və bərpa olunur.
Səmimi qəbula görə təşəkkür edən Osman Nuri Topbaş qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Topbaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxarığını bildirib. İslamın ədalət, sabitlik və səadət dini olduğunu dünyaya yenidən anladılmasının vacibliyindən danışıb.
Cia.az
