Azərbaycanda son bir ayda nağd pulun ATM və POS- terminallardan çıxarılması azalıb, nağdsız ödənişlər artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin iyun ayı üzrə açıqladığı statistik hesabatlarda qeyd edilir. Belə ki, ötən ay ATM nağd pulun çıxarılması 1 milyard 859 milyon manat olub.
Bu isə öncəki ayla müqayisədə 21 mln. manat azalma deməkdir. Nağd pulun POS- terminallarla çıxarılmasının həcmi isə 80 mln. manat təşkil edib, bu da aylıq müqayisədə 7 mln. manat artım deməkdir. Lakin öncəki ilin ilk yarısında nağdsız pulun çıxarılması 9 milyard 532 milyon manat olduğu halda, cari ildə bu 10 milyard 854 milyon manat manata yüksəlib. Nağdsız ödənişlərdə də atyım qeydə alınıb. 2021-ci ilin iyun ayında POS-terminallarla nağdsız ödənişlərin həcmi 327 milyon manat olub. Bu isə öncəki ayla müqayisədə 14 milyon manat artım deməkdir. Nağdsız ödənişlərin həcmi ilin ilk yarısında isə 1 milyard 764 milyon manat olub. Bu isə öncəki ildə 951 milyon manat olmasını nəzərə alsaq, illik müqayisədə 85% artım deməkdir.
Əlavə edək ki, hazırda POS-terminallarla ödənişlər üçün hökumət vətəndaşlar üçün bir neçə həvəsləndirici alətlərdən istifadə etməkdədir ki, bu ödənişlər böyüsün. Bunlardan biri də innovativ layihə olan “ƏDV geri al” layihəsidir. Belə ki, nağdsız ödənişlərdə “cash back” ƏDV-nin 15% ilə hesablandığı halda, nağdda bu cəmi 10% ilə hesablanır . E-ticarətlə olan ödənişləri həcmi isə ilk yarımildə 2 milyard 292 milyon manat olmuşdur, bu da illik müqayisədə 36% artım deməkdir.
Bəs görəsən, nağdsız hesablaşmaların həcminin artması dövlət və vətəndaş üçün, eləcə də real sektor üçün nə dərəcədə faydalıdır? Bunun hansı üstünlükləri var?

Fikrət Yusifov
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, nağdsız hesablaşmaların faydaları ilk növbədə bütün proseslərin şəffaflaşması və iqtisadiyyatın kölgədən çıxarılmasıdır ki, bu olduqca önəmlidir: “Digər tərəfdən, nağdsız hesablaşmalar həm satıcılara, həm alıcılara rahatlıq təmin edir. ƏDV-nin geri qaytarılması şərtlərinə nəzər salsaq, bu da nağdsız ödənişləri stimullaşdırır. Hətta mən təklif edərdim ki, nağdsız ödənişlərdə ƏDV-nin qaytarılmasını cüzi faizlə yox, elə 18 faiz səviyyəsində müəyyən etsinlər. Ona görə də bu, stimullaşdırıcı tədbirdir. Dünyada gedən proseslər də bizi buna aparır. Xarici ölkələrə səfər edənlər bilir ki, əksər ölkələrdə nağd puldan ümumiyyətlə istifadə etmirsən. Sistemlər o qədər avtomatlaşıb ki, bütün əməliyyatlar nağdsız qaydada həyata keçirilir. Biz də buna gedirik, ancaq heç də bütün fəaliyyət sferalarımızda bu alt yapını qura bilməmişik”.
İqtisadçı alim hesab edir ki, bu mərhələdə əsas problem bazarlardır: “ Xüsusilə də Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində, ümumiyyətlə, nağdsız hesablaşmalarla bağlı təsəvvür yoxdur. Ona görə də bu ticarət mərkəzlərini də nağdsız hesablaşmalarla əhatə etməliyik. Orada ilk növbədə maarifləndirmə, təbliğat işləri aparılmalıdır. İnsanlara izah edilməlidir ki, nağdsız hesablaşmaların əhəmiyyəti nədir. Bu, həm təhlükəsizdir, həm rahatdır. İri ticarət mərkəzlərində müəyyən formada vergidən yayınmalar azala bilər, dövriyyə rəsmiləşər. Artım tempi yaxşı olsa da, hələ ki dövriyyənin böyük olduğu iri ticarət mərkəzlərinin bir çoxu prosesdən kənarda qalıb”.
Qeyd edək ki, hazırda nağdsız hesablaşmalarla bağlı sistemə qoşulmayan ticarət və ictimai -iaşə müəssisələri də var ki, bunlar vətəndaşın bütünlüklə nağdsız ödənişlərə keçidinə əngəl yaradır. Vətəndaş anlayır ki, hansısa situasiyada nağdsız ödəniş edə bilməyəcək və vəsaitini nağdlaşdırmaq üçün ATM axtarmaq məcburiyyətində qalacaq. Bu mənada nağdsız ödənişlərə üstünlük verənlər belə cüzdanlarında nağd pul da gəzdirmək məcburiyyətində qalırlar.
F.Yusifov da vurğuladı ki, bəzi sahələr tamamilə prosesdən kənarda qalıb: “Məsələn, tikinti materialları satılan iri bazarlarda vətəndaşlar ciddi məbləğdə vəsait xərcləyir. Ancaq o satış mərkəzlərinin heç biri nağdsız ödəniş həyata keçirmir, hamısı nağd qaydada işləyir. Əgər cibində kartla oraya getmisənsə sonda bankomat axtarmaq məcburiyyətində qalacaqsan. Bu narahatlıqdır, satıcı üçün də problemdir. Hansısa tikinti materialları mağazasında nağdsız ödəniş tətbiq edilirsə, vətəndaş məmnuniyyətlə gedib alış-verişini orada edəcək və həmin vəsaitin ƏDV-sinin də bir hissəsini geri alacaq. İş adamları da maraqlı olmalıdır ki, alıcıları cəlb etsinlər”.
Hazırda bu sahədəki əsas çətinliklərdən biri də bir bankın digər bankın müştərisindən ATM-dən pul çıxararkən komisson haqqı çıxmasıdır. Bu heç də az məbləğ olmadığından vətəndaş müştərisi olduğu bankın bankomatını axtarmaq məcburiyyətində də qala bilər. Banklar arasında bu məsələdə qarşılıqlı razılaşmanın olmasına gəlincə, F.Yusifov hesab edir ki, bu, banklar arasında qarşılıqlı anlaşma müstəvisində baş verə bilər: “Bu da müştəri üçün bir narahatlıqdır. Vətəndaş öz bankını axtarır, bir bankomat işləmir, gedir başqa yerə, orada pul olmur, bir başqasında növbə olur. Ona görə də, belə bir sistemin olması çox faydalı olardı. Məsələn, pensiya kartları ilə bağlı belə bir qayda var, bu kartlardan istənilən bankomatdan pul çıxarmaq olar, heç bir komission haqqı tutulmur. Digər kartlarla bağlı da belə bir qərar verilə bilər. banklar bunu öz aralarında müqavilə ilə tənzimləyə bilərlər”.
