Toylara icazə veriləndə belə təsəvvür vardı ki, bundan sonra yeni ənənələr formalaşacaq, əndazəni aşan məclislər təşkil olunmayacaq. Ancaq təəssüf ki, öncəki israfçılıq daha geniş vüsət alıb. Üstəlik, toylar çox bahalaşıb. Artıq xına mərasimləri toylardan daha böyük və xərcli keçir. Müğənnilər də xına mərasiminə toya getdiyi qiymətə - 5-10 min manata gedirlər. Dekor, əlavə şou qruplar, yemək və s. gəlib minimum 20 min manat edir. Cütlüklər 1 həftə sonra yenə həmin vurhavurla toy edirlər. İnsanlar bir-biri ilə bəhsə girir, sonda isə xeyir iş borcla, əsəblə bitir.
Teleaparıcı Turan İbrahimov da toylardakı israfçılıqdan gileylənib: “Bəs deyirdiniz pandemiya dərs oldu, bir daha toylarda əvvəlki göstəriş və israfçılıq olmayacaq? Toylar müğənnilərin paradına çevrilməyəcək. Yalan imiş hamısı. Toylarımız əvvəlki qaydada, bol israflı və bol göstərişli şəkildə, qaldığı yerdən, tam sürətlə davam edir”.
Bəs bunun qarşısını dövlət səviyyəsində almaq mümkündürmü? Yoxsa toy mafiyası buna imkan verməz? Hara gedir bu proses?

Aqil Abbas: “Məhdudiyyət qoymaq olmaz, amma maarifçiliklə israfçılığı azaltmaq olar”
Deputat, yazıçı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xalqının öz toy və yas adətləri var. Onun sözlərinə görə, bizdə tez-tez türk toyları ilə müqayisə aparırlar: “Bizdə türklər kimi çay və su verib ”xoş getdin" demək alınmaz. Ancaq türklərin bütün toyları da elə deyil, onlarda toy var ki, 500 min pul xərcləyirlər. Mən türk toylarında çox olmuşam. Elə toylar var ki, səhərə qədər yeyib-içirlər. Yəni bizə Türkiyədən misal gətirirlər, amma bu müqayisə olmaz".
A.Abbas qeyd etdi ki, Rusiya toylarında da iştirak edib: “Onların çox gözəl toyları keçir. Orada ad yazdırmırlar, məsələn, Aqil Abbas 200 manat toya pul atsın. Məclisin ortasında bir nəfər əlində ”podnus"da gəzir, kimisi 5 manat, kimisi 500 manat qaba qoyur, yəni ayrı-seçkilik olmur. Bu işi də bir nəfər görür, məclisdə gəzib pul yığır.
Mən bir dəfə əmi nəvəsinin toyuna 1000 manat atmışdım, qaytardılar, dedilər səhv edirsən. Türklərdə də pulu sinəsinə taxırsan. Türkiyədə 1000 dollar taxdım, evin ağsaqqalı küsdü. Dedi, bu pulu evdə verərsən, burada elə adam var ki, gücü 20 lirəyə çatır, onları təhqir etmiş olursan. Amma bizdə adətlər fərqlidir. Bizdə toy borcdur, aparıb qaytarırsan. Sadəcə, o demək deyil ki, yemək-içmək tək bizdə elədir. Rusiyada da toylarda stol üstündə quş südü də olur".
A.Abbasın fikrincə, Azərbaycanda toylara məhdudiyyət qoymaq olmaz: “Amma maarifçiliklə israfçılığı azaltmaq olar. Məsələn, Bakı toylarında küftə-bozbaş verərdilər, ən yaxşı toy bakılılarda olurdu. Rayonlarda şadlıq evinə icarə pulu verirlər, yemək-içməyi ev sahibi gətirir, qohum-əqrəba da ofisiantlıq edir. Ağdamda toyumda qulluqçular qohumlar idi. Ancaq indi Operativ Qərargah elə şərtlər qoyub ki, anlaşılmazdır. Bu yolla ya toyları ləğv eləsinlər, ya da imkan versinlər. Toy olur, 4 təşkilat onu yoxlayır. Qapıda dayanır yoxlayır ki, bəs zalda 151 adam var. İndi ev sahibi neyləsin, qapıdan qovsun? Mən toyumda 300 adama dəvətnamə vermişdim, 600 adam gəlmişdi. Yəni gah pasport tələb edirlər, gah ”maskan yoxdur" deyirlər. Elə bundansa toylar olmasın. Üstəlik, toya icazə vermisən, yasa da icazə ver ki, 50 nəfər gəlib başsağlığı verə bilsin. Eyni zamanda restoranlar, şadlıq sarayları fəaliyyət göstərirsə, uşaqların əyləncə mərkəzlərinə də icazə verilməlidir. Ümumiyyətlə, dünyada pandemiya olmasın deyə ÜST-dəki virusa oxşayan o adamı gərək oradan ləğv etsinlər".

Novella Cəfəroğlu: “Dövlətimizdən xahiş edirik ki, vahid menyu olsun, kasıb da sevinsin”
Hüquq-müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, toylardakı israfçılıq yığışdırılmalıdır: “Biz toylarla bağlı məsələni qaldırmışıq. Müstəqil ictimai nəzarət mərkəzi yaradılıb. Biz məsələ qaldırmışıq ki, toylarda menyuda dəyişiklik edilsin. Elə menyu olsun ki, həm kasıb, həm varlı istifadə edə bilsin. Biz monitorinq etmişdik. Varlıların toyunda 200-250 min ancaq dekora sərf edilir. Bu dəbdəbədən vaz keçməliyik. Pulun varsa, qızına istədiyini et. Amma bunu camaata göstərmə. Burada nifaq yaradırsan, kasıb ailəsini incidirsən. O qədər pulu dekora verməkdənsə, şəhid ailələrinə versinlər. Əvvəllər toylarda bir plov, ətlə kartof qızartması olurdu. İnsanlar ancaq şənlənirdi. Üç gün, üç gecə toy edirdik. İndi toydan toy iyi gəlmir. Stola 50 cür salat qoyulur, heç biri yeyilmir. Stola 10 cür kolbasa qoyulur, yayın günü insanlar yeyib zəhərlənir. Bəzən bu gün toydan qalanı sabah toya qoyurlar. Toyda musiqinin səsindən qulaq batır. Bu toydur? Bizim öz milli toylarımız heyf deyildi? Toy məsrəfini gündəmə gətirmişik. Dövlətimizdən xahiş edirik ki, vahid menyu olsun, kasıb da sevinsin”.
