|
Toyların qadağan olunması gündəmdə

Azərbaycanda koronavirusa yoluxanların sayı artır, rəqəmlər artıq günlük 200-ü keçib. Azərbaycanla qonşu olan ölkələrdə -Gürcüstan, İran, Türkiyə və Rusiyada vəziyyət daha pisdir. Bu ölkələrlə ciddi əlaqələr, gediş-gəliş var. Bir çox ölkələr xaricdən ölkəyə gələnlərlə bağlı 10 günlük karantin məcburiyyətinə qayıdıb, Azərbaycan isə bu qərarı yeniləmir.

Bakıda son günlər hindistanlı turistlərin  sayının  artdığı müşahidə olunur. Avropa çempionatının keçirildiyi əksər şəhərlərdə  pandemiya partlayışı baş verib-həm Sankt Peterburq, həm də Londonda. Bakıda isə hələ ki stabillik var. Bu stabillik pozula bilərmi? ÜST rəhbəri bəyan edib ki, dünyanın yenidən qapanmaya qayıdacağı gözlənilir...

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “Xarici ölkələrdən gələnlər 10 və ya 14 gün müddətinə mütləq karantində saxlanılmalıdır. Düzdür, xarici ölkələrdən gələnlər orada yaxma analizi verirlər və səhv eləmirəmsə, burada da analiz götürülür. Amma bu kifayət deyil, çünki bu testin spesifikliyi aşağıdır və bütün xəstələnənlərin hamısında üzə çıxara bilmir. Yəni şəxs hətta ağır xəstə olarsa, belə bu test neqativ göstərə bilir. Buna görə karantində saxlanıldığı müddətdə əgər onun gizli xəstəliyi varsa, üzə çıxa bilər və yaxud da həmin karantin müddətində bir, ya iki dəfə onlardan test götürülərsə, xəstəliyi varsa, yüz faiz göstərəcək”.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev 

İnfeksionist qeyd edib ki, ölkəmizdə yoluxma sayı artmağa doğru gedir:  “Çox təəssüf ki, rəqəmlər getdikcə artır. Bu da gözlənilən idi. Çünki artıq bilirik ki, hər dəfə karantin qaydaları yumşalanda artmalar olur. Bu da təbiidir, çünki bu, infeksiya və pandemiyanın qaydasıdır. Toylara da icazə verilib, toylarda yoluxma prossesi daha sürətli gedir. Çünki orada insanlar bir-biri ilə görüşür və sosial məsafəni qorumaq da çətindir. Bu səbəbdən də yoluxma daha sürətli şəkildə artır. Buna görə artımların olması gözlənilən idi. Yəqin ki, bir müddət gözləniləcək, aktiv xəstələrin də sayı artarsa, yoluxma sayında da ciddi artım olarsa, müəyyən qaydalar tətbiq ediləcək,  yenə məhdudlaşdırmalar ola, qaydalar sərtləşdirilə bilər. Düşünürəm ki, yaxın gələcəkdə toyların qadağan olunmasına ehtiyac olacaq. Çünki toyların və daha böyük toplantıların olması yoluxma sayını xeyli dərəcədə artırır”.

Yeri gəlmişkən, Çinin Uhan şəhərindəki Virusologiya İnstitutu COVİD-19 infeksiyasının laboratoriyadan sızması və guya pandemiyadan öncə əməkdaşlarının koronavirusa yoluxması barədə ehtimalları inkar edib. İnstitutun məlumatına görə, virusun süni mənşəli olmasına və ya onun laboratoriyadan sızmasına dair heç bir sübut yoxdur.

“2019-cu il dekabrın 31-dək Uhan Virusologiya İnstitutu COVİD-19 infeksiyasını tədqiq etməyib və onunla qarşılaşmayıb. Müəssisədə heç vaxt koronavirus sintez edilməyib və yaradılmayıb. Bu günə qədər heç bir əməkdaşımız və tələbəmiz koronavirusa yoluxmayıb”, - deyə institut nümayəndəsi bildirib.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru  Qəhrəman Haqverdiyev səhiyyə sahəsində innovativ rəqəmsal  texnologiyalarının tətbiqindən danışdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR  MƏRKƏZİ

Qəhrəman Haqverdiyev

Bu arada səhiyyə işçiləri arasında COVİD-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılıb. Bu barədə danışan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev bildirib ki, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İSİM tərəfindən aparılan COVİD-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb: “Bu, COVİD-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır. Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən UNITY protokollarına uyğun qlobal tədqiqatlar çərçivəsində təklif olunub. Bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilən və yerli şəraitə uyğunlaşdırılaraq aparılan tədqiqatın əsas məqsədi vaksinin effektivliyinin dəyərləndirilməsidir. Eləcə də vaksinin təsir müddətinin qiymətləndirilməsi, yaş, yanaşı gedən xəstəliklər və s. amillərin rolunun araşdırılması kimi vacib olan digər məqamlar da var. Bir sözlə, tədqiqatın hədəfi COVİD-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Sevindirici haldır ki, Azərbaycan bu tədqiqatlardan kənarda deyil. Respublikamızda epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVİD-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır”.

Q.Haqverdiyev əlavə edib ki, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar: “Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında - Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Səhiyyə müəssisəsində çalışan və COVİD-19 xəstəliyinə qarşı peyvənd olunan 1500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edir. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə - layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq.

Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Qeyd edim ki, hər respondentlə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVİD-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi suallara cavabları toplanıb. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik. Belə ki, PZR analizi müsbətdirsə, başqa bir qısa sorğu aparılır və analiz nümunələri bir il ərzində saxlanılması üçün göndərilir.

Beləliklə, il ərzində 1500 səhiyyə işçisi daim müşahidə altında olacaq. İştirakçılar da məmnundur, çünki onlar il ərzində üç dəfə heç bir ödəniş etmədən antitellərin yoxlanılması testindən keçəcəklər, başqa sözlə, sağlamlıq vəziyyətləri daim diqqət mərkəzində olacaq.

Q.Haqverdiyev “Peyvəndlərin effektivliyinin öyrənilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı niyə məhz səhiyyə işçilərini seçdi” sualını da cavablandırıb: “Birincisi, səhiyyə işçiləri yeni növ koronavirus infeksiyasına yoluxma ehtimalı ən yüksək olan həssas əhali qrupudur. İkincisi, onlar Milli Peyvənd Strategiyası üzrə ilk peyvənd olunanlar idi və nəhayət, səhiyyə işçiləri arasında COVİD-19 infeksiyasına dair əldə edilən məlumatlar yalnız virusun ötürülmə xüsusiyyətlərini müəyyənləşdirmək və risk amillərini aşkarlamaq üçün deyil, həm də səhiyyə işçilərini yeni yoluxma hallarından qorumaq üçün vacibdir”.