|
Avropa Azərbaycanın yer aldığı təşkilatı rəsmən dağıtdı - GUAM tarix oldu...

Azərbaycanın vaxtilə GUAM çərçivəsində ciddi əməkdaşlıq etdiyi Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq qərarı veriblər. Batumi Bəyannaməsi adlanan sənəd iyulun 19-da Ukrayna Prezidenti Vladimir Zelenski, Gürcüstan Prezidenti Salome Zurabişvili və Moldova Prezidenti Maya Sandu tərəfindən imzalanıb.

Liderlər bəyan ediblər ki, Aİ ilə assosiasiya barədə saziş islahatların açar yol xəritəsidir və onların həyata keçirilməsinin davamı Avropa İttifaqı ilə assosiasiya etmiş üç həmkar arasında siyasi assosiasiya və iqtisadi inteqrasiya cəhdlərinin dərinləşməsini nəzərdə tutur. “Assosiasiya etmiş üç həmkar üçün Avropa perspektivinin təqdim olunması güclü stimul olacaq və daha dərin və daha geniş islahatlar üçün təkan verəcək. Bu kontekstdə biz, xatırladırıq ki, Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq, Gürcüstan, Moldova Respublikası və Ukrayna Avropa dəyərlərinə hörmət edən və irəli getməyə sadiq olan Avropa dövlətləri kimi, Avropa İttifaqına daxil olmaq üçün sifariş verə bilərlər” - bəyannamədə yazılıb.

Prezidentlər Aİ institutları ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər - bu əməkdaşlıq assosiasiya barədə sazişlə nəzərdə tutulub. Yada salaq ki, hər üç ölkə vaxtilə normal fəaliyyəti olan GUAM-da Azərbaycanla bərabərhüquqlu üzv idi. GUAM-da olan, Aİ ilə assosiativ sazişi imzalamayan yeganə ölkə Azərbaycan üç ölkə ilə birgə əməkdaşlıqdan aralanmışdı. Aİ ilə çoxtərəfli sənədin müzakirəsi hələ də davam edir. Şarl Mişel isə budəfəki regional səfərində GUAM-la bağlı hər hansı ümidə yer qoymadı və üç ölkəni demək olar ki, özü ilə Brüsselə apardı. Bu sənəd iki məsələni gündəmə gətirir. Birincisi, Rusiyanın qonşuluğundakı üç ölkə siyasi və iqtisadi kursunu tam aydın ortaya qoydu. İkinci məsələ, Şarl Mişel Azərbaycandan gülərüz getdi, amma bu istiqamətdə yenə də suallar qaldı...

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu GUAM-ın yarandığı ilk illərə toxundu: “Vaşinqtonun himayəsi və dəstəyi ilə 1990-cı illərin sonunda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatı yarandı. Bu ölkələrin liderləri niyə belə bir təşkilatın yaranmasını zəruri hesab etdilər? 1990-cı illərdə GUAM-a daxil olan 4 ölkəni eyni amillər birləşdirirdi. Birincisi, hər 4 ölkədə separatçı bölgə var idi və hər 4 ölkə ərazi bütövlüyünü təmin etmək istəyirdi. İkincisi, hər 4 ölkə Rusiyanın regional siyasətindən narazı idi və ABŞ-ın dəstəyinə ehtiyac duyurdular. Hazırda durum fərqlidir. Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Azərbaycan Rusiya ilə tərəfdaşlıq münasibətləri qurub. Son illər Azərbaycanla Rusiya arasında siyasi təmaslar, iqtisadi əlaqələr və ticarət artdı. Ona görə də rəsmi Bakının GUAM təşkilatına marağı azaldı və Azərbaycan hakimiyyəti bu təşkilatı siyasi deyil, iqtisadi əməkdaşlıq formatı kimi qəbul etməyə başladı. Azərbaycanın Gürcüstan və Ukrayna ilə iqtisadi əlaqələri mövcud olsa da, Moldova ilə əlaqələri yüksək səviyyədə deyil. Ona görə də rəsmi Bakı GUAM üzvləri ilə ikitərəfli əlaqələrə üstünlük verdi”.

Ekspert üç ölkəni Azərbaycandan fərqləndirən cəhətlərə də toxundu: “Azərbaycandan fərqli olaraq Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqı ilə ”assosiativ sazişlər" imzaladılar. Azərbaycan bu sazişi Brüssellə imzalamadı və strateji sazişi imzalamağı lazım bildi. Ancaq bu saziş hələ hazır deyil. Ona görə də Ukrayna, Gürsüstan və Moldova Azərbaycanı gözləmədən Avropa İttifaqına daxil olmaq qərarı veriblər. İyulun 19-da Ukrayna prezidenti Vladimir Zelenski, Gürcüstan prezidenti Salome Zurabişvili və Moldova prezidenti Maya Sandu tərəfindən Batumi Bəyannaməsinin imzalanması da bundan xəbər verir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bölgəyə səfəri çərçivəsində Gürcüstanda hər 3 ölkənin lideri ilə görüşdü. Şarl Mişel 3 ölkənin liderinə üzvlüklə bağlı vəd vermədi. Buna baxmayaraq, 3 ölkə üzvlüklə bağlı səylərini birləşdirib və Brüssel bu amillə hesablaşmaq məcburiyyətindədir. Bu o deməkdir ki, bundan sonra Gürcüstanın, Ukraynanın və Moldovanın diqqəti GUAM-a deyil, Batumi bəyannaməsinin yerinə yetirilməsinə yönələcək. Beləliklə, regional əməkdaşlıq GUAM-dan Batumi bəyannaməsinə, ABŞ-la ittifaqdan Avropaya inteqrasiyaya inikas olunub. Azərbaycan nə NATO, nə də Avropa İttifaqının üzvü olmaq istəyir. Azərbaycanı Gürcüstandan, Ukraynadan və Moldovadan ayıran da budur. Digər tərəfdən, Azərbaycan Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq ərazi bütövlüyü məsələsində böyük məsafə qət edib. Azərbaycan Batumi bəyannaməsinə qoşulmayacaq, ikitərəfli əlaqələrə üstünlük verəcək".

azer.JPG (24 KB)

Politoloq Azər Hüseynov hər üç ölkədən fərqli olaraq, Azərbaycanın Avropa İttifaqının “aşiqi” olmadığını qeyd etdi: “İlk öncə onu deyim ki, GUAM yaradılan zaman geosiyasi aktual idi. İndi isə deyil. Nə üçün? Çünki Azərbaycandan başqa hər üç ölkə Amerikanın və onun qurduğu Avropa İttifaqının ”aşiqidir". Bu ölkələr Rusiyadan xilas olmağın ancaq bir yolunu bilirlər. Azərbaycan belə etmir. Strateji xətt müstəqil xarici siyasət, dövlət xarakterinin qorunmasıdır. Şarl Mişelin gülə-gülə getməsi onunla bağlıdır ki, Avropanın bizdən karbohidrogen alacağı zəmanətləndi. Ancaq İlham Əliyevin Rusiya səfəri və tərəfdaşlıq vurğusu, Türkiyə ilə qardaşlıq və ittifaq vurğusu o deməkdir ki, bizim öz milli xəttimiz var. GUAM-lar və ya digər qurumlar bizim üçün işlək olduğu zaman aktualdır. Azərbaycan ancaq xarici siyasətini özü müəyyənləşdirir və bunu prioritet hesab edir".