Xalq artisti Flora Kərimova son günlərdə cəmiyyətdə baş verən xoşagəlməz hadisələrə biganə qalmayaraq, sosial şəbəkədə öz mövqeyini bildirib.
Xalq artisti "İnstagram" səhfəsində vəhşi zorakılığa məruz qalan 5 yaşlı uşaq və ət oğurladığı üçün ayağı kəsilən pişik olayından yazaraq, qeyd edib:
“İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Haradadır sizin insanlığınız, mərhəmətiniz? Biri 5 yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Kimsiniz siz? Ölümünüzə qədər lənətlənmişlərsiniz!
Digəri pişiyin ayağını kəsir. Birinci deyil, ikinci deyil, bu gedişlə deyəsən sonuncu da olmayacaq. Bu günahla balana necə çörək aparıb yedizdirə bilirsən? Bu vəhşiliyi tanrı bağışlayacaq? Mən deyəndə ki, Allah sadəcə bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər! Yaradan, yaratdıqlarına bunu rəva bilənlərə rəhm edəcəkmi? Qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram...”
Xatırladaq ki, bir neçə gün öncə narkotik aludəçisi olan ananın sevgilisi ilə birlikdə azyaşlı övladının dilini kəsməsi, obyekt sahiblərindən birinin ət oğurladığı üçün pişiyin ayağını kəsməsi olayı cəmiyyətdə ciddi rezonans doğurub.
