|
Gəncədə 56 yaşlı kişi keçmiş qohumu tərəfindən bıçaqlanıb

Gəncə şəhərində bazar ərazisində keçmiş qohumlar arasında mübahisə yaşanıb, onlardan biri digərinə bıçaqla xəsarət yetirib.

"Report"un məlumatına görə, Göygöl rayon sakini, 56 yaşlı Elxan Abdullayev Gəncə şəhərində bazar ərazisində keçmiş qudası ilə aralarında yaşanan mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, tərəflər arasında öncələr də mübahisə yaşandığı bildirilir.

Bildirilir ki, hadisəni törədən 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, Göygöl rayonunun Topalhəsənli kənd sakini 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, daha sonra hadisə yerindən qaçıb.

Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.