Ukrayna parlamenti marixuananı leqallaşdırmağa hazırlaşır. Belə ki, Ukrayna Ali Radasını spikeri Dmitri Razumkov bildirib ki, parlament tezliklə tibbi marixuananın leqallaşdırılması (sərbəst satışı) və ölkədə dövriyyəsinin tənzimlənməsi haqda qanun layihəsinə baxacaq.
Məlumdur ki, bir sıra digər dövlətlər, o cümlədən qonşu Gürcüstan analoji qanunlar qəbul edib. Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir? Ölkəmizdə də marixuananın tibbi məqsədlə istifadəsinə icazə verilə bilərmi? Bunun hansı neqativ nəticələri ola bilər? Narkomanlıq stimul qazanmaz ki?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışdı: “Bildiyiniz kimi, çox zaman bu məsələlərin üstü açılmır. Eyni zamanda aşağı qatda bu məsələlərə nəzarət edən qurumların və yaxud şəxslərin məsuliyyətsizliyi, həmçinin kimlərinsə gəlir mənbəyi olması nəticəsində narkomaniya geniş yayılıb. Fikrimcə, bu məsələni tənzimləmək üçün müəyyən leqal addımlar atmaq olar. Tutaq ki, şəxsiyyət vəsiqəsi ilə və yaxud pasportla marixuananı əldə edilsə, ən azından bilinər ki, kimlər bu şəbəkəyə aiddir. Məsələnin gizli aparılması təhlükə yaradır. Ona görə də bu məsələ ictimai təhlükə kimi onsuz da narahatçılıq doğurur. Narkomanların, yaxud marixuana istifadə edənlərin qeydiyyatda olması prinsipini əsas götürək, onu gerçəkləşdirmək olar. Yəni bu vəsaitlərin əldə edilməsi sənədlə həyata keçirilir və onların xəstəliyi ilə bağlı məsələ öz təsdiqini tapır.

Fazil Mustafa: “Şəxsiyyət vəsiqəsi ilə və yaxud pasportla marixuana əldə edilsə, ən azından bilinər ki, kimlər bu şəbəkəyə aiddir”
Bildiyiniz kimi, marixuana istifadəsinin gizlin istifadəsi daha çox insanı vərdişə yoluxdura bilir. Amma artıq insanlar biləndə ki, konkret olaraq qarşısındakı şəxs rəsmi şəkildə qəbul olunan narkomandır, bu zaman təhlükə hissi daha çox olur. Ən azından onunla yoldaşlıq etməkdən, bir çevrədə olmaqdan çəkinər. Hər halda bu mövzu ictimai müzakirədən keçməlidir. Çünki cəmiyyətdə də bununla bağlı fikirlər haçalanır. Əslində narkotik vasitələrinin bütün növlərinin qadağan olunmasının tərəfdarıyam. Bütövlükdə bu bəladan qurtulmağın yolu cəmiyyəti bu mübarizəyə səbərbər olunmasını təmin etməkdir. Əsasən də məşğulluqla bağlı məsələni çözmək lazımdır. Çünki insan işsizlikdən, pessimizmdən, ruh düşkünlüyündən belə bir yolu seçməli olur".
Bakıdakı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə mövzuya bu cür şərh bildirdi: “Dünyanın bir sıra ölkələrində, o cümlədən Kanada və Avropada belə bir nümunə var ki, marixuana istifadəsi leqallaşdırılıb. Təbii ki, leqallaşmanın əsas məqsədi ondan ibarətdir ki, insanlar adətən qadağan olunan nələrəsə daha çox meyilli olurlar, nəticədə asılılıq yaranır, bunun üçün cinayət belə törətməkdən çəkinmirlər. Bildiyiniz kimi, bu preparatları qəbul edən insanlarda asılılıq yaranır və təkrar istifadə etmək meyili yaranır. Bu baxımdan bir sıra ölkələrdə asılılığı olan insanlara ciddi göstəriş şərtilə müəyyən dozalarda narkotik preparatlarının satışı mümkün olur. Düşünülür ki, bu yolla bir sıra cinayət əməllərinin qarşısı alınır, insanlar artıq qanunsuz narkotik satışına müraciət etmir, narkotik dairəsində inkişafın qarşısı alınmış olur.

Zülfüqar Yusifov: “Ola bilsin ki, yaxın gələcəkdə bununla bağlı qərarın qəbul edilməsi bizə lazım olacaq”
Amma, əlbəttə ki, cəmiyyəti buna hazırlamaq lazımdır. Əgər ölkəmizdə də belə bir qanun qəbul olunarsa, həmin qanunun çox ciddi təlimatları olmalıdır, o cümlədən də bu proseslə bağlı əhali ciddi şəkildə maarifləndirilməlidir. Beləliklə, düşünürəm ki, ciddi nəzarət altında ölkəmizdə də bu cür qanunun qəbul edilməsi mümkündür və hətta yaxın vaxtlarda lazım olacaq. Çünki narkotikdən asılı olan insanların sayını bilmirik, əksəriyyət müalicədən kənarda qalır. Cinayətlərin azalması, bu problemin “qara bazar”a təsir detallarının azalması nöqteyi-nəzərdən belə bir addımın atılması təqdirəlayiq ola bilər".
2020-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov “Narkomaniya ilə mübarizə” mövzusunda çıxışında deyib. O bildirib ki, onlardan 618-i qadındır: “Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Məncə, artım var, amma şiddətli deyil”.
