|
Bu il Qurban bayramında məscidlərdə namaz necə qılınacaq?

Qurban bayramına sayılı günlər qalıb. Məlum olduğu kimi, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Eyni zamanda xalq arasında “İsmayıl Qurbanı” adlanan bayram özündə böyük bəşəri dəyərləri cəm edib. “Qurban” ərəbcədə “qurbə”, yəni yaxınlaşma sözündən olub, bunu edən insanın əsas qayəsinin məhz Allaha yaxınlaşmaq, Onun razılığına nail olmaq olduğuna işarə edir. Qurani - Kərimin “Kövsər” surəsində buyurulur: “Rəbbinə namaz qıl və (qurban) kəs”.

İslam alimlərinə görə, qurban kəsmək peyğəmbərimizin (s.ə.s) təkid etdiyi sünnət əməldir. İbn Abbasın rəvayət etdiyinə görə, Rəsulullah (s) belə deyib: “Üç şey mənə fərz (əmr) olunub, siz isə bunu könüllü etməlisiniz. Fitr namazı, qurban kəsmək və sübh namazının fərzindən əvvəl 2 rükət sünnət namazı”.

Qurban bayramının daha bir vacib atributu bayram namazıdır. Bayram günü müsəlmanlar Həcdə olub-olmamasından asılı olmayaraq 2 rükətli bayram namazı qılır.

Bayram günü qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətinin bir mərhələsi olaraq zəvvarlar Həzrət İbrahimin məşhur hədisində olduğu kimi, Zilhiccə ayının 10-da Mina vadisinə çıxır və burda qurban kəsmə mərasimi icra olunur. "Qurani-Kərim"də qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yəni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur. Eyni zamanda, bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlinin qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu kimi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmaqdır.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib - Modern.Az Azərbaycan və  dünya xəbərləri

Kənan Rövşənoğlu

Dini ekspert Kənan Rövşənoğlu bildirir ki, qurban kəsməkdə əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allahın razılığını qazanmaqdır: “Qurani-Kərim"in Həcc surəsinin 37-ci ayəsində buyurulur: ”Onların (yəni kəsilən heyvanların - K.R.) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!"

Ayədən də göründüyü kimi, əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allahın razılığını qazanmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həcdə olmayan müsəlmanlar üçün isə bəyənilən əməl sayılır. Bayram günü harada olmasından asılı olmayaraq maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara bağışlaya bilər.

Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər

İslam tarixi mənbələrinə əsasən, Hicrətin ikinci ilindən başlayaraq müsəlmanlar Məhəmməd Peyğəmbərin (s.ə.s) əmri ilə Mədinədə qurban bayramını qeyd etməyə başlayıblar. Qurban bayramı İslamda iki əsas bayramdan biridir. İkinci bayram isə Fitr, yəni Ramazan ayının başa çatması ilə qeyd olunan bayramdır.

Qurban kəsmənin dinin digər məsələlərində olduğu kimi, özünün hökmləri, qaydaları var. Qurban bayram namazından sonra kəsilməlidir. İslam qaydalarına əsasən qurbanlıq heyvan dəvə, inək, qoyun, qoç ola bilər. Qurbanlıq dəvənin yaşı 5, inək 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın.

Hədislərdə buyurulur ki, “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: açıq-aydın tay göz olan, açıq-aydın xəstə olan, axsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan”.

Yaxşı olar ki, qurban kəsən şəxs qurbanlığın 1/3-ni öz ailəsinə, 1/3-ni yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və 1/3-ni isə ehtiyacı olub istəyən imkansızlara versin.

Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır.

Bu heyvanları qurban kəsmək olmaz

Qeyd etmək lazımdır ki, bir sıra digər mövzularda olduğu kimi, qurban bayramı ilə bağlı da bəzi neqativ elementlər qeydə alınır. Qurban bayramının məqsədi insanın Allaha yaxın olmaq, bəndəlik vəzifəsi kimi inşalara yardım etmək, İbrahim (ə) ənənəsində olduğu kimi, ac, ehtiyaclı insanları doyurmaqdır. Qurban bir “ət bayramı” deyil, daha çox yardımlaşmaq, ehtiyaclılara kömək etmək günüdür. Bu səbəbdən də bəzi müsəlman ölkələrində olduğu kimi, kütləvi ət kəsmək, israfa yol vermək bəyənilmir. Daha çox ehtiyaclı insana əl tutmaq, ən azı bayram günü süfrə açmasına dəstək olmaq lazımdır. Bu böyük bayramın hədəfi də budur.

Bu il bayram günü məscidlərdə bayram namazı qılınacaqmı və necə?

Artıq ikinci ildir ki, Qurban bayramı pandemiya dövrünə təsadüf edir. Ötən il pandemiya ilə əlaqədar olaraq bir çox müsəlman və digər ölkələrdə, o cümlədən Azərbaycanda məscidlərdə bayram namazı qılınmadı.

Bu il də bəzi ölkələrdə məscidlərdə bayram namazı qılınmayacaq, bu proses onlayn şəkildə həyata keçiriləcək. Məsələn, Qurban bayramı günlərində Rusiyanın paytaxtı Moskva şəhərində məscidlərdə dini ayınlərin təşkili qadağan olunub. Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəsmisi İldar Ələutdinov bildirib ki, ötən il olduğu kimi, bu il də Qurban bayramı namazı və xütbəsi onlayn şəkildə icra olunacaq. Digər günlərdə isə Moskva məscidləri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Qafqaz Müsəlmanları İdarəsindən Məhərrəm ayı AÇIQLAMASI

Azərbaycana gəldikdə isə Qafqaz Müsəlmanları İdarəsindən “Yeni Müsavat”a verilən açıqlamada bildirib ki, bu il məscidlərdə bayram namazı qılınacaq: “Şəriətə uyğun olaraq Qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərimizdə birgə bayram namazları qılınacaq”.

QMİ həmçinin aşağıdakı tövsiyələrini də qeyd edib: “Bu ilki Qurban bayramını da dünyada hələ də davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs Həcc ziyarəti bu il də təxirə salındı. Dualar edirik ki, pandemiya tezliklə başa çatsın, bütün niyyətində olanlar müqəddəs məkanları ziyarət edə bilsinlər, inşallah. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair aşağıdakı tövsiyələrini çatdırır. Bildiririk ki, qurban kəsmək, əsasən Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edəsiniz".

Məlumatda o da qeyd edilib ki, bayram günləri qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə QMİ-nin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək: “Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hər-hansı məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq. Vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrində əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər.

Qurbanlıqların əvvəlcədən sifariş edilməklə satış şəbəkəsindən alınması ilə bağlı gəldikdə isə, bildiririk ki, müvafiq infrastuktura malik olan satış şəbəkələrinin belə sifarişləri qəbul etməsi nəzərdə tutulur. Sifarişlər onlayn qaydada da həyata keçirilə bilər. Qurban bayramı günü sifarişçilərin istəyinə uyğun olaraq qurbanlıq heyvanların sifariş yerində birbaşa təhvil almaları və yaxud kəsilmiş heyvanların sifarişçinin ünvanına çatdırılması nəzərdə tutulur. Bildiririk ki, bu, şəriət qaydalarına zidd deyil. Belə ki, sifariş və satış məntəqələrindən asılı olmayaraq bütün heyvanlar baytar nəzarəti altında kəsiləcək".

Əlavə edək ki, iyulun 20-si və 21-i Qurban bayramı qeyd edildiyi üçün ölkədə ümumilikdə 4 qeyri-iş günü olacaq. Artıq bayramla bağlı hazırlıqlar da başlayıb. Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.