|
“”Delta" ştammı peyvənd olunan insanlara da keçir" iddiası

Son günlər ölkəmizdə yoluxma sayında artım müşahidə edilməkdədir. Son statistik məlumatlara əsasən, COVİD-19 infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Bəs görəsən, bu artım “Delta” ştammı ilə əlaqədardımı? Ümumiyyətlə, bu ştamdan  ölən varmı? Virusun bu modifikasiyasından özümüzü necə qoruya bilərik? “Delta” peyvənd olunan insanlara da keçir kimi iddialar və faktlar var...

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb:  “Artıq iki gündür ki, dünyada virusa yoluxma sayında artım müşahidə edilməkdədir. Bir müddətlik azalmadan sonra yenidən artım görürük. Amma ölüm sayında ciddi artım qeydə alınmır. Bunların ”Delta" və “Delta+” ştammlarının hesabına olduğu bildirilir".

İnfeksionist “virusun bu variantından özümüzü necə qoruyaq” sualına cavab verib: “”Delta" ştammı koronavirusdur. Yeni bir virus deyil, koronavirusun, sadəcə, mutasiyaya uğramış bir variantıdır. Buna görə koronavirusa aid olan qoruma tədbirləri bu ştamma da aiddir. Birinci yerdə maska taxmaq, sosial məsafəni qorumaq və fərdi gigiyena qaydaları, yəni əllərin yuyulmasından ibarətdir. Burada hər üç qızıl qaydaya nə qədər düzgün riayət olunsa, o qədər də özümüzü virusdan qoruya bilərik.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev

M.Əliyev qeyd edib ki, “Delta” ştammının peyvənd olunanlar arasında da yayılması barədə məlumatlar var: “Bir qədər daha çox təsir göstərdiyi bildirilir. Amma bunlar sübut olunmuş məlumat deyil, sadəcə olaraq, məlumatlardı, yəni fakt yoxdur. Amma nəzərə alsaq ki, burada virusun genomunda, bir genin dəyişikliyi var. Burada mutasiya var və yeni bir virus deyil, bu da koronavirusdur, yəni bütün peyvəndlər virusun bu ştammına qarşı da effektiv olmalıdır. Açığı, bir az şişirdilmiş formada şayiələr gəzir, hansı ki, bu Britaniya ştammına, yəni alfa ştammı barədə də bir müddət əvvəl həyəcanla danışılırdı. Sonra məlum oldu ki, bu heç də o qədər də qorxulu virus ştammı deyilmiş. İndi də ”Delta" ştammı barədə məlumatlar dolaşır. Düşünürəm ki, bir müddət sonra bunun da qorxulu, təhlükəli bir ştamm olmadığı məlum olacaq. Belə çox yüksək sürətlə artması və bir il əvvəlki kimi dalğaların olmasını gözləmirəm".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da  “Delta” ştammının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib. O, bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib. Qeyd edib ki, xəstəliyin gizli dövrü var: “Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər. ”Delta" ştammının Britaniya ştammından 2 dəfə çox yoluxdurduğu qeyd olunur. Bir insanın yoluxdurduğu şəxslərin sayı 5-6 nəfərə çatır. Bu da əvvəlkindən 2 dəfə çoxdur. Bu ştamma yoluxanların sayı arta bilər. İnkubasion dövrü qısadır. Klinik əlamətlərdə bir qədər fərqlər duyulur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, boğaz, baş ağrıları müşahidə olunur. Bəzən mədə-bağırsaq əlamətlərinin də olduğunu qeyd edirlər. Ümumilikdə yoluxduqdan bir müddət sonra klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ dəqiq məlumat yoxdur".

Baş infeksionist deyib ki, peyvənd almayan qruplarda xəstəliyin ağırlığı çoxdur: “Peyvənd 100 faiz qorumasa da, həmin şəxslər xəstəliyi simptomsuz, yüngül keçirirlər. Ölkədə hələ ki yoluxma sayı yüksək deyil. Tarazlığı uzunmüddətli tədbirlərlə əldə etmişik. İnsanlar könüllü olaraq vaksinasiyada iştirak etsələr, infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asanlaşır. Bu istiqamətdə düşünmək lazımdır”.

T.Eyvazov qeyd edib ki, bayramda insanların təması artır, belə yerlərdə maska taxmaq, məsafə gözləmək, gigiyena qaydalarına əməl etmək lazımdır: “Daha aqressiv, yoluxuculuğu yüksək olan ştamm ölkəyə daxil olub. Bu gün ÜST tərəfindən təsdiqlənən peyvəndlərin hamısı yeni ştammlara qarşı effektivdir. Effektivlikdə müəyyən faiz fərqlər ola bilər. Məsələn, vaksinlərin ”Delta" ştammına qarşı təsiri bir qədər azala bilər. Amma hər bir halda indiki vəziyyətdə vaksin daha effektiv üsuldur. İnsanları bayramda, yay aylarında məsuliyyətli olmağa, diqqətli olmağa çağırıram".