Azərbaycanda dövlətin dəstəyi ilə sağmal inək və camışların sığortalanmasına başlanıb. Aqrar Sığorta Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, hələlik kənd təsərrüfatı məqsədilə yetişdirilən 1 yaşdan 7 yaşa qədər südlük inəklər və camışlar sığortalanır.
Qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6,1 faiz, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5 faiz təşkil edir. Sığorta haqqının yarısını dövlət, yarısını isə fermer ödəyir. Beləliklə də qiyməti 1000 manat olan inəyin sığorta haqqı birinci zərf üzrə 31 manat, ikinci zərf üzrə 47 manat, qiyməti 1500 manat olan inəyin sığorta haqqı müvafiq olaraq 46 və71 manat, 2 min manatlıq inəyinki 61 və 95 manat, 2500 manat olan inəyinki 76 və 119 manat, 3 min manatlıq inəyinki 91 və 142 manat, 4 min manatlıq inəyinki 122 və 190 manat, 5 min manatlıq inəyinki isə 153 və 237 manat təşkil edir.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.

Aqrar Sığorta Fondunun rəhbəri Fuad Sadıqovun dediyinə görə, yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq. Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.
Qanunvericiliyə əsasən inək və camışlar Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklərdən; ilan və ya həşərat sancmasından; zəhərli otlar və ya yemlərdən zəhərlənmədən; təbii fəlakətlərdən (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu); yanğından; vəhşi heyvanların hücumundan; üçüncü şəxslərin hərəkətlərindən sığortalanırlar. Üçüncü şəxslərin hərəkətlərinə daxil olan oğurluq, soyğunçuluq və quldurluq riskləri üzrə heyvanın sığorta müqaviləsində göstərilən saxlandığı yerə aşağıda qeyd olunan yollardan biri ilə daxil olaraq əldə edilməsi nəticəsində dəymiş zərərlərə təminat verilir: 1. qırmaq, deşmək, yıxmaq, aşırmaq və ya zor tətbiq etməklə; 2. müxtəlif alət və vasitələrdən istifadə edərək dırmanmaq və ya aşmaqla; 3. itən, oğurlanan və ya qanunsuz yolla əldə edilən açar, onun surəti və ya digər alətlərdən istifadə etməklə; 4. heyvan saxlanılan yerə əvvəlcədən gizli daxil olmaqla.
Bundan başqa, əlavə sığorta haqqı ödəməklə nəzərdə tutulmuş risklərlə yanaşı oğurluq, soyğunçuluq və quldurluq yolu ilə əldə edilməsi nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.
Heyvanın sığortalanması üçün o, qapalı yerdə saxlanılmalı və saxlandığı yer “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalıdır (Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı). Heyvanın “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”na uyğun olaraq qulluq və qidalanması təmin edilməlidir (Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı). Eyni zamanda heyvan peyvəndlənməli və birkalanmış olmalı, onların barəsində məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməlidir.
Sığortaedənlə razılıq əldə olunduqdan sonra müstəqil eskpert tərəfindən sığorta predmetinə - yəni sığortalanacaq heyvanlara baxış keçirilir. Baxışın nəticəsi olaraq tərtib etdiyi sənədlər idarəedici qurumun məsul əməkdaşı tərəfindən təhlil edilərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul olunur.
Qanunvericiliyə əsasən sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir. Sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsinin tam ödənilməsi nəzərdə tutulduqda - hamısı, hissə-hissə ödənilməsi nəzərdə tutulduqda isə sığorta müqaviləsində müəyyən edilmiş ilk hissəsi aqrar sığorta müqaviləsinin bağlandığı gün ödənilir;
Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra və ya sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda, onun tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta hadisəsi olduqda heyvan sahibi sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Bundan sonra zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya ondan imtina barədə qərar qəbul edilir.
Südlük inək və camışların sığortalanmasına başlanması, əlbəttə, heyvandarlıqla məşğul olan fermerlər üçün təsərrüfatı inkişaf etdirmək baxımından mühüm hadisədir. Lakin məlumdur ki, Azərbaycanda heyvandarlıq sahəsində ixtisaslaşmış təsərrüfatlardan əlavə öz həyətində 1-2-3 inək-camış saxlayan vətəndaşlar da çoxdur. Tətbiq olunan sığorta mexanizmi belə vətəndaşları da əhatə edirmi?
Aqrar Sığorta Fondundan suala cavab olaraq mexanizmin bütün heyvanları əhatə etdiyini bildirdiilər: “Heyvan sahibi adi vətəndaşdır, yoxsa fermer, fərqi yoxdur. Əgər qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verirsə, bütün heyvanlar dövlətin dəstəyi ilə sığortalana bilər. Bunun üçün əsas şərtlərə riayət olunması lazımdır. Əvvəla, heyvanları Elektron Kənd Təsərüfatı Sistemində qeydiyyatdan keçirmək, birkalatmaq lazımdır. Heyvanların peyvəndlənməsini hər bir rayon üzrə baytarlıq idarələri, onların kəndlər üzrə nümayəndələri həyata keçirir. Bu, çox asan və ucuz başa gələn prosesdir. Peyvəndləmədən sonra vətəndaş 1651 nömrəsinə - Aqrar Sığorta Fonduna müraciət edir. Fondun yönləndirməsi ilə onun əməkdaşlıq etdiyi sığorta şirkətinin nümayəndələri - ekspertlər gedib heyvanlara, saxlanma şəraitinə baxış keçirir. Bundan sonra heyvan sahibi ilə sığorta şirkəti arasında müavilə bağlanır”.
Sığortalanacaq heyvanın qiymətləndirilməsi necə həyata keçirilir? Fonddan verilən məlumata görə, burada heyvan sahibinin və müstəqil ekspertin rəyi əsasında qərar verilir: “Burada hansısa fikir ayrılığının olması mümkündür, amma razılaşmaya gəlinməsi də çətin deyil”.
Şərtlərdən biri heyvanların qapalı yerdə saxlanmasını tələb edir. Burada nə nəzərdə tutulur: heyvan yalnız tövlə şəraitindəmi saxlanmalıdır? Fond nümayəndəsinin dediyinə görə, burada söhbət heyvanın saxlanması üçün müvafiq şərtlərə cavab verən tövlənin olması nəzərdə tutulur: “Heyvanı saxlayan hər kəs tövləyə də malik olur. Qanunvericilikdəki şərt məhz tövlənin olmasını nəzərdə tutur, bu, heyvanın daim tövlə şəraitində saxlanması kimi anlaşılmamalıdır”.
ASF-dən “Yeni Müsavat”a verilən məlumata görə, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən yaxın gələcəkdə heyvanların bir neçə aylıqdan etibarən sığortalanması nəzərdə tutulur: “Eyni zamanda həm ətlik, həm südlük mal-qara, qoyun-keçilər və arı ailələrinin də sığortalanmasına başlanması nəzərdə tutulur”.
