İnsan hüquqları ilə əlaqəli sayılan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun tanınmasını nəzərdə tutur. Bəzən cins və gender anlayışını eyniləşdirirlər. Lakin onlar eyni məfhumlar deyil.
Cins - bioloji amildir. Bütün insanlar iki bioloji fərd olaraq dünyaya gəlirlər: qız və oğlan. Gender isə sosial vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunu belə izah edir: “Cins” - kişi və ya qadınları müəyyən edən bioloji və fizioloji xarakteristikaya aiddir. “Gender” - müəyyən bir cəmiyyətdə kişi və qadına xas olduğu hesab edilən sosial rollar, davranış, fəaliyyət növləri, xüsusiyyətlər deməkdir".
Hazırda dünyanın bir çox ölkəsində gender, ailə və demoqrafiya problemləri həll edilməyə çalışılır. Azərbaycanda qadınlara bərabər hüququn verilməsi isə XX əsrə dayanır. Belə ki, 1918-ci ildə müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə, İslam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk cümhuriyyət kimi tarixə düşüb. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib.
Hazırda Azərbaycanın idarə edilməsində qadınların rolu böyükdür. Qanunverici orqanda qadınların təmsil olunması, biznes və təhsil idarəetməsində, müxtəlif rəhbər vəzifələrdə qadınların irəli çəkilməsi təqdirəlayiqdir. Ölkəmiz də müstəqillik qazandıqdan sonra gender, ailə və demoqrafiya sahəsində mövcud olan problemlərin həll edilməsinə yönəlik addımlar atılır.
Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bütün sahələrdə, o cümlədən gender məsələlərində gördüyü işlər saysız-hesabsızdır.

Günel Səfərova: “Ailə, qadın, gender yalnız qanunvericiliklə həll olunacaq məsələ deyil”
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə cinsi ayrı-seçkilik yoxdur: “Bizdə hüquq universaldır, qadınlar və kişilər bərabərhüquqludur. Biz qadınların və kişilərin bərabərhüquqluluğunu yox, bərabərimkanlılığını müzakirə edirik. Əslində məsələ çox dərindir. Ailə, qadın, gender məsələləri, gender stereotipləri yalnız qanunvericiliklə həll olunacaq məsələ deyil. Maarifçilik, təhsil, konkret icraedici strukturların işləməsi, eyni zamanda hüquqi müstəvidə qərarların verilməsi ilə həll olunası məsələdir. Kompleks yanaşma tələb edən çox mühüm sahədir.
Bir neçə gün öncə bloger Pantural qadınlarla bağlı təhlükəli mövqe ortaya qoydu. Onun düşüncələri cəmiyyət üçün təhlükəlidir. Məsələ açıq-saçıq geyinən qadınlar deyil. Məsələ qadınlara qarşı zorakılıq tətbiq edən çağırış idi. Düşünürdüm ki, bu məsələ hüquqi müstəvidə daha sərt cəzalandırılacaq, lakin üzr istəməklə kifayətləniblər. Bir çox Avropa ölkəsində və Türkiyədə belə hadisələr olmuşdu. O zaman elə örnək qərar çıxarılıb ki, artıq bu cür hallar baş vermir. Böyük Britaniyada parkda bir qadın zorakılığa məruz qalmışdı. Zorakılıq göstərən şəxsə ömürlük həbs cəzası verildi. Lakin biz bilirik ki, hüquqda cinayət və cəzanın uyğunluq prinsipi var. Amma hakim bu məsələni qəribə şəkildə əsaslandırmışdı. O bildirmişdi ki, bu qərarı ona görə verir ki, britaniyalı qadınlar rahat şəkildə parkda günün istədiyi saatında gəzə bilsinlər. Bu, örnək qərardır".
Müsahibimizin sözlərinə görə, gender, ailə məsələləri haqqında daim düşünülməlidir: “İctimai qınaq hər zaman balansı saxlaya bilmir. Mühafizəkar kəsim də var. Bundan əlavə, informasiyanı doğru qəbul etməyən kəsim mövcuddur. Ona görə dövlətin sərt üzünün göstərilməsi belə məqamda vacibdir. Bizdə genderlə bağlı problemlər bərabər imkanlardan yararlanmaq məsələsidir. Çox ciddi problemlər var bu məsələdə, çox ciddi həllər tələb edir. Təhsildən tutmuş, qadınların hüquqlarının müdafiəsinə, məişət zorakılığından selektiv abortlara qədər, qızlara qarşı cəmiyyətdə formalaşan stereotiplərə qədər. Sadəcə olaraq, cəmiyyətdə bunun həllinə çalışmaq lazımdır”.
![]()
Lalə Mehrəli: “Zorakılıq göstərən kişiləri də biz qadınlar yetişdiririk”
Sosioloq Lalə Mehrəli isə qeyd edib ki, bəzi insanlar gender bərabərliyini səhv anlayır: “Bunu ümumilikdə insan, fərd məsələsi kimi qəbul etmək lazımdır. Qadın-kişi hüquqlarını qadının üstün, kişinin aşağı olması və ya əksi kimi göstərmək olmaz. Tamamilə bərabərhüquqlu fərd kimi qəbul etməklə biz hər iki cinsin nümayəndəsinin hüquqlarını qorumuş oluruq. Qadın hüquqlarını qorumaq yolunda kişi hüquqlarını da tapdalamamış oluruq. Yəni evdə qızlarımıza tərbiyə verəndə ona kişidən üstün olduğunu aşılamamalıyıq. Deməməliyik ki qadınsan, ən ali məxluqsan, kişidən üstünsən. Biz qadına da, kişiyə də təlqin etməliyik ki, həmcinsi və əks cinsin nümayəndələri ilə bərabərhüquqludur. Düzdür, bərabərhüquqlu məsələsini bir çox ailələrdə qəbul etmirlər. Buna səbəb də insanların fərqli təfəkkürə malik olmasıdır. Hər dövrdə ailədaxili problemlər mövcud olub. Qısqanclıq, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu, xəyanət, şiddət və s. cütlüklər arasında narazılıq yaradıb və boşanmalara səbəb olub. Ailədaxili zorakılıq də gündəmdə saxlanmalıdır. Bundan əlavə, qeyd edim ki, zorakılıq göstərən kişiləri də biz qadınlar yetişdiririk. Etiraf etməliyik ki, bu cür düşüncələri özümüz yaradırıq uşaqlarımızın zehnində. Kimisi ətrafında, kimisi ailədə görür. Kimisi başqasını təqlid edir. Alışılmışın içində kortəbii şəkildə davranırlar...”
