Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb. O, prosesin qapalı keçirilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəməyə vəsatət verib ki, ev dustaqlığı başqa yerə getməməyə dair iltizam növündə qətimkan tədbiriylə əvəzlənsin. Onun sözlərinə görə, səhhətində problemlər var, ev dustaqlığının əvəzlənməsi vacibdir: “Burada başqa adamlar da var, ona görə hər şeyi açıq danışa bilmirəm. İstərdim ki, məhkəmə qapalı keçirilsin, müəyyən məsələləri deyim”.
S.Əliyeva jurnalistlərin prosesdə iştirakını nəzərə alaraq qapalı keçirilməsini istəyir.
Hakimlər onun bu istəyini rədd edib.
S.Əliyeva müdir olduğu dövrdə 1 saylı vəkil bürosunda çalışan Anar Canməmmədov deyir ki, 2019-cu ildə rəhbər dəyişikliyindən sonra büroda yoxlama aparılıb. Nəticədə yeyintilər aşkarlanıb.
“Sərdar Qasımov müdir təyin olunandan dərhal sonra büroda yoxlama keçirildi. Məlum oldu ki, vəkillərin müqavilələr üzrə ödənişləri mənimsənilib. Mənim də 5-6 müqaviləm vardı. Mərhum Sərdar müəllim dedi ki, həmin müqavilələr üzrə ödənişlər olmayacaq. Çünki yeyinti olub”, - vəkilin sözləridir.
S.Əliyeva isə vəkillərin ödədikləri pulları ələ keçirməsi haqda suçlamayla razılaşmır:
“Sərdar müəllimi 2019-cu ilin yanvarında mən öz əmrimlə müdir təyin eləmişdim. Çünki Lənkəranda, Gəncədə məhkəmə işlərim vardı, gedib-gəlməli olurdum, büroya vaxt ayıra bilmirdim. Sərdar Qasımov müdir təyin ediləndə aramızda təhvil-təslim olmadı”.
Xatırladaq ki, S.Əliyeva barəsində cinayət işi aylar öncə açılıb. İyun ayının əvvəlində məhkəmənin hazırlıq iclası keçirilən zaman ev dustaqlığına olan Sümbülə Əliyeva məhkəmə zalında həbs edilmiş, bir neçə gün sonra ev dustaqlığına buraxılmışdı.
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.
İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.
İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
