|
Azərbaycanda partiyalar

Azərbaycanda siyasi partiyaların yaranma səbəbləri və tarixi onu göstərir ki, müstəqillikdən bəri fəaliyyət göstərən siyasi təşkilatlar ya Türkiyə, ya da Qərb modellərini əsas götürüb. Azərbaycan Xalq Cəbhəsindən üzü bəri siyasi partiyalar əsasən Türkiyə modelinə üstünlük verib, onların proqramlarında millətçilik xətti üstünlük təşkil edib.

Solçu və liberal partiyalar isə Avropa sosial-demokratlarının modellərinə yaxın fəaliyyət göstərib. Son xəbərlərə görə, hakim YAP bir müddətdir ki, Çin Kommunist Partiyasının təcrübəsini öyrənir. İki partiya arasında əməkdaşlıq memorandumu və intensiv əlaqələr var. Təcrübənin öyrənilməsi məqsədi ilə YAP rəhbərliyindən bir qrup bir neçə dəfə Çinə ezam olunub və bu ölkəni on illərdir idarə edən Kommunist Partiyasının daxili idarəçilik təcrübəsi yaxından öyrənilib. Hətta belə iddia var ki, növbədənkənar qurultaydan sonra həmin təcrübənin YAP-da da tətbiq edilməsi qərara alınıb.

Hər kəsə məlumdur ki, siyasi partiyalar hazırda ciddi böhran içərisindədirlər. Bunun bir səbəbi də təşkilatların ənənəvi fəaliyyət modellərini yeniləyə bilməməsidir.

Oxu.az - Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”

 

Aydın Mirzəzadə: “YAP-ın hansısa ölkənin hakim partiyasının modelini özünə götürməsi yanlışdır”

YAP funksioneri, deputat Aydın Mirzəzadə deyilənlərlə razılaşmır: “Hər bir ölkənin siyasi partiya sistemi özünəməxsusdur. Dünyada elə bir ölkə tapmaq olmaz ki, onların partiya sistemi, quruculuğu eyni cür olsun. Bir modeli digər ölkəyə tətbiq etmək istəyənlər olub ki, onlar da uğursuz olublar. Azərbaycanın partiya sistemi ölkəmizin inkişafına, bugünkü reallığına, inkişaf səviyyəsinə uyğundur. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. İdeoloji cəhətdən sağ mərkəzçi partiya olsa da, cəmiyyətin maraqlarını özündə əks etdirmək üçün ümumxalq partiyasıdır. YAP-ın hansısa ölkənin hakim partiyasının modelini özünə götürməsi yanlışdır. İlk növbədə, bu mümkün deyil. Çünki ölkələrin siyasi sistemləri arasında çox ciddi fərqlər var. YAP-ın bir çox ölkələrin həm hakim, həm də parlament partiyaları ilə əməkdaşlığı var. Bu dünyada yayılmış bir təcrübədir. YAP-la əməkdaşlıq etmək istəyən partiyaların sayı kifayət qədər çoxdur və biz bunu görürük. Çinin Kommunist Partiyası, Türkiyənin AKP-si hakim partiyalardır. Bunlar ilk növbədə, ölkələrin qarşısında duran problemləri həll edirlər. Bu baxımdan əməkdaşlıq var. Amma modeli götürmək mümkün olan bir məsələ deyil. YAP-ın qurultayı gözlənilirdi. Azərbaycan həm də çoxpartiyalı bir sistemdir. Partiyamız seçkidən-seçkiyə hakim partiya olur. Eyni zamanda, YAP heç zaman özünü hakim partiya kimi aparmayıb. Cəmiyyətdə özünün siyasi fəaliyyəti ilə tanınır. Onun qələbəsinin səbəbi apardığı siyasətin cəmiyyət tərəfindən qəbul olunmasıdır. Partiya sədri, cənab İlham Əliyevin fəaliyyəti cəmiyyətin maraqlarına cavab verir. Eyni zamanda, biz qəbul edirik ki, cəmiyyətdə başqa siyasi partiyalar da var. Kim hansı modeli götürmək istəyirsə, bu onun öz işidir. Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir. Onun üçün də hansısa partiyanın Şərq və ya Qərb modelini götürməsi şəxsi işidir. Əsas olan odur ki, seçici hər hansı bir partiyanın, onun nümayəndəsinin fəaliyyətində maraqlarına cavab verən fəaliyyət görsün. Belə olan halda uğurlar qazanılır”.

Əhəd Məmmədli – AĞ PARTİYA

Əhəd Məmmədli: “Türk-İslam dəyərləri ideolojisi üzərində mühafizəkar AĞ Partiya quruldu”

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli: “YAP-ın Çin Kommunist Partiyası ilə əməkdaşlıq etməsi mənim üçün təəccüblü olmadı. YAP zatən Sovet Kommunist Partiyasının davamıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kommunistlər YAP-ı qurub, oldular ”demokrat". Ümumiyyətlə isə Azərbaycanda istər YAP, istərsə də digər müxalif partiyalar heç bir ideologiyaya bağlı deyillər və yaxud eyni ideologiya daşıyıcılarıdırlar. Gəlin baxaq YAP və ya müxalif partiyaların nizamnaməsinə, hamısı eyni şey deyir. Sekulyarlıq, respublika, demokratiya, Qərb dəyərləri və s. Ortaya sual çıxır əgər bu partiyalar hamısı eyni söz deyirsə onda niyə bir partiyada birləşmirlər? Çünki bu partiyalar ideologiyaya deyil, şəxslərə bağlıdırlar. Azərbaycan siyasətində bu vəziyyət 2016-cı ilə qədər davam edirdi. 2016-il də Azərbaycanda Türk-İslam dəyərləri ideolojisi üzərində mühafizəkar AĞ Partiya quruldu. AĞ Partiya, ideologiyasız Azərbaycan siyasi səhnəsinə bir ideologiya gətirdi. Biz istərdik ki Azərbaycan siyasəti şəxslərə, fərdlərə deyil, ideologiyalara bağlı olsun. Fərdlərin deyil, ideologiyaların mübarizəsi getsin. Qardaş Türkiyədə olduğu kimi. Azərbaycan siyasətini ideologiyalar müstəvisinə gətirilib çatdırılmasında AĞ Partiya ilk addımını atıb. AĞ Partiya olaraq digər partiyaları da şəxsiyyətpərəstlikdən ideoloji müstəviyə dəvət edirik".

elsen mustafayev.jpg (186 KB)

Elşən Mustafayev: “Partiyaların sağ və ya sol olması...”

AMİP-in beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev məsələyə geniş şərh verdi: “Bütün dünyada siyasi partiyalar əsasən iki yönümlü-sağ və sol yönümlü olurlar. Bu yönümlərin özlərində də fərqli cinahlar mövcuddur. Sollar dedikdə bu qrupa əsasən sosial demokratlar və bu ideyaların daşıyıcıları olan siyasi partiyalar, məsələn Yaşıllar və s daxildir. Buna həmçinin mərkəzə yaxın sollar deyilir. Həmçinin sol mərkəzdən uzaq olanlar da vardır ki, onlar da kommunistlərdir hansı ki , dünyada normal qəbul olunmurlar. Eyni zamanda sağlar deyəndə mühafizəkar partiyalar nəzərdə tutulur ki, onlara da sağ mərkəz partiyaları deyilir. Onların mərkəzindən uzaq olan siyasi düşüncə isə ifrat millətçilərdir. Zaman-zaman bəzi istisnalar olmaqla bütün dünyada hakimiyyətlərdə təmsil olunan siyasi partiyalar əsasən sol mərkəz və sağ mərkəz partiyalarıdır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, partiyaların sağ və ya sol olması əsasən onların iqtisadi baxışlarına görə müəyyən olunur. Azərbaycanda 1992-ci ildə siyasi partiyalar sistemi yaranandan bu günə kimi bu anlayış bizim siyasi partiyalar arasında hələ də formalaşmayıb. Partiyaların mütləq əksəriyyəti hansı yönümlü olduğunu hələ də müəyyənləşdirə bilməyib. Görürsən ki, bir siyasi partiya dünyada hansısa sol qüvvələrin ittifaqına qoşulmaq üçün cəhdlər edir, onlara özünü sol qüvvə kimi təqdim edir. Üzvlük məsələsi alınmayanda növbəti dəfə sağ qüvvələrin ittifaqına sağ partiya olaraq qoşulmaq istəyir . Yəni acınacaqlı haldır ki, yeni dövrdə 30 illik müstəqillik tarixi olan dövlətin siyasi partiyalarının çoxunun siyasi partiya anlayışından xəbərləri yoxdur. Azərbaycan Milli İstiqlal Partiyası yarandığı gündən rəsmən sağ mərkəz düşüncəyə malik olduğunu deməklə mühafizəkar partiya olduğunu elan edib. Bu günə qədər də bu ideyalara sadiqliyini davam etdirir. Təsadüfü deyil ki, AMİP dünyada çox nüfuzlu sağ mərkəz partiyaları ittifaqlarının 20 ildən artıqdır ki, üzvüdür. Hansı ki, həmin ittifaqlara daxil olmaq çox çətindir və bizi illərlə müşahidə etdikdən, ölkəyə çoxlu sayda fakt araşdırıcı missiya göndərib onlarla eyni dəyərləri bölüşdüyümüzü dəqiqləşdirəndən sonra üzvlüyümüz reallaşıb. Ölkənin siyasi partiyalar sistemini və ən nəhayət demokratik seçki sistemini çökdürən əsas faktor da məhz mövcud siyasi partiyaların bu yönümdə bir qərara gələ bilməməsidir. Baxın, banan dövlətlərini çıxmaq şərtiylə dünyadakı hakimiyyətlər əsasən sağ və sol partiyaların koalisiyası ilə formalaşır. Siyasi düşüncələri eyni olan partiyalar öz ideyalarını həyata keçirtmək üçün çox asanlıqla koalisiyalar yaradırlar, seçkilərdə birgə iştirak edirlər. Onlar üçün əsas hədəf malik olduqları eyni ideyaların həyata keçirilməsidir və bu ideyaların həyata keçməsi üçün birlik lazımdırsa ona rahat şəkildə gedirlər. Mən Azərbaycanda həm iqtidar həm də müxalifət tərəfindən bu günə kimi siyasi yönümünə görə ideya ətrafında koalisiyaların formalaşdığını görməmişəm. Olub ki, müxtəlif zamanlarda bir çox partiyaların ittifaqları formalaşıb. Amma onları vahid bir siyasi dəyər birləşdirmədiyindən hər zaman uğursuz nəticələnib. Hansı ki, yuxarıda dediyim kimi bu dəyərlərdə önəmli yeri partiyaların ölkənin gələcəyini hansı iqtisadi modeldə görməsi əsas rol oynayır. Məsələ ondadır ki, bir çox digər partiyalar kimi 28 ildir hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası da bu problemin içindədir. Bunun da əsas səbəbi siyasi partiya rəhbərliyinin partiya yaradarkən dediyim məsələlər haqqında ümumiyyətlə düşüncələrinin olmamasından və həmin insanların və ətraflarının vaxtilə yaşadıqları Kommunist Partiyası dövrünün təsirlərindən hələ də çıxa bilməməsindən irəli gələ bilər. Hazırda bəzi partiyalarda yeni nəsil siyasətçilər ola bilsin ki, bu tilsimi sındıra bilsinlər. Düşünürəm ki, bu gedişat ölkədəki siyasi partiyaların təbii ələnməsinə gətirib çıxarar və partiyaların sayı indikindən qat-qat az, eyni zamanda, daha keyfiyyətli olar. Əgər bu baş verərsə ölkədə yeni dövr üçün daha fərqli, anlaşılan və dünya siyasi sistemiylə ayaqlaşa biləcək bir siyasi institut formalaşacaq. O zaman ölkə daxilində dayanaqlı siyasi sabitliyin şahidi ola bilərik”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Partiyaların böyük əksəriyyəti şəxslər ətrafında formalaşıb”

REAL-ın icra katibi Natiq Cəfərli bildirdi ki, Azərbaycanda ideoloji partiyalar yox dərəcəsindədir: “Partiyaların əsas xətti, tanıtımı ideoloji tezislərə sadiqliyi, bəyəndiyi, qəbul etdiyi dəyərlərin təbliğatı üzərində qurulur. Amma Azərbaycanda müstəqillikdən bəri partiyalar daha çox şəxslər üzərində qurulub. YAP-ın nizamnaməsinə baxsaq, görəcəyik ki, sağ mərkəzçi partiya kimi özünü təqdim edir. Amma Çin Kommunist Partiyası ilə də əlaqələrin genişləndirilməsinə çalışılır. Burada ideoloji təzad yaranır. Bunun çıxış yolu odur ki, YAP qurultay keçirib, özünü sol partiya, yaxud sosial demokrat elan edir, bu ideoloji ətrafda öz tezislərini yaymağa çalışır. O zaman bu məsələyə anlam vermək olardı. Digər məsələlərdə olduğu kimi bu məsələlərdə də bir ideoloji boşluq var. Açığı deyim ki, belə məsələlərdə coğrafi terminlərlə danışmaq doğru deyil. Azərbaycanda siyasi partiyalar çalışmalıdırlar ki, öz təbliğ etdikləri dəyərlərin daşıyıcılarına çevrilsinlər. O zaman ideoloji partiyalar meydana gələ bilər. İstər iqtidar, istər müxalifət, istərsə də, az tanınan partiya olsun, hələ ki, bunları görmürəm. Azərbaycanda mövcud olan partiyaların böyük əksəriyyətinin adını xalq bilmir. Bunlar şəxs və onun ətrafında qurulmuş partiyalardır. Ən böyük problem budur. Biz REAL olaraq, hər zaman respublika dəyərlərini önə çəkmişik. Təəssüflər olsun ki, partiyaların böyük əksəriyyəti şəxslər ətrafında formalaşıb. Azərbaycanda güclü partiyalar olub ki, sədr gedən kimi nüfuzdan, gücdən düşüblər, gündəmdən itiblər. Ölkədə proporsional sistem bərpa olunsa, o zaman kimin kim olduğu, hansı partiyaların hansı dəyərləri təbliğ etdiyi üzə çıxacaq”.