Kamran Əsədov: “Dərsləri ənənəvi qaydada başlamasaq, inamsızlıq və məsuliyyətsizlik yaradacaq”
Orta ümumtəhsil məktəblərinin yeni tədris ilindən hansı formada başlayacağı haqqında müzakirələr səngimək bilmir. Hətta orta ümumtəhsil məktəblərində yeni qaydaların tətbiq olunacağı barədə xəbərlər də yayılıb. Bir sözlə, dərslərin ənənəvi, yoxsa onlayn qaydada aparılacağı ilə bağlı suallar əksər valideynləri maraqlandırır.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı fikrini bildirib: “İlk növbədə qeyd edim ki, 2020-ci ilin mart ayının 3-dən etibarən Azərbaycanda pandemiya səbəbindən tədris prosesi dayandırılıb. Bu, dünyanın müxtəlif ölkələrində fərqli vaxtlarda həyata keçirilib. Qeyd edim ki, pandemiya dövründə tədrisin təşkili çox çətin bir prosesdir. Çünki burada ən vacib məqam insanlar arasında birbaşa, individual kommunikasiyanın kəsilməsidir və artıq burada alternativ kommunikasiya- elektron resurslar vasitəsilə tədrisin təşkili ortaya çıxır. Etiraf edək ki, dünya ölkələri pandemiya dövründə istər orta məktəb səviyyəsində, istər ali məktəb səviyyəsində tədrisi tam keyfiyyətli təşkil edə bilmədi. Azərbaycan pandemiya dövründə tədrisin təşkilində çevik reaksiya verən, dünyanın ən yaxşı ilk onluğunda olan ölkə oldu. Bizdə mart ayında tədris dayanandan sonra alternativ təhsilalma formaları tətbiq edildi. Teledərs, virtual məktəb, ayrıca Microsoft Teams proqramı vasitəsilə onlayn dərslər keçirildi. Yəni təhsil alanların keyfiyyətli təhsil alması üçün bütün imkanlar yaradıldı. Amma buna baxmayaraq, keyfiyyətli tədrisi təşkil etmək çətin bir prosesdir. Çünki humanitar fənlərdən fərqli olaraq texniki fənlərdə- məsələn, riyaziyyat kimya, fizika, biologiya kimi fənlər individual yanaşma, müəllimlə üzbəüz iş, lövhədə iş, laboratoriyada iş aparılmasını özündə əks etdirir. Həmin fənlərin elektron resurslar vasitəsilə onlayn qaydada yox, ənənəvi qaydada keçirilməsi tələb olunur. Ona görə hesab edirəm ki, 2021-ci ilin sentyabrında tədrisin ənənəvi qaydada başlaması üçün təhsil alanların vaksinasiyası zəruridir. Hətta biz dünya reytinqində ilk yüzlükdə olan universitetlərə baxırıq. Artıq onlar öz tələbələrinə vaksinasiya olunmağı bir tələb olaraq ortaya qoyublar. Yəni normal tədris prosesinin təşkili istənilirsə və nəzərdə tutulursa, mütləq şəkildə burada bütün tədris iştirakçıları vaksinasiya olunmalıdır. Bu gün Azərbaycanda ümumilikdə tədris prosesində 220 min təhsil alan və digər texniki və yardımçı işçilər çalışırlar. Onun 150 mini orta ümumtəhsil məktəblərində müəllimdir. Bu günə olan rəqəmlərə görə çox böyük sayda insan vaksinasiya olunub. Yəni bu gün təhsil prosesində vaksin olunanların sayı kifayət qədər böyükdür. Artıq bilirik ki, 2021-ci ilin may ayının 10-dan ölkədə yaşı 18-dən yuxarı digər vətəndaşlar da vaksinasiya olunub. Bu gün 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və artıq onların böyük əksəriyyəti - 60 mindən çoxu vaksinasiyada iştirak edib. Bu rəqəmlər, təbii ki, bizim normal həyata qayıtmağımıza imkan verir. İstər Azərbaycanda, istərsə də dünyada təhsil alan və təhsil verənlərin vaksinasiya olunması onların normal tədrisə qayıtmasına imkan verir. Amma hətta insanlar yüz faiz vaksin olunsalar belə, bu o demək deyil, ki, biz dayandığımız yerdən - yəni 2020-ci ilin martında davam etməliyik. Pandemiya dövründə tədrisin təşkili qaydaları əvvəlki dövrdən tamamilə fərqlidir, yəni burada ən vacib məqam insan sıxlığının aradan qaldırılması, təmasın azaldılmasıdır”.

Kamran Əsədov
K.Əsədov onu da əlavə edib ki, ən vacib məqam tədris prosesinin məhz bərpasından sonrakı davranışdır: “Çünki biz əvvəlki təcrübəyə baxsaq, orta ümumtəhsil məktəblərində tədrisi 2020-ci ilin sentyabrında başladıq. Amma yoluxma sayı kəskin artdı deyə oktyabrda ənənəvi dərslər dayandı. Eyni zamanda, 2021-ci il fevralın 1-dən başladıq, sonra aprelin 5-də yoluxma sayına görə tədrisin formatını dəyişdik, məktəblilərin ənənəvi təhsilini bağladıq. Amma ali təhsil müəssisələri ilə bağlı artıq bizdə təcrübə var. Belə ki, 2021-ci ilin fevral ayının 1-dən ölkədə tibb təhsil sahəsində olanlar, eyni zamanda mühəndislik ixtisasında oxuyanlar dərslərini ənənəvi qaydada başlayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, 2021-ci il sentyabrın 15-də istər orta məktəblərdə, istər ali təhsil müəssisələrində tam şəkildə pandemiya dövrünün qaydalarına riayət etməklə tədrisə başlıya bilərik. Buna əvvəlki illərdəki təcrübəmiz imkan verir. Eyni zamanda, vaksinasiya olunan insanlarımızın sayı artıq 4 milyonu keçib, orta təhsil məktəbində çalışan işçilərin böyük əksəriyyəti vaksinasiya olunublar. Bütün bu rəqəmlər tədris prosesinin ənənəvi qaydada təşkilinə birmənalı şəkildə imkan verir. Hesab edirəm ki, biz başlaya bilərik və başlamalıyıq. Çünki biz onlayn qaydada, distant formada bütün dərsləri keyfiyyətli təşkil eləyə bilmirik, bu gün bizim texniki və təbiət fənlərin tədrisində şagirdlərin mənimsəmə faizi çox aşağıdır. Digər tərəfdən ibtidai siniflərdə təhsil alan şagirdlər onlayn qaydada yazmağı, oxumağı bilmirlər. Bu vərdişlərin hər biri bizim ənənəvi qaydada tədrisi təşkili etməyimizi qaçılmaz edir. Əlbəttə, qaydalar çərçivəsində ara məsafə gözlənilməlidir. Dezinfeksiya işləri mütəmadi aparılmalıdır , universitetlərdə auditoriyalarda tələbələrin sayı əvvəlki kimi çox olmamalıdır. Onlar bir neçə hissəyə bölünməlidir ki, təmas az olsun. Digər tərəfdən universitetlər dezinfeksiya işlərini mütləq aparmalıdırlar”.
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı fikir bildirib: “Qarşıdakı iki ay ərzində digər təhsilə aid şəxslər vaksinasiya olunduğu halda dərslər ənənəvi qaydada başlanmalıdır. Əgər məqsəd ənənəvi qaydada dərslərin başlanması və insanların sağlığı üçün vaksin etmək idisə, kifayət qədər vaksinasiya olunmuş şəxs var. Bundan sonra dərsləri ənənəvi qaydada başlamamaq, sadəcə, ümumi inamsızlıq və məsuliyyətsizlik yaradacaq. Qeyd etmək lazımdır ki, ümumi təhsil müəssisələrində çalışan 220 mindən artıq müəllim və texniki heyətin 155 min nəfəri vaksin olunub. Bu təhsil müəssisələrində çalışan 34 min nəfər isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.
Peşə təhsili müəssisələrində çalışan 4 500-dən artıq işçi heyətin 3 300-dən çoxu vaksin olunub. Onlardan 685 nəfəri isə əks göstəriş arayışı ilə vaksin olunmayıb. Orta ixtisas təhsili müəssisələrində çalışan 8 000-dən artıq işçi heyətin 4 800-dən çox əməkdaşı vaksinasiya prosesindən keçib. Onlardan 1 700 nəfərdən çoxu isə əks göstərişlə vaksinasiya olunmayıb. Ali təhsil müəssisələrində çalışan 25 mindən artıq pedaqoji heyətin, demək olar ki, yarıdan çoxu, 13 minə nəfər yaxını vaksin olunub. Bu heyətin 5 500 nəfəri isə əks göstərişlə vaksinasiya prosesindən kənarda qalıb. Beləliklə, təhsilin bütün pillələri üzrə 267 mindən artıq pedaqoji heyətin 67 faizi, yəni 180 min nəfəri vaksin olunub. 33 faizi isə bu və ya digər səbəbdən vaksinasiyadan keçməyib".
