İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.
Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Məlumdur ki, Azərbaycanın Əfqanıstanın qanuni hakimiyyəti, eləcə də prezident Əşrəf Qani ilə münasibətləri həmişə yaxşı olub. Əfqanıstan Qarabağda Azərbaycanın haqq işinə siyasi dəstək verib. Əfqanıstan həm də Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan sülhməramlıları Əfqanıstanda uzun müddət fəaliyyət göstərib, ABŞ yükləri bu ölkəyə yükdaşımaları Azərbaycan hava məkanından istifadə etməklə həyata keçirib. ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi prosesi sentyabrda tam başa çatır, amma indidən bu ölkədə, xüsusilə Tacıkistan və Özbəkistanla sərhəddə gərginlik müşahidə olunur. Ölkəmizlə heç bir sərhədi olmayan Əfqanıstandakı vəziyyətin Prezident İlham Əliyevlə müzakirəsi də onu təsdiq edir ki, Azərbaycan bu gərginliyin azalmasına öz töhfəsini verə bilər. Üstəlik, Azərbaycanın ən sadiq müttəfiqi, qardaş ölkə Türkiyə də, Pakistan da Əfqanıstandakı vəziyyətin normallaşmasında maraqlıdır.
Bu hadisələr kontekstində Kollektiv Təhlükəsizlik haqqında Müqavilə təşkilatının Parlament Assambleyasının (KTMT PA) Şurasına sədrlik edən Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin KTMT PA-nın tərəfdaş üzvü institutunun yaradılması haqqında təşəbbüsü də maraq doğurur. Rusiya mənbələri bu ölkələrin ilk növbədə Azərbaycan və Pakistan ola biləcəyi barədə məlumat sızdırıblar. Taliblər Əfqanıstanda gələcək rejimin müttəfiqləri sırasında Türkiyə ilə yanaşı bu ölkələri də görmək istərdi.(«Turan»). Azərbaycan və Pakistanla sıx müttəfiqlik münasibətləri olan Türkiyə KTMT PA tərəfdaşları sırasında ola bilməz, belə ki, NATO üzvüdür. Amma çoxistiqamətli kombinasiya: KTMT (buraya Əfqanıstanla həmsərhəd olan Tacikistan və Özbəkistan daxildir), Azərbaycan-Türkiyə-Pakistan, Türkiyə-NATO, Rusiya-Türkiyə kəsişən qarşılıqlı əlaqə xətləri yaratmağa imkan verə bilər. Cənubi Qafqazda Ermənistan məsələsində olduğu kimi, bu gün Mərkəzi Asiyanın kilid ölkəsi olan Əfqanıstanda sabitliyin təmin edilməsində Azərbaycan-Türkiyə-Pakistan üçlüsünün (o cümlədən Rusiyanın da iştirakı ilə) görə biləcəyi çox işlər var....

Akif Nağı: “Tacikistan prezidentinin Azərbaycan rəhbərliyinə müraciəti...”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əfqanıstanın önəminə toxundu: “Əfqanıstan böyük dövlətlərin maraq dairəsində olan ölkələrdəndir. Ona görə də son 200 ildə fəlakətlər içərisindədir. Maraqlar bitmədiyinə görə fəlakətləri də davam edir. bu ölkə Qərb ekspertlərinin ”Böyük Kolba" adlandırdıqları Mərkəzi Asiyanın əsas ünsürlərindən biridir. Bu onun geostrateji mövqeyi və narkobiznes amili ilə bağlıdır. ABŞ oradan çıxıram deyir. Əslində oyun oynayır, çıxmaq fikri yoxdur, ya da yenidən qayıtmaq üçün çıxır. Rusiya rəsmiləri də oraya girəcəklərinin istisna olunmadığını bildirirlər. Vaşinqton ola bilər ki, SSRİ-nin başına açdıqları oyunu Rusiyaya yaşatmaq üçün bu oyunu oynayırlar. Amma ABŞ-ın oyununda başqa məsələlər də yox deyil. Əsas odur ki , Əfqanıstanda oyunların yeni mərhələsi başlayır. Kimin uduzacağını zaman göstərəcək. Amma uduzanlardan birinin əfqan xalqı olacağı artıq aydındır. Əfqanıstanda normal siyasi proseslər gedir, mövcud hakimiyyət kifayət qədər sivil siyasət yeridir, düzgün münasibətlər, normal siyasi mübarizə sistemi formalaşır. Hətta “Taliban” hərəkatı da əvvəlki terrorist imicində deyil. “Taliban” daha çox siyasi hərəkat kimi fəaliyyət göstərməyə çalışır. Bu Hərəkat vaxtilə ABŞ xüsusi xidmət orqanları tərəfindən Əfqanıstanda SSRİ-yə qarşı istifadə etmək üçün Pakistan mədrəsələrində təhsil alan yoxsul əfqan tələbələrindən formalaşdırılmışdı. Sonradan onlar ABŞ-dan nisbi müstəqilliyini əldə edə bildilər. İndiki şəraitdə bütün bu qüvvələrə imkan versələr, kənardan müdaxilə etməsələr, özlərinin normal siyasi sistemini yarada bilərlər. Amma imkan vermirlər".
A.Nağı Azərbaycan məsələsinə də toxundu: “Prosesə Azərbaycanın müdaxiləsi istənilir. Tacikistan prezidentinin Azərbaycan rəhbərliyinə müraciəti bunu aydın göstərir. Rəsmi Bakıya müraciət olunması bir sıra amillərlə bağlıdır. Azərbaycan uğurlu Qarabağ müharibəsi təcrübəsinə malikdir. Bu təcrübədən yararlanmaq istəyirlər. Azərbaycan Əfqanıstan rəhbərliyi ilə isti münasibətlərə malikdir. Bu amil də müəyyən məqamda həlledici rol oynaya bilər. Eyni zamanda, rəsmi Bakı həm Rusiya, həm də Qərb ilə normal münasibətlərini saxlayır. Əfqanıstanda toqquşan bu iki tərəfin arasında Azərbaycan vasitəçi rol da oynaya bilər. Azərbaycanın Türkiyə ilə unikal münasibətlərini hər kəs görür, iki ölkənin ittifaqının bütün digər güclərdən daha üstün olduğu fikirləri də mövcuddur. Regionda yeni və ya yenidən alovlanan gərginlik ocağı yaranıb. Müxtəlif dövlətlər öz maraqlarından çıxış edirlər. Hər kəs özünün ssenarisinin həyata keçəcəyinə inanır. Amma hadisələrin gedişini heç kəs dəqiq proqnoz edə bilməz. Böyük ehtimalla hadisələr öz məcrasından çıxacaq. Bütün tərəflər üçün ciddi problemlər yaranacaq. Regionda sabitliyin olmasında, Əfqanıstanın sabit inkişafının davam etməsində Azərbaycan və Türkiyə maraqlıdır. Azərbaycan və Türkiyənin prosesdə iştirak etməsi vacibdir. Müəyyən bir məqamda Türkiyə və Azərbaycanın müdaxiləsinə ciddi ehtiyac yaranacaq və bəlkə də regionda əmin-amanlıq Türkiyə ilə Azərbaycanın birlikdə təqdim edəcəkləri ”Yol Xəritəsi" ilə həllini tapacaqdır. Cəsarət edib deyə bilərəm ki, artıq belə bir təcrübə var. Qarabağ məsələsi Azərbaycanla Türkiyənin birlikdə hazırladıqları və Rusiyanın razılaşdığı “Yol Xəritəsi” ilə nizama salınmağa başladı və davam edir. Gürcüstanın Abxaziya probleminin həllinə də bu “Yol xəritəsi”ndə yer var. Yaxın gələcəkdə bunun şahidi olacağıq. Türkiyə və Azərbaycanın birgə “Yol Xəritəsi” siyasəti Əfqanıstan istiqamətində davam edir".
![]()
Azər Hüseynov: “Azərbaycan artıq qlobal oyunçudur”
Siyasi şərhçi Azər Hüseynov Azərbaycanın artıq qlobal oyunçu olduğunu qeyd etdi: “Yeni qlobal konfiqurasiya yaranır. Bunun əsas oyunçularından biri Azərbaycandır. Yeni konfiqurasiya Azərbaycan-Türkiyə, Türkiyə-Pakistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə-Pakistandır. Azərbaycan bir də yeni Avrasiya konfiqurasiyasının əsas nöqtəsidir. Həm də dünyada yaranacaq 20-30 illik yeni status kvonun mərkəzidir. Əfqanıstanda bizim tərəfdaş və qardaş ölkədir. Lap orada ”taliblər" də hakimiyyətə tam yiyələnsə qorxusu yoxdur. Niyə? “Taliban” Pakistanla, Pakistan Türkiyə ilə, Türkiyə bizimlə işləyəcəkdir. Emoməli Rəhman köhnə adamdır. Bilir kiminlə danışmaq lazımdır. Ruslara gəldikdə ruslara bu gün Azərbaycanla tərəfdaşlıq daha çox lazımdır. Biz artıq zəif bir ölkə deyilik ki, bizi KTMT-lərdə əritsinlər. Biz ən mobil orduya malik olan, qlobal maliyyənin tərəfdaşı və bölgənin lideriyik. Bir birinə düşmən olan ölkələri iqtisadi və siyasi formatlarda bir araya gətirən yeganə Cənubi Qafqaz ölkəsiyik. Bizdə İtaliya da iş görür, həmçinin Türkiyə də, Rusiya da. ABŞ da iqtisadi tərəfdaşdır. Bunu Ermənistan, ya da Gürcüstan edə bilirmi? Xeyr. Amma biz nə etməliyik. Biz intensiv iqtisadiyyat, sosial rifah dövləti, vətəndaş iştirakını gücləndirməliyik. Azərbaycan artıq qlobal oyunçudur. Çünki yeni konfiqurasiya da ərazi deyil, resursun optimal istifadəsi önəmlidir".
