|
Mahir Emreli: "Qarabağ" və "Legiya"nı müqayisə edə bilmərəm"

"Hər məşqçinin öz komandası, oyunçuları, hazırlıq planı olur. Ona görə də "Qarabağ" və "Legiya" komandalarını müqayisə edə bilmərəm".

"Report"un məlumatına görə, bunu Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Norveçin "Budyo Qlimt" klubu ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

24 yaşlı hücumçu bildirib ki, Varşava təmsilçisində atmosfer möhtəşəmdir: "Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox yaxşıdır. Rus və ingilscə danışırıq. Komanda yoldaşlarım həm meydanda, həm də kənarda çox pozitivdir. Bunlar mənə çox kömək edir".

Emrelinin sözlərinə görə, komanda yoldaşları kimi, o da "Legiya" azarkeşlərinin qarşısında oynamağı çoxdan gözləyir: "Məşqlərdə onların səsini, dəstəyini eşidirik. Çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir".

Azərbaycan millisinin forvardı "Legiya"nın əsas hücumçusu Tomaş Pekqart barədə də danışıb. O, çexiyalı forvardı tanımaqdan məmnun olduğunu vurğulayıb: "Onun yaxşı karyerası, təcrübəsi var. Kimin oynayacağına baş məşqçi qərar verəcək. Amma mənim üçün önəmli olan komandanın qələbə qazanmasıdır. Zinəddin Zidanın belə bir sözü var: ehtiyatda oturmağı bacarmayan yaxşı futbolçu ola bilməz".

Qeyd edək ki, Norveçdəki ilk oyunda dubl edən Mahir Emreli komandasına vacib qələbə qazandırıb.