Azərbaycanın beynəlxalq yükdaşımalarda mühüm tranzit habına çevrilmək istiqamətində fəaliyyətləri nəticə verməkdədir. Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində öz ərazisində yüksək səviyyəli infrastruktur formalaşdıran Bakı bununla kifayətlənməyərək marşrutu daha cəlbedici etmək üçün qonşu ölkələrlə birgə regional layihələrin təşəbbüskarı kimi çıxış edib. Bu baxımdan, Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşası və istismara verilməsi mühüm addım idi.
Azərbaycanın təşəbbüsü ilə “Bakı-Tiflis-Qars” dəmir yolu xətti faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirilib. 2018-ci ildən etibarən bu marşrut üzrə Əfqanıstan, Türkmənistan yüklərinin BTQ vasitəsilə Türkiyə və Avropaya daşınmasına başlanıb.
Beləliklə, hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu çərçivəsində yükdaşımalarda BTQ-dən istifadə olunur. 2019-cu ildə Çinin Sian şəhərindən çıxan ilk yük qatarı Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Praqaya çatdırılıb. Ötən ilin dekabrında isə Türkiyədən ilk yük qatarı təxminən 8700 kilometr məsafə qət edərək Sian şəhərinə gəlib.
Beləliklə, Azərbaycan ilk mərhələdə beynəlxalq və yerli qurumların perspektivli hesab etmədiyi Bakı-Tiflis-Qars dəmiryol xəttini sürətlə regional nəqliyyat trafikinin mühüm həlqəsinə çevirməyi bacarıb. Nəticələr kifayət qədər yüksəkdir. Belə ki, nu ilin I yarısında Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti ilə 11 084 TEU konteyner daşınıb. Bu, ötən il daşınmış konteynerlərin sayına (11 748 TEU) yaxındır.
![]()
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, BTQ ilə bu ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb. Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb. Əks istiqamətdə isə 552 TEU yük çatdırılıb. Çindən Türkiyəyə 2915 TEU, Türkmənistandan 912 TEU, Özbəkistandan isə 747 TEU yükdaşıma həyata keçirilib.
İndiyə qədər BTQ ilə 33 267 TEU konteyner daşınıb. Burada tranzitin payı 26 828 TEU təşkil edib. Bu isə BTQ ilə daşınan ümumi yükün 81 faizi deməkdir.
BTQ təkcə yükdaşımalar üçün deyil, sərnişindaşımalar üçün də fayda gətirə bilər. Azərbaycan və Gürcüstandan xəttlə Türkiyəyə sərnişin daşınmasının təşkili işlərinə koronavirus pandemiyası üzündən fasilə verilsə də, bu məsələ gündəmdə qalmaqda davam edir. Belə ki, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planına əsasən Türkiyənin Ankara və Qars şəhərləri arasında hərəkət edən “Doğu Ekspresi” qatarının sərnişinləri Bakı-Tiflis-Qars (BQT) dəmir yolu xətti ilə Azərbaycana səfər etməyə təşviq olunacaq. Sənədə əsasən, bu məqsədlə iki ölkənin dəmir yolu qurumlarının, gömrük və sərhəd orqanlarının əməkdaşlıq etməsi, bilet satışının birgə təşkil olunması, turizm şirkətlərinə viza məsələlərində dəstək verilməsi nəzərdə tutulur.
Fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Dövlət Turizm Agentliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi, “Dövlət Dəmir Yolları” şirkəti və “Daşımacılıq” şirkəti həyata keçirəcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 5 ayında dəmir yolu nəqliyyatı ilə 6,1 milyon ton yük, 876,8 min sərnişin daşınıb. 2020- ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7 faiz artım, sərnişin daşınmasında isə 27,0 faiz azalma müşahidə olunub. Orta hesabla sutkada 384 vaqon yüklənib, 327 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, koronavirus pandemiyası faktiki olaraq dəmiryol xəttilə yükdaşımların həcminə ciddi təsir göstərməyib: “Bu dövrdə dəmiryolu ilə yükdaşımalar demək olar ki, azalmayıb. Bu baxımdan, Bakı-Tiflis-Qars dəmiryol xətti region üçün əhəmiyyətlidir: Rusiya və İrana tətbiq edilən sanksiyalar fonunda bu yoldan istifadə imkanları artıb. Digər tərəfdən, Şərq-Qərb nəqliyyat dəhlizi boyunca yükdaşımalar artır. Azərbaycan bu marşrutun cəlbediciliyini artırmaq üçün kifayət qədər ciddi addımlar atıb. Başqa bir məsələ Vətən Müharibəsindəki möhtəşəm qələbədən sonra Azərbaycanın bölgədə nüfuzunun yüksəlməsidir. Bu, imkan verir ki, ölkəmiz üzərindən tranzit yükdaşımaların daha da artırılmasın nail olaq”.
V.Bayramovun fikrincə, BTQ ilə yükdaşımalar artdıqca Azərbaycanın bu prosesdən qazancı da artacaq: “Əlbəttə, ilkin mərhələdə biz böyük gəlirlərdən danışa bilmərik. Amma yükdaşımalar artdıqca, bu, ölkəyə irihəcmli valyuta gəlirlərinin daxil olmasını şərtləndirəcək”.
