ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Kuba hakimiyyətini ölkədə baş qaldırmış etirazlar fonunda güc tətbiq etməkdən çəkinməyə çağırıb. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Sallivan ABŞ-ın Kubada sərbəst toplaşmaq və öz fikrini sərbəst ifadə etmək azadlıqlarını dəstəklədiyini vurğulayıb. Bəyan edib ki, ABŞ öz universal haqlarını tələb edən dinc etirazçılara qarşı hər hansı zorakı hərəkəti qətiyyətlə pisləyir.

Kuba prezidenti Miqel Dias-Kanel isə hakimiyyət tərəfdarlarını arxasında “əksinqilabçı muzdluların” dayandığı təxribatçılara qarşı küçələrə çıxmağa çağırıb. “Biz Amerika imperiyasına satılmış heç bir əksinqilabçı muzdluya imkan verə bilmərik ki, ölkəmizdə stabilliyi pozsun. İnqilabi cavab olacaq”,-prezident dövlət televiziyasının efirində bildirib.
Etirazların başlamasının səbəbi kimi Kubada iqtisadi vəziyyətin ağırlaşması, hakimiyyətin koronavirusa qarşı mübarizənin öhdəsindən gələ bilməməsi və bu kimi digər məsələlər göstərilir.
