Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində planlı fəaliyyətini davam etdirir. İlkin mərhələdə öz ərazisindən Azərbaycana heç bir kommunikasiyanı açmayacağını bəyan edən Ermənistanda artıq dəhlizin mümkün marşrutları, onların işləməsi üçün görüləcək işlər müzakirə olunmaqdadır. Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür, bu, aydındır. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq öz ərazilərinin mühüm bir qismini işğaldan azad edən Bakı həmin əraziləri indi daha uzaqgörən, regional və beynəlxalq layihələrin parçasına çevirməyə çalışır. Bu, bölgədə uzunmüddətli sülhü təmin edəcək, Ermənistanı revanş niyyətlərindən çəkindirəcək çox mühüm prosesdir.
Lakin aydın məsələdir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız siyasi əhəmiyyət kəsb etmir. Ortada həm də iqtisadi maraqlar var. Bir çox mütəxəssislər Çindən Avropaya və əksinə, Hindistandan Avropaya daşımaların Azərbaycan üzərindən reallaşması üçün ölkəmizdə müvafiq infrastrukturun olduğunu əsas gətirərək, Zəngəzur dəhlizinin əlavə xərc tələb etməklə ciddi bir iqtisadi dvident qazandırmayacağı qənaətindədirlər. Onlar Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımaların başlandığı bir vaxtda Bakı-Naxçıvan-Türkiyə marşrutunun rentabelli olmayacağını deyirlər. Hesab edilir ki, əlavə marşrut olsa belə, onu rentabelli edəcək qədər yükdaşımalara nail olunması çətin perspektivdir.

Elşad Məmmədov: “Ölkədaxili və regional iqtisadi inteqrasiya sürətlənəcək”
Bu iddialar nə qədər realdır? Azərbaycan Zəngəzur dəhlizindən yalnız siyasi dividendlər əldə edəcək, yoxsa iqtisadi baxımdan da gəlirli bir layihədir? İqtisadçı-alim Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, Zəngəzurdan keçməklə Asiyanı Avropa ilə birləşdirəcək yeni dəhlizin iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür: “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti ilk növbədə regional inkişafla bağlıdır.Çünki unutmaq lazım deyil ki,dünyada və regionda formalaşan yeni iqtisadi reallıqlar çərçivəsində regional inteqrasiya olduqca böyük önəm daşıyır. Hesab edirəm ki, bu, tədricən xarici iqtisadi siyasət nöqteyi-nəzərdən bütövlükdə bölgə dövlətlərinin prioritetinə çevrilməlidir. Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Zəngəzur dəhlizi ilk növbədə daxili iqtisadi proseslər baxımından yüksək əhəmiyyətə malikdir. Naxçıvanla birbaşa əlaqə imkanı ölkə daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək, Naxçıvanda sənayeləşməni sürətləndirəcək. Digər tərəfdən isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafına təkan verəcək. Dəhliz boyu infrastrukturun işləməsi əlavə iş yerlərinin açılması, bölgənin inkişafı deməkdir”.
İqtisadçı-alim bildirir ki, Zəngəzur dəhlizi həmçinin xarici iqtisadi əlaqələr baxımından perspektivli layihədir: “Əvvəla, Azərbaycan beynəlxalq yükdaşımalar üçün öz ərazisindən bir deyil, iki marşrut təklif edə biləcək. Nəzərə almalıyıq ki, xarici tərəfdaşlar, beynəlxalq güclər bölgənin tam iqtisadi inteqrasiyasına imkan verəcək layihələri dəstəkləyirlər. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının ardınca Azərbaycanın regional iqtisadi layihənin təşəbbüskarı kimi çıxış etməsi uğurlu bir siyasətdir. Məhz bu təşəbbüslə Azərbaycan regionda davamlı sülhün təmin olunmasının tərəfdarı olduğunu göstərir ki, bunun da beynəlxalq səviyyədə səssiz qarşılanmayacağı aydındır. Bu baxımdan, Azərbaycan Zəngəzur dəhlizi ilə öz məhsullarını başqa bazarlara çıxartmaq üçün əlavə imkan qazanmaqla yanaşı, Cənubi Qafqazın qalan hər iki ölkəsi üzərindən yükdaşımaları təmin etmək üçün hazır infrastruktur təklif etmək kimi böyük üstünlük əldə etmiş olacaq. Bu isə ölkə ərazisindən keçəcək yüklərin həcminin artmasına və daha böyük gəlirlərin əldə olunmasına imkan verəcək”.

Vüsal Qasımlı: “Bu dəhlizdə iqtisadi maraqları təmin olunacaq güclər çoxdur”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə hesab edir, “Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir: “Vətən müharibəsində Qələbəsi ilə geo-strateji və geo-iqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tiflis-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirir və böyük Avrasiya coğrafiyasının ”çeşidləmə mərkəzi"nə çevrilir. Suveyş kanalında hadisə Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb. Hazırda Çindən Avropaya gedən nəqliyyat vasitələrinin sayı artdıqca, əks istiqamətdə də nəqliyyat vasitələrinin işləməsinə ehtiyac yaranır ki, xərclər aşağı düşsün. Üstəlik, “Zəngəzur dəhlizi”nə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir".
Mərkəz rəhbəri qeyd edir ki, illik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya çatan Avropa İttifaqı və Çin “Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır: “Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün ”Zəngəzur dəhlizi" əhəmiyyətlidir. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. Okeanlarda Kamçatkadan Malay yarımadasına qədər “birinci ada zənciri” ilə üzləşən, eyni zamanda coğrafiyasının qərb dərinliklərində daxili regionlarını inkişaf etdirmək istəyən Çin Orta dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur marşrutunu dəstəkləyir. Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda deyirdi ki, “Bir kəmər, bir yol" müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir... ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram". Bakı dəniz limanını “yaşıl liman” olaraq qəbul edən Avropanın da “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var. Yeri gəlmişkən, 2020-ci ildə COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Aydınlıq üçün deyək ki, 2020-ci ildə “EU-China Express” yük qatarlarının daşıması əvvəlki illə müqayisədə 65 faiz artıb. Bakı Limanında son 5 ilin göstəriciləri ilə müqayisədə TIR aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb".
V.Qasımlının sözlərinə görə, Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də “Zəngəzur dəhlizi”ndə kommersiya baxımından maraqlıdır: “Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də ”Zəngəzur dəhlizi" yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır".
