Qərb artıq ölkəmizlə bağlı əməkdaşlığının sırf karbohidrogen ehtiyatları üzərində qurulduğunu tam etiraf edir. Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyi Avropa Komissiyasının rəsmi veb saytında yayımlanan çıxış-məqaləsində ölkəmizlə bağlı bildirib ki, Bakıda görüşlərində strateji məsələlər, enerji tərəfdaşlığı barədə danışıb.

Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə görüşüb. Aİ rəsmisi öz Twitter hesabında isə görüş zamanı “Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planının potensialı ilə bağlı geniş fikir mübadiləsi apardıqlarını” yazıb.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsindən danışmaq üçün əsaslar var: “Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Avropa Komissiyasının rəsmi veb saytında yayımlanan çıxış-məqaləsində ölkəmizlə bağlı əks olunan dəyərləndirmələr və səmimi etiraflar məni sözün əsl mənasında heyrətləndirdi. Doğrudur, Avropa İttifaqının ayrı-ayrı sahələrə görə məsuliyyət daşıyan komissarları bu günədək, bir qayda olaraq ölkəmizə münasibətdə balanslı mövqe nümayiş etdirməyə çalışıblar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndiriblər.

Elçin Mirzəbəyli
Amma Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin çıxış-məqaləsi tamamilə fərqlidir və pozitiv notlarla, gələcəyə olan böyük ümidlərlə zəngindir. Elə Oliver Varhelyin də səfərinin zəngin olduğunu deyir. Azərbaycanın COVİD-19 pandemiyasının gətiridiyi böhrandan ən az ziyan çəkdiyini qeyd edir və buna görə xalqımıza, dövlətimizə təşəkkürünü bildirir. Təbii ki, bu təşəkkür də Azərbaycanın pandemiyaya qarşı mübarizədə nümayiş etdirdiyi əzmə, qlobal tədbirlərə verdiyi dəstəyə və yardıma ehtiyacının olmamasına görədir. Təsadüfi deyil ki, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı təxminən 1 səhifəlik çıxış-məqaləsində Azərbaycanı bir neçə dəfə “çiçəklənən ölkə” adlandırır. Həmçinin Cənubi Qafqaz bölgəsinin çiçəklənməsi üçün ölkəmizin əsas, açar mövqeyə malik olduğu vurğulanır. Avropa İttifaqının bu səbəbdən, Azərbaycana münasibətdə fərqli bir yanaşma ortaya qoyacağını, güclü Azərbaycanla birlikdə bütün regionun maraqlarına cavab verən birgə layihələr həyata keçirəcəyinin anonsu verilir, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın böyük önəmini qeyd olunur, bölgəyə böyük investisiyaların məhz Azərbaycan üzərindən yatırılacağı, yeni kommunikasiya layihələrinin həyata keçiriləcəyi bildirilir.
Qeyd edim ki, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin regiona səfəri çərçivəsində Cənubi Qafqazın aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi, qənaətimə görə çox ciddi bir faktdır və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonra bütün istiqamətlər üzrə sürətlə inkişaf edəcək perspektivindən xəbər verirE
Oliver Varhelyinin səfəri Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu isə, şübhəsiz ki, ölkəmizin uğurudur".
Bir sıra siyasi anlaitiklər isə bildirir ki, illərdir Qərbin üzərində dayandığı əsas məsələ enerji təhlükəsizliyidir. Bunu əvvəllər gizlədərdilər, yaxud, başqa formada ifadə etməyə çalışardılar. İndi artıq hər şey açıq etiraf olunur.
Əvvəllər Avropadan, ABŞ-dan gələn diplomatlar müxalifətlə təmas edər, qəzetçilərlə görüşər, QHT təmsilçiləri ilə kofe içərdilər. Bununla da fəaliyyətlərinə demokratik görüntü verərdilər. İndi isə müxalif tərəflərlə görüşlərə lüzum belə görmülər.
Hakimiyyət də Qərb diplomatların müxalifətlə görüşməsinə gərək olduğunu düşünmür. Müxalifətin “iqnora” qoyulması əslində həm də hökumətin tələbilə baş tutur. Bir vaxtlar demokratiya qaz verənlər, indi demokratiyanı qazla boğurlar.
Bəs, müxalifət Aİ komissarının Bakıya gəlib, onlarla təmas qurmamasına necə baxır?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhleyin Bakıya səfər etməsi, hökumət yetkililəri ilə görüşməsi həm Aİ üçün, həm də Azərbaycan üçün müsbət haldır və müxalifət bundan qətiyyən narahat deyil: “Bəllidir ki, görüşdə İqtisadi və İnvestisiya Planının potensiyalı müzakirə olunub. Ən əsası isə strateji məsələ olan enerji tərəfdaşlığı barədə danışıqlar aparılıb. ABŞ da daxil olmaqla bütövlükdə qərb Avropanı Rusiyanın neft-qaz asılılığından azad etməyə çalışırlar. Bu baxımdan Azərbaycan çox əhəmiyyətli rola malikdir. Qərbin marağındadır ki, həm Azərbaycan ilə, həm də Azərbaycan üzərindən Orta Asiya ölkələri ilə enerji resursları məsələsində əməkdaşlıq etsin. Odur ki, biz bu istiqamətdə Aİ ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsi elə müxalifətin uzun illərdir istədiyi məsələlərdəndir. Əsas məsələ budur. Bakıya gəlib müxalifətlə görüşmürlərsə bunu faciəyə çevirməyə ehtiyac yoxdur”.

Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, həqiqətən də artıq bütövlükdə qərb dövlətlərinin və qərb institutlarının rəsmiləri Azərbaycana maraqlarının artdığını gizlətmirlər. Son dövrlər niyyətlərini açıq ifadə etməyə başlayıblar: “Artıq heç kimə sirr deyildir ki, Qərbin əksər təşkilatları üçün demokratiya, insan haqları və bu kimi dünyəvi dəyərlər əsas məqsədlərinə çatmaq üçün Azərbaycan kimi dövlətlərə bir təzyiq vasitəsidir. Hansı ki, bu zamanadək də bundan öz məqsədləri naminə geninə-boluna istifadə ediblər. Əsas məqsədləri isə artıq ortalıqdadır: karbohidrogen və enerji təhlükəsizliyiE Təbii ki, onların da öz maraqları var. Bu başa düşüləndir. Başa düşülməz olan Azərbaycan demokratik düşərgəsinin belə şəxsi maraq daşıyıcılarından illərdir demokratiya mədəti ummalarıdır. Artıq bütün çılpaqlığı ilə görünür ki, Azərbaycanda demokratik dəyərlərin aliliyini yalnız və yalnız Azərbaycan cəmiyyəti qurmalıdır.
Heç şübhəsiz aparıcı müxalifət partiyalarının rəhbərləri ilə son dövrlər beynəlxalq qurumların rəhbərlərinin, qərb institutlarının rəhbərlərinin ölkəmizə səfərləri zamanı görüşməməsi isə ayrıca problemdir. Müxalifət partiyaları cəmiyyətin aparıcı qüvvələridir. Bu günün müxalifəti sabahın iqtidarıdır. Belə sayqısız yanaşma ifadə etməklə qərb institutları nəyə nail olmaq istəyir anlaşılan deyil. Hesab edirəm ki, Azərbaycan müxalifəti, demokratik düşərgə təmsilçiləri də bütün bunları nəzərə alaraq beynəlxalq siyasətlərinə yenidən baxmalıdır. Bu kimi addımlarla qərb institutları mahiyyətlərini bizlərə göstərmiş olur. Bu səbəbdən də hesab edirəm ki, düşərgəmiz bu məsələləri yenidən nəzərdən keçirsə yaxşıdır. Şəxsən rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyası bu məsələlərlə bağlı xüsusi dinləmələr keçirib özünün beynəlxalq siyasətinə yenidən baxacaqdır".
