|
Prezidentə müraciətlərin ardı-arası kəsilmir

Xəbər verildiyi kimi, Müsavat başqanının müavini, vicdan məhbusu Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun ölümü ilə bağlı 7 günlüyünə azadlığa buraxılıb. Qızının ölümündən sonra başqan müavininin əfvə düşməsi məsələsi aktuallaşıb. Bir sıra siyasi qurumlar T.Yaqublunun azad olunması üçün ölkə prezidentinə müraciət ediblər.


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  T.Yaqublunun əfv olunması üçün artıq ikinci  dəfə ölkə prezidentinə müraciət edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası  Ali Məclisi də müraciətində Tofiq Yaqublunu  əfv etməyə çağırıb. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu da əfv üçün  müraciət edib. Bütöv Azərbaycan Ocaqları da vicdan məhbusunun azadlığa çıxması üçün prezidentə  müraciət edənlər sırasındadır.
 
 
 
 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə T.Yaqublunun azad olunması üçün ölkə prezidentinə müraciət etmək barədə düşündüklərini söylədi: “Müraciət etmək barədə düşünürük. 125-lər Siyasi Klubunun son toplantısında bu məsələ müzakirə olunub. Mən də bu qurumun üzvüyəm. Millət vəkili olaraq düşünürəm ki, parlamentin iclasında cənab prezidentə müraciət edim. Hər halda Tofiq bəyin azadlığa buraxılması mümkündür. Bu hadisə hər birimizin başına gələ bilər. Ölkə prezidentinə düzgün məlumat çatdırılsa, onunla bağlı qərar verə bilər”.
 
 
İqtidaryönlü deputat Fəzail Ağamalı Tofiq Yaqublunun özünün ölkə başçısına müraciət etməsinin vacibliyini vurğuladı: “İlk növbədə, həmin şəxsin özü cənab prezidentə müraciət etməlidir. Əgər özü müraciət etmirsə, onun əvəzindən bizim müraciət etməyimiz heç bir məntiqə sığmır. Tamamilə əminəm ki, əgər onun özü, ailəsi cənab prezidentə müraciət etsə, ona humanistlik göstəriləcək, azad olunması üçün qərar veriləcək. Mən baş vermiş faciə ilə bağlı Nərgiz xanımın valideynlərinə başsağlığı verirəm. Belə yaşda övlad itkisi valideyn üçün çox ağırdır”.
 
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müraciət barədə düşünmədiyini bildirdi: “Bu barədə bir fikrim yoxdur. Çox ağır itkidir. Tofiq bəyə başsağlığı verirəm. Amma hər kəs də məhkəmə qarşısında günahı yoxdursa, azad olunmalıdır. Mən bir vaxtlar Nigar Yaqublu ilə bağlı müraciətə imza qoymuşam. Amma Tofiq bəylə bağlı məsələyə münasibət bildirmək yanlış olar. İnşallah, azadlığa çıxar. Heç kimin həbsdə qalmasını istəmirəm. Özüm 8 il məhbəs həyatı yaşamışam. Hamıya azadlıq arzulayıram. Amma ölkədə hər kəs qanun qarşısında bərabər olmalıdır. Kiminsə statusu onu qanunlardan kənarda qoya bilməz. Böyük amnistiya olarsa, bunu alqışlayaram”.