|
Neft bazarını həyəcanlandıran nədir?

Dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. Dünən 77 dollar civarında olan qiymətlər hazırda 73 dollardan da aşağı düşüb. Beynəlxalq mərkəzlər bu prosesin OPEK+ ölkələri arasında ziddiyyətlər üzündən avqust ayı üçün hasilat səviyyəsinin müəyyənləşdirilməməsi ilə bağlı olduğunu bildirirlər.

Belə ki, OPEK+ ölkələrinin böyük əksəriyyəti avqust ayında gündəlik hasilatın 400 min barel artırılmasına, hasilatın azaldılmasına dair ümumi razılaşmanın müddətinin isə 2022-ci ilin aprelindən ilin sonuna çəkilməsinə tərəfdardırlar. Lakin iri hasilatçılardan biri olan Birləşmiş Ərəb Əmirlikləri bu varianta şərtlə razılıq vermək istəyir: ölkə hasilatın azaldılması kvotasının onlar üçün fərqli tarixdən hesablanmasını tələb edir.

Bu isə BƏƏ-nin hasilatı 1 milyon bareldən yuxarı artırmasına imkan verəcək. Razılaşmanın digər üzvləri, xüsusilə də aparıcı ölkələr olan Rusiya və Səudiyyə Ərəbistanı bununla razılaşmırlar. Bu fikir ayrılığı OPEK+ çərçivəsind həftənin əvvəlindən başlayan müzakirələrin nəticə əldə etmədən yarımçıq saxlanmasına gətirib çıxarıb.

ABŞ-da neft ehtiyatlarının azalmasına dair gözləntilər belə OPEK+ arasındakı ziddiyyətlər fonunda bazara pozitiv təsir göstərə bilmir.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqlarının neftin qiymətinə təsirsiz ötüşməyəcəyi gözlənilən idi: “Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir.

OPEC+ Alyansının gələcək taleyi neftin qiymətinin dəyişməsinə birbaşa təsir edəcək. Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir”.

Millət vəkili bildirir ki, enerji məhsulları ixrac edən əksər ölkələr, eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir: “Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.