Bu günlərdə sosial şəbəkədə və bəzi saytlarda AXCP sədri Əli Kərimlinin bir videoçıxışı yayıldı. Videonun məzmunu bu idi ki, Əli Kərimli tərəfdarlarına səslənir ki, hakimiyyət perspektivi yoxdur, olmayacaq, kim hara istəyir, getsin. Sonradan Əli Kərimli açıqlama yayaraq bəyan etdi ki, bu video təhrif və montaj edilib. Məhz montaj nəticəsində onun fikirləri bu şəkildə ard-arda düzülərək təqdim edilib və bununla əslində həm də ictimaiyyətə hörmətsizlik edilib. Bəs reallıqda necədir durum-radikal, ya da loyal müxalifətin hakimiyyət şansı, perspektivi var?
Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, haqqında sual ünvanlanan çıxışı ancaq siyasətlə həvəskar səviyyədə məşğul olanlar müəllifin tərəfdarlarına “aid olduqları siyasi qrupun hakimiyyət perspektivi olmaması üzərindən çağırış kimi” qəbul edə bilər. Əslində o çağırışda mesaj fərqlidir: “Sivil, seçki yolları ilə perspektivimiz yoxdur” mesajı kimi səslənirdi. Bunun üçün də Əli Kərimlinin sətiraltı mesajı radikal üsullara çağırış idi. Bu, məsələnin bir tərəfi. Sualınızın əsas hissəsinə gəlincə, bunun bir neçə fundamental və siyasi-psixoloji əsasları var. Ərəb ölkələrində qanlı proseslərdən sonra regional təhlükəsizlik və sabitlik üzrə ixtisaslaşmış təsisatlar bütün təhlükəsizlik forum və sammitlərində qətiyyətlə “hökumətlərlə islahatlar paketi çərçivəsində əməkdaşlıqlar aparılmalı, radikal təmayüllü heç bir qüvvə ilə əməkdaşlığa gedilməməlidir” yanaşmasını müdafiə etməyə başladılar.
Xüsusilə Suriya nümunəsindən sonra beynəlxalq ictimaiyyət, ABŞ və Avropa Birliyi bu mövzuda maksimum ehtiyatlılıq fikrini qəbul etdi.
Məhz buna görə 2014-cü ildə Ukraynada küçə etirazları beynəlxalq ictimaiyyətdən gözlənilən dəstəyi almadı və kompromis qərarla seçkidə “daha öncə hakimiyyətdə təmsil olunmuş” oliqarx namizəd dəstəkləndi.
Bir sözlə, 2014-cü ildən bəri radikal təmayüllü siyasi qüvvələrlə artıq məsələ bitmişdir. Ona görə də radikal müxalifətə nə beynəlxalq dəstək verilmir, nə də daxildə cəmiyyətin dəstəyi yoxdur. Belə vəziyyətdə isə heç bir hakimiyyət şansından söhbət gedə bilməz.
Loyal müxalifət haqqında fikrim budur ki, Azərbaycan cəmiyyəti hakimiyyətin öz layihəsi olan siyasi qüvvələri heç bir zaman ciddi qəbul etməyib. Azərbaycan cəmiyyəti real iş görən, real siyasi fəaliyyəti olan mövcud hökuməti tik-tok və ya digər sosial platformalarda sosial problemlər haqqında qeyri-ciddi qəhrəmanlıq edənlərə dəyişəcək qədər siyasi savadsız cəmiyyət deyil.
Ümumiyyətlə, fəaliyyətində mövcud olduğu cəmiyyətin milli-mental meyarlarını və psixoloji nüanslarını diqqətə almayan heç bir siyasi qüvvə qələbə qazanmayıb, qazanmayacaq da".
Bununla belə, politoloq vurğuladı ki, Azərbaycanda mövcud hakimiyyətin real müxalifəti formalaşıb və bu müxalifət hökumətin daxilindədir: “Bu haqda danışmazdan öncə bir haşiyə açmaq istərdim. 2000-ci illərdən başlayan, bütün dünyada enerji resursları bölgələri uğrunda mübarizənin bitməsi ilə növbəti mərhələ kimi enerji resurslarının nəqliyyat bölgələri uğrunda mübarizə başladı.
Bölgələrə görə bu mübarizə dəyişir, radikal və məxməri formalarda gedir, bəzi yerlərdə küçələrdə radikal hərbi üsullarla, bəzi yerlərdə isə hökumətlər və cəmiyyətlərdə dəstəklənən kənar təsir qüvvələri ilə məxməri üsullarla gedir.
Məsələn, ərəb inqilablarından sonra aktiv şəkildə mövcud hakimiyyətlərdə islahatlar prosesində kənar fondlarla işləyən lokal siyasi-ictimai qruplar, QHT-lər və gənc liderlərin təşviqi prosesinə start verildi. Bu proses postsovet coğrafiyasına aid "Şərq Tərəfdaşlığı" və Mərkəzi Asiya ölkələri, bir sözlə, Şərq Qərb və əksinə nəqliyyat (bütün spektr üzrə xəttlər) keçən ölkələrdə daha aktiv aparıldı. Sözügedən proses Azərbaycanda parlament, cəmiyyət institutları, siyasi-ictimai qruplar və fərdlər islahatlar çərçivəsində təşviq olunur. Yəni ekoloji və sosial həssas mövzular ətrafında yeni müxalif birliklər formalaşır. Yuxarıda haqqında danışdığımız prosesin əsas xətti post sovet siyasi sistemlərində demək olar ki, eynidir və Azərbaycan da daxil proseslər üçün xarakterik bir neçə cəhət var".
Politoloq iddia edir ki, bəzi daxili siyasi qruplar islahatları bir-birinin mövqeyini zəiflətməsi üçün alət olaraq istifadə etməyə də çalışır.