Bir neçə gün öncə “Filming Azerbaijan” Azərbaycan Film Komissiyasının təqdimatı keçirildi. Bildirildi ki, bu cür komissiyanın yaradılmasında məqsəd Azərbaycan dövləti üçün əsas prioritetlərdən olan kino sənayesinin inkişafına nail olmaq, kinoya vəsait cəlb etmək, xarici şirkətləri, xarici sərmayədarları Azərbaycana gətirməkdir.
Artıq uzun illərdir ki, milli kinomuzda böyük durğunluq, acınacaqlı vəziyyət yaşanır. Bu sahənin inkişafı üçün Maliyyə Nazirliyi tərəfindən illərlə kifayət qədər vəsait ayrılsa da, kinomuz ildən-ilə daha çox bataqlığın dibinə enməkdədir. Səbəb isə odur ki, illərlə ayrılan vəsait başqalarının cibinə axıb, kinematoqrafiyaçılar özlərinin də dediyi kimi, “həmin pulların üzünü də görməyiblər”. Əsas günahkar kimi isə bu sahəyə uzun illər rəhbərlik etmiş sabiq mədəniyyət naziri Əbülfəz Qarayev görülür.
Bütün bunlara baxmayaraq, kino fədailəri əllərindəki çox az vəsaitlə müxtəlif illərdə müəyyən filmlər çəkib, ortalığa çıxartmağa çalışıblar. Hansı ki, həmin filmlər arasında beynəlxalq festivallarda uğur qazananlar da var.
Xatırladaq ki, ölkəmizdə dövlət tərəfindən maliyyələşən iki kino ittifaqı var: 1963-cü il yanvarın 13-də yaradılmış, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı və 2012-ci il 21 iyunda təsis edilən, bu günə qədər rəhbəri xalq artisti Şəfiqə Məmmədova olan Kinematoqrafçılar İttifaqı. Lakin çox təəssüf ki, hər iki ittifaqın kino sahəsində gördüyü işlər o qədər də qənaətbəxş deyil. İttifaqların əsas işi, sadəcə, hansı təqdimatları keçirib, müəyyən kinoçuları mükafatlandırmaqdan ibarətdir.
![]()
Məzahir Həşimov
Rejissor Məzahir Həşimovun bu haqda dediklərindən sitat: “Əslinə qalsa, iki ittifaq heç bir işlə məşğul olmur. Sadəcə, indi biri kitab buraxır, biri də məzarların üstünü təmizləyir. Nə master-klaslar, nə görüşlər keçirilir”.
Maraqlıdır, bəs yeni yaradılan Film Komissiyası milli kinomuzu “bataqlıqdan” çıxara biləcəkmi?
Mövzu ilə bağlı “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb.

Ayaz Salayev: “Bu cür islahatlar bəlkə də nəyisə dəyişə biləcək, amma inanmıram yaradıcı insanları meydana gətirə bilsin”
“Bu suala dəfələrlə cavab vermişəm. Bildirmişəm ki, kinoda hər şey yaradıcı insanlardan asılıdır. Hansısa islahatlar və ya digər işlər vəziyyəti yalnız müəyyən qədər düzəldə bilər, əsas yaradıcı insanlar, istedadlı sənətkarlar, milli kinonu mədəniyyətimizin bir hissəsi kimi dərk edənlərdir. Hesab edirəm ki, meydana yenə bu cür adamlar gəlsə, vəziyyət düzələcək. Bu cür islahatlar bəlkə də nəyisə dəyişə biləcək, amma inanmıram ki, qeyd etdiyim yaradıcı insanları meydana gətirə bilər. Bu, mübahisəli məsələdir”.

Namiq Ağayev: “Artıq şüarlar, müsahibələr, planlar bizi bezdirib”
Tanınmış kinorejissor-aktyor Namiq Ağayev isə qeyd edib: “Buna qədər o qədər komissiyalar, şuralar olub ki, artıq inamımız itib. Arzulayıram ki, yeni yaradılan qurumun işi avand olsun. Lakin mən daha təkbaşına iş görməyi seçmişəm, çünki hansısa qurumun perspektiv inkişafına inanmıram. Bu, biz kinoçuların ”ürəyini vurub". Bəlkə də indiki komissiya həqiqətən də kinonun inkişafını təmin edə bilər, amma şəxsən məndə inamsızlıq var. Bildiyiniz kimi, dövlət büdcəsindən hər il kino sahəsinə vəsait ayrılırdı. Lakin o pul səmərəli xərclənmirdi. Gah saxlayıb xərcləmirdilər, qarşıdakı ilə qalırdı, gah da itib-batırdı. Yəni həmin sistem özünü doğrultmadı. Bəs indi onlar ordadırlarsa, əsgər kimi mən haradayam? Yəni “ordunun” sıralarında niyə yoxam? Burada komissiya sırasını nəzərdə tutmuram, fəaliyyət sırasında. Əlbəttə ki, heç vaxt şikayət edən, əzilən sənətçi olmamışıq. Amma hər halda, biz də müzakirələrdə, brifinqlərdə olmalıydıq.
İki il öncə Mədəniyyət Nazirliyinə “Əhd” adlı ssenarimi təqdim etmişdim. Təsəvvür edin, heç ssenarimi açıb oxumamışdılar. Hətta təklif etdim ki, birlikdə bu ssenarini müzakirə edək, lakin əhəmiyyət verilmədi. Və illərdir ki, proses bu cür davam edir. Bütün bunları görüb, artıq arzularla yaşamamaq qərarına gəldim. Lakin kino dostlarıma çağırış edirəm ki, niyə dayanmısınız? Gəlin, bu yay pullu və yaxud pulsuz kino istehsal edib, ortalığa çıxaraq. Artıq şüarlar, müsahibələr, planlar bizi bezdirib. Ortalığa bir fəaliyyət qoyaq".
