İşğaldan azal edilən ərazilərin bərpası istiqamətində qarşıya çıxan ən ciddi problemlərdən biri ötən 30 il ərzində həmin bölgənin ekoloji baxımdan çirklənməsi, təbiətin məhv edilməsidir. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu haqda danışarkən bildirdi ki, Ermənistan dövləti ekoloji terror nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub. “Qarşımızda işğaldan azad edilmiş ərazilərimizdə təbiətin bərpası edilməsi kimi böyük məsuliyyət durur”, - deyə nazir qeyd edib.
Ermənilərin Kəlbəcəri tərk edərkən evləri, ağacları, meşələri necə yandırmasını isə bütün dünya gördü, lakin bəlli səbəblərdən bu vandallığa etiraz edən beynəlxalq güc görmədik. Hələ müharibə bitməmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırıldı. Eyni zamanda erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlandı. Bu müraciətlərdə qeyd olundu ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.
Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər 265,3 milyard dollar dəyərindədir.

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olduğu dövrdə ərazilərimizə ekoloji baxımdan çox ciddi ziyan vurulub: “Orada həm faydalı qazıntılar çıxarılaraq Ermənistana daşındı, həm də narkotik becərilməsinə qədər hər cür çirkin məqsədlərlə istifadə edildi. Onlar təkcə xalqımıza qarşı genosid həyata keçirmədi, həm də təbiətimizə, milli sərvətlərimizə qarşı soyqırım həyata keçirdilər. 10 min hektarlarla meşəni erməni işğalçılar məhv etdi. Həmin meşə sahəsini bərpa etmək üçün külli miqdarda vəsait, uzun illər vaxt lazımdır. O cümlədən basdırılmış minaların təmizlənməsi zamanı da torpaq çirklənir. Müharibə prosesində də torpağı ekoloji baxımdan zədələyən silahlardan istifadə olunub. Həm torpağın strukturu pozulur, həm torpaq zəhərlənir. Bu, Azərbaycana dəyən yüzmilyardlarla dollar ziyan deməkdir. Dəqiq rəqəmlər hesablanmalı və beynəlxalq məhkəmələr qarşısında Ermənistan məsuliyyətə cəlb olunmalıdır. Eləcə də bu prosesə beynəlxalq təşkilatlar cəlb olunmalıdır. Dünya ictimaiyyətinin diqqəti Ermənistanın insanlığa sığmayan əməllərinə yönəldilməlidir. Şəhərlərimiz, kəndlərimiz məhv edilib, yaşıllıqlar yandırılıb. Lakin beynəlxalq təşkilatlar buna fikir vermir, ikili standartlarla yanaşırlar. Azərbaycan ərazisini zəbt edən, 30 il ərzində meşələrimizi qırıb aparan, torpaqları hər il yandıran düşmənlər qınaqla üzləşmir. Həm litosferə, həm biosferə, həm hidrosferə böyük ziyan vurulub. Onlar mütləq beynəlxalq məhkəmələrə cəlb olunmalıdırlar”.
R.Sultanov vurğuladı ki, minaların təmizlənməsi prosesi, partlayışlar torpağı çox zəhərləyir: “Texnika inkişaf edib və elə maşınlar var ki, minaları partlada-partlada gedir. Bu prosesdə ekologiya çirklənir. Beynəlxalq təşkilatlar minaların təmizlənməsi, bu zaman ekoloji çirklənmənin azalması və müvafiq vəsaitlərin ayrılması istiqamətində dəstək göstərməlidirlər”.
Ermənilərin hazırda yol verdiyi daha bir ekoloji fəlakət su ehtiyatları ilə bağlıdır. Xüsusən Oxçuçayın ağır metallarla çirkləndirilməsi ağır nəticələrə səbəb olmaqdadır. Çayın mənbəyi Ermənistanın Qacaran şəhərinin yaxınlığındadır, həmçinin Azərbaycanın Zəngilan şəhəri və Mincivan qəsəbəsi bu çayın sahilində yerləşirlər. Ağır metalların suya axıdılması təkcə Oxçuçayın faunasını məhv etmir, həm də insanların sağlamlığına fövqəladə təhlükə yaradır.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupu fəaliyyət göstərir. İşçi Qrup tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında məlumatlar hazırlanır. Hazırda əsas məsələ bu məlumatların xarici dillərə tərcümə edilərək dünya səviyyəli nüfuzlu KİV-lərdə yayılması və beynəlxalq məhkəmələrdə iş aparılmasıdır.
