|
Türkiyə “Taliban”la dil tapa bilər - gözlənti

“Taliban” hərəkatının sözçüsü Suheyl Şahin BBC Nevs-a deyib ki, bütün xarici qüvvələr Əfqanıstanı tərk eləməlidir, hər hansı bir xarici qoşun Qərb birliklərinin geri çəkilməsinə dair razılaşdırılmış son tarixə qədər Əfqanıstandan ayrılmasa, işğalçı qüvvə sayılacaq. O qeyd edib ki, Doha razılaşmasına qarşı xarici qoşunlar Əfqanıstanda qalsa, son qərarı “Taliban” liderləri verəcəklər.

Lakin onun sözlərinə görə, diplomatlar, QHT-lər və xarici mülki vətəndaşlar taliblərin hədəfində olmayacaqlar. Onlar özlərini təhlükəsizlikdə hiss edə bilərlər.

Bəllidir ki, ABŞ və Britaniya silahlı qüvvələrindən sonra Türkiyə hərbi kontingentinin Əfqanıstana yerləşdirilməsi ətrafında danışıqlar aparılır. Bu barədə danışıqların ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iyun ayında keçirilən görüşdə də aparıldığı məlumdur. Vaşinqtonun bu məsələdə Türkiyəyə ciddi dəstək vəd etdiyi deyilir. Söhbət xüsusən də paytaxt Kabildəki hava limanının təhlükəsizliyinin türk hərbçiləri tərəfindən təmin olunmasından gedir. Hansı missiya ilə olmasına baxmayaraq belə olan surətdə “Taliban”nın hədəsi Türkiyəyə də aiddirmi? “Mehmetçik” Əfqanıstanda tələyə düşməyəcək ki?

Politoloq İlyas Hüseynov bildirdi ki, ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasını “Taliban” böyük sevinclə və şadyanalıqla qarşılayıb: “Onlar düşünürlər ki, ABŞ ordusu Əfqanıstan ərazisini tərk edəndən sonra bütün hakim yüksəklikləri, strateji obyektləri ələ keçirməklə hakimiyyətlərini qura biləcəklər. Hətta bununla bağlı bütün xarici qüvvələrin Əfqanıstanı tərk etmələri ilə bağlı çağırışlar da edirlər. NATO-da böyük gücə malik olan Türkiyə hərbi kontingentinin Əfqanıstana daxil olması ilə bağlı danışıqların aparılması fonunda taliblərin hədə və şantaj xarakterli fikirləri bölgədə gərginliyin artmasına səbəb olacaq. Lakin Əfqanıstanın paytaxtı Kabildəki hava limanının təhlükəsizliyinin türk hərbçiləri tərəfindən təmin olunması regional və qlobal əhəmiyyətə malikdir. Türkiyənin antiterror əməliyyatlarında böyük təcrübəsi var. ”Taliban" Türk hərbçilərini işğalçı kimi qəbul etməməlidir. “Mehmetçik” Yaxın Şərqdə və Şimali Afrikada bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Bununla yanaşı, qeyd edək ki, Əfqanıstanda həm yerli xalqın xüsusiyyətinin öyrənilməsi, həm də radikalların istəklərinin aydınlaşdırılması önəmli xarakter daşıyır.

Politoloq Ilyas Huseynov - YouTube

SSRİ 10 il Əfqanıstanda öz qoşunlarını saxlasa da sonda geri çəkilməyə məcbur oldu. Yerli əhalinin mentallığının və spesifikliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Türkiyə milli maraqlarından çıxış edərək Əfqanıstanda təhlükəsizliyin, sülhün və sabitliyin bərqərar olması üçün əlindən gələni edəcək. “Taliban”la dil tapılması da mümkündür".

Qeyd edək ki, Türkiyə ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda rolunu artırmağa hazırlaşır. Ankara Kabilin beynəlxalq hava limanında təhlükəsizliyi təmin etməyi təklif edərək həyati rol oynamağa can atır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın Kabil hava limanının istismarı və təhlükəsizliyinin yalnız ölkə üçün deyil, eyni zamanda Türkiyə də daxil olmaqla, bütün diplomatik nümayəndəliklərin həyatda qalması üçün vacib olduğunu deyib.

Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hanif Atmar bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsində çıxış edərək Macarıstan və Pakistan qüvvələrinin Kabil hava limanının təhlükəsizliyini təmin etməkdə Türkiyəyə kömək edəcəklərini deyib. Türkiyə bu məsələdə böyük maneələrlə qarşılaşır. Qeyd etdiyimiz kimi, artıq “Taliban” Əfqanıstanda qalan hər bir xarici qüvvəyə qarşı çıxdığını bildirib, lakin Ankara ortaya çıxan problemləri dəf edəcəyinə əmin görünür.