İyulun 3-dən etibarən Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi. Qanuna əsasən birdəfəlik plastik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambıq çubuqların, eləcə də digər məişət əşyalarının, həmçinin penoplastlardan hazırlanmış yemək və içkilər üçün birdəfəlik qabların istehsalı, satışı qadağan olunur.
Azərbaycanda isə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.
Bu il yanvarın 1-dən etibarən ölkədə polietilen torbaların satışı, istehlakçılara verilməsi qadağan edilmişdi. Müşahidələr onu göstərdi ki, bu müddətdə çox az sayda supermarket və mağazalar çıxarılan qərara qismən əməl etdi. Hazırda da əksər mağaza və supermarketlərdə istehlakçılara alınan məhsullar polietilen torbalarda verilir. Əsas səbəb isə ondan ibarətdir ki, polietilen torbalarla bağlı qərar qəbul edilsə də ona alternativlər təqdim olunmayıb.
Qeyd edək ki, həm polietilen torbalar, həm də plastik qablar sintetik maddələrdən, neft qalıqlarından hazırlanır. Xüsusən də ərzaqları bu cür torbaların və yaxud qabların içərisinə qoyanda və yaxud saxlayanda tərkibindəki sintetik maddələr qida ilə reaksiyaya girir və insan orqanizmi üçün ziyanlı maddələr əmələ gəlir. Mütəxəssislər qeyd edir ki, həmin maddələr orqanizmdə yığışaraq bir sıra xəstəliklər yaradır. Məsələn, uşaqlarda səbəbsiz dəri səpkiləri, mədə-bağırsaq pozğunluğu, böyüklərdə isə qan və xərçəng xəstəlikləri yarada bilir.
Bu cür məhsulların ətraf mühitə vurduğu ziyana gəldikdə isə araşdırmalara görə hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Torpaqda olan polietilen bitkilərin inkişaf etməsinə ciddi maneçilik törədir. Dənizdə isə canlılar polietilen torbaları udduğuna görə məhv olurlar. Statistik məlumata görə, plastik çirklənmədən hər il 100 000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.
Bəs Azərbaycanda polietilen torbalar, plastik qablar problemi nə zaman tam həllini tapa biləcək?

Eyyub Hüseynov
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, bu problemlə bağlı təmsil etdiyi qurum hələ 1999-cu ildə küçə nümayişi keçirib, Bakının ətraf mühitinin plastik tullantılarla çirklənməsi barədə ictimai rəy yaradıb: “Hələ o zaman bu çirklənmənin intensivliyini tənqid etdik və dövlət orqanlarına nə iş görmək lazımdır deyə məlumat verdik. Yəni məsələ daim Azad İstehlakçılar Birliyinin diqqətindədir. Qeyd edim ki, polietilen torbalar, plastik qablar məsələsi ciddi istehlakçı problemidir. Bununla bağlı ölkəmizin qanunvericilik çərçivəsində əhəmiyyətli təşəbbüsləri var. Məsələn, tütün və tütün məmulatları ilə bağlı qanun qəbul edilsə də, görürük ki, yerlərdə, hətta təhsil müəssisələrinin, sağlamlıq mərkəzlərinin yaxınlıqlarında onların satışı davam edir. Bəlkə də dünyada yeganə ölkəyik ki, supermarketlərə girəndə insanı ilk olaraq açıq siqaret reklamı cəlb edir. Yəni dövlətimiz tərəfindən insanlar üçün çox əhəmiyyətli qanunlar qəbul edilir, lakin bu qərarlar ”ayaqaltına" atılır, nə istehlakçılar tərəfindən lazımınca dəstəklənir, nə də dövlət orqanları onu yerinə yetirir. Həmçinin plastik qablar və sellofan torbalarla bağlı məsələ də eynilik təşkil edir. Məlum olduğu kimi, bu ilin yanvarın 1-dən sellofan torbaların istehlakçılara paylanılması qadağan olunmuşdu. Buna dəstək vermək üçün Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə AİB xüsusi olaraq hazırladığı bazar torbalarını istehlakçılara payladı və bu çox böyük razılıqla qarşılandı. İyulun 1-dən isə ümumiyyətlə, plastik qabların istifadəsi qadağan olundu. Lakin dünən monitorinq apardıq və məlum oldu ki, yenə də “köhnə hamam, köhnə tas”dır. Düşünürük ki, hökumət qadağalar qoyanda gərək alternativlər təyin etsin. Lakin təəssüf ki, alternativlər yoxdur. Çox kiçik təşəbbüslər var. Məsələn, Rusiyadan taxta çəngəl-bıçaq, qab gətirilməsi ilə bağlı təşəbbüs olsa da heç 0,21 faiz təşkil edə bilməyib. Biznes qurumlarını divara “dirəyib” cərimələr təyin etmək olmaz. Əgər alternativ təyin yoxdursa, iş görülməyibsə, hökumətin verdiyi qərarlar işləməyəcək. Ötən gün biznes qurumları tərəfindən təxminən 18 zəng qəbul etdim. Soruşurdular ki, “bizi cərimə edəcəklər, nə edək?” Mən onlara konkret cavab verə bilmədim. Çünki alternativlər təyin olunmayıb".

Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov polietilen torbalar, plastik qabların ətraf mühitə, insan orqanizminə vurduğu ziyanla bağlı danışıb: “Çox təəssüf ki, plastik materiallar son illərdə xüsusən son 10-20 il ərzində həyatımızın bütün sahələrinə daxil olub. Demək olar ki, inşaat materiallarından tutmuş gündəlik istifadə etdiyimiz bir çox avadanlıqlar, məsələn, boşqablar, qaşıqlar, qablar plastik materiallarla əvəz olunmaqdadır. Əlbəttə ki, günün şərtləri, həyatın sürətlənməsi, bu materialların daha ucuz olması bunu diktə edir. Bildiyiniz kimi, plastik materialların insan orqanizminə çox zərəri var. Bəzi mütəxəssislər bu cür materialların onkoloji xəstəliklərə də yol açdığını bildirir. Daha bir məsələ, dünyada aparılan ekoloji monitorinq onu göstərir ki, ətraf mühitin çirklənməsində məhz plastik materialların, xüsusən də sellafon torbaların çox olması olduqca ciddi problem yaradır. Lakin artıq Azərbaycanda da bu problemlə bağlı işlərə başlanılıb, biz onun istifadə edilməsinin məhdudlaşdırıldığını görürük. Bəzi mağazalarda bununla bağlı qaydalara əməl olunur. Lakin bu cür materiallar hələ də həyatımızdan çıxmayıb. Yəqin ki, buna xeyli zaman lazım gələcək. Çox istərdik ki, plastik qablar, torbalarla bağlı verilən qərarların icrası yüksək səviyyədə həyata keçirilsin və bu proses tezliklə öz həllini tapsın”.
