Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varxei iyulun 6-dan 9-na qədər Gürcüstan, Azərbaycan və Ermənistanda səfərdə olacaq. Bu haqda Avropa İttifaqının saytında məlumat verilib.
Bu, avrokomissarın Cənubi Qafqaz regionuna ilk səfəridir və ittifaqın “Şərq Tərəfdaşlığı” ölkələrini əhatə edən milyardlarla dollarlıq yeni inkişaf planı ilə bağlıdır. Plan iki gün əvvəl açıqlanıb. Komissarın görüşəcəyi kontingent maraqlıdır: region ölkələrində hakimiyyət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək, region üçün iqtisadi və investisiya planını, hər bir ölkə üçün Avropa İttifaqının flaqman təşəbbüslərini təqdim edəcək. Habelə ittifaqla region ölkələri arasında ikitərəfli münasibətlərin mühüm aspektləri müzakirə olunacaq. Bu proqramdan görünən budur ki, Avropa İttifaqı Azərbaycanda demokratik proseslərlə maraqlanmır. Siyasi müxalifətlə kontakta demək olar, son qoyub.
Onlar üçün prioritet nədir? İstəkləri, məqsədləri nədir?
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə bu cür şərh verdi: “Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varxein Cənubi Qafqaz regionuna səfəri Avropa İttifaqının regionda olan maraqlarını bir daha təsdiq edir. Hazırkı komissar 2019-cu ilin dekabr ayından vəzifəsinə başlaylb. Yəni ilk səfərinin bu qədər gecikməsi yalnız pandemiya səbəbi ilə bağlı olub. Sözsüz ki, bu səfərdə ölkə başçıları ilə ciddi məsələlərin müzakirəsi planlaşdırılır və hesab edirəm ki, Avropa İttifaqı komissarı regionun hər üç ölkəsinə konkret təkliflər ilə göndərilib. Gürcüstan və Ermənistan ittifaqla assosiativ sazişi çoxdandır ki, imzalayıb, Azərbaycanla bağlı isə danışıqlar uzun müddətdir ki, davam edir. Bu səbəbdən hesab edirəm ki, Bakıda olacaq görüşdə ittifaqla imzalanacaq sazişin detalları əsas müzakirə mövzusu olacaq. Məlumdur ki, saziş layihəsinin təxminən 80 faizi razılaşdırılsa da 20 faizə yaxın məsələlərdə tərəflər razılaşa bilmirlər. Bu 20 faizin içində insan hüquq və azadlıqları, siyasi məsələlər də var ki, bu hissədə heç kim güzəştə getmək istəmir. Mən inanmıram ki, Avropa İttifaqı özü üçün prinsipal hesab etdiyi bu mövzuda razılaşdırma əldə etmədən sənəd imzalanmasına getsin. Əksinə, çalışacaq ki, Azərbaycan tərəfini razı salsın, tövsiyə olunan təklifləri həyata keçirməklə bu sənədi imzalasın.

Elşən Mustafayev
Aydındır ki, ittifaq ölkələrinin çoxunun Azərbaycanla ikitərəfli geniş iqtisadi əlaqələri var və hər iki tərəf bu əməkdaşlığın inkişafında maraqlıdırlar. Amma sazişin bəndlərinin böyük əksəriyyəti ölkələr arasında iqtisadi münasibətləri özündə əks etdirdiyindən həmin Qərb dövlətləri üçün bu sazişin bağlanmasının çox əhəmiyyəti var. Lakin sazişdə olan siyasi proseslərə, azadlıqlara aid bəndlərdə vahid fikrə gəlinməməsi bu imzalanmanı imkansız edir. Mən düşünmürəm ki, ittifaqla ortada olan bu problemi kənara qoyaraq imzalanmaya getsin, yaxud ciddi iqtisadi layihələr həyata keçirsin. Bunu istəyənlər olsa belə anlayırlar ki, sonradan bu sənəd Avropa İttifaqı qurumlarında ratifikasiya olunmaya bilər və bu prosesin təşəbbüskarları fiaskoya uğrayarlar. Bu gün Avropa institutlarının, ittifaq rəsmilərinin siyasi partiyalarla, xüsusilə də müxalifətlə kontaktlarının zəifləməsi o anlama gəlməməlidir”.
Ekspert deyir ki, Avropa İttifaqı ölkədə yalnız iqtidarla işləməyə üstünlük verir: “Birincisi, iki ilə yaxındır ki, davam edən pandemiya bu təmasları minimuma endirib. İkincisi isə onlar ölkədə özlərini müxalifət adlandıran partiyaların böyük əksəriyyətini müxalifət kimi qəbul etmirlər. Qəbul etdikləri azsaylı partiyaların bir hissəsi ilə açıq, bir hissəsi ilə isə bildiyim qədər gizli təmaslarda olurlar. Təcrübə onu göstərir ki, ittifaq, Qərb ölkələri situasiyadan asılı olaraq fəaliyyətlərini tənzimləyirlər. Bu gün üçün ölkədəki proseslərə laqeyd kimi görünsələr də, əslində bu yanlış görüntüdür. Vəziyyətdən asılı olaraq fəaliyyətləri daha açıq və geniş müstəvini əhatə edə bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti açıq oynamağa qərar verməlidir. Beynəlxalq təşkilatların, ittifaq qurumlarının tösiyələrinə diqqətlə yanaşmalı, müəyyən razılaşmaya getməklə sənədi imzalamalıdır. Heç kimə sirr deyil ki, birlik ölkələrı içərisində bizi istəməyən, hətta düşmən münasibəti olan ölkələr var. Bu, normal haldır. Amma bizə dəstək olan, dostluq münasibətləri saxlamaqda həmişə maraqlı olan ölkələr də çoxdur. Biz öz həqiqətlərimizi çatdırmaq üçün bizə mane olan qüvvələrin əlinə əsaslar verməməliyik. Eyni zamanda, bizə dost olanların əl-qolunu bağlamaqla bizi müdafiə etmələrini çətinləşdirməməliyik”.
