|
Milli təhlükəsizlik-İsrailin etdiyini biz niyə edə bilmirik?

Azərbaycanda peyvəndləndirməyə diqqət yönəltmək üç səbəbdən vacibdir. Birincisi, bu illət(xəstəlik) hələ də  dünyada yenə yayılmaqda və can almaqda davam edir. İkincisi, artıq koronavirusun yeni təhlükəli, yayılma və öldürücülük riski daha ciddi olan stammı(“Delta”) rəsmən təsdiqlənib. Üçüncüsü, bu xəstəliyə qarşı hələ ki, yeganə mübarizə vasitəsi olan peyvənlənmə gözəl məmləkətimizdə əhali sayına görə istənilən səviyyəyə çatmayıb. Üstəlik, yumşalmalar əhalimizdə xeyli arxayınçılıq yaradıb ki, toylar buna yalnız bir misal ola bilər. Məhərrəm ayının başlamasına qədər(yaxın 1 ayda) bu şənliklərin davam etməsi gözlənilir. Nə hökuməti, nə əhalini qınamaq olmaz. Hökumət hər gün “toylar nə olacaq...” sualını eşitməkdən yorulmuşdu və pis-yaxşı ümumi qaydalar qəbul etdi. 

Hamı zatən, bu açılımların müvəqqəti ola biləcəyi haqda indidən danışırlar. Təəssüf ki, bu qədər müsibətdən sonra hələ də bu xəstəliyə inanmanmayanlara rast gəlirik. Əvvəllər belə tip adamlar “Qarabağ heç vaxt alınan deyil” deyib, inad edirdilər. Bu ayrı inad idi, ona toxunmayaq. Amma bu ilin payız-qış ayı Azərbaycanda bu qədər ölüm halları belə bəzilərinin vecinə də olmayıb. Adamın inanmağı gəlmir ki, Azərbaycan paytaxtında hələ də bu cür cahillər var. Bu təhsilsizlik deyil, bu nədirsə, ayrı bir bəladır, ağıldan bəla həm də...    

    

Yay mövsümünə baxmayaraq (guya yayda bu xəstəlik azalır, halbuki bunun elmi təsdiqini ÜST verməyib) qonşu Rusiyada, eləcə də paytaxt Moskvada koronavirusla bağlı vəziyyət çox pisləşib, bir muxtar respublikada isə lokdaun(tam qapanma) elan olunub. Rusiya dünyada koronavirusa qarşı ən birinci vaksini (“Sputnik V”) əldə edən ölkədir. Amma dalbadal beşinci gündür ki , pandemiyanın başlamasından bəri Rusiyada koronavirusdan ən yüksək ölüm halı qeydə alınır. Belə ki, rəsmi rəqəmlərə görə, hər gün azı 700 nəfərə yaxın insan  koronavirus səbəbindən vəfat edir. Bunun əsas səbəbləri sırasında kütləvi tədbirlərdirsə, ikinci mühüm səbəb Rusiyanın vaksinasiya prosesində çox geri qalmasıdır. Müxalif mətbuat iddia edir ki, Rusiya hökumətinin başı dünyaya vaksin satmağa qarışıb, bu səbəbdən xüsusilə əyalətlərdə peyvənd tapılmır. Yəni yenə əsas səbəb kimi vaksinasiya prosesinin lazımı qaydada (Rusiyada alternativ digər vaksinlərə üstünlük verilməməsi də əhalini bu prosesdən ehtiyatlandırır) təşkil edilməməsidir.     

Bunu hər gün Rusiyanın şəhərlərinə ən azı bir neçə istiqamətdə təyyarə reysləri olan Azərbaycan nəzərə almalıdır. Yəni dünyada ümumi mənzərə ötən yaydakı kimi lokdaun halında deyil, amma Azərbaycan da daxil vəziyyətin tədricən pisliyə doğru dəyişəcəyi gözləniləndir. 

Koronavirus bir cahillər ordusu, mənasız müqavimətçilər də ortaya çıxardıb ki, bununla da xəstəlik kimi mübarizə aparmaq lazım gələcək


İyulun 4-də olan məlumata görə, ölkəmizdə yanvarın 18-dən bəri 3 milyon 927 min 64 nəfər vaksinasiya prosesinə qoşulub. Amma hər iki dozanı vurduranların sayı 1 milyon 947 min 687 nəfərdir. Azərbaycanda vaksinasiya prosesi yanvarın 18-dən başlayıb. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına start verilib. Yəni bu mərhələləri də nəzərə alsaq da, vaksinasiya olunanların sayı arzuedilən səviyyədən çox uzaqdır. Halbuki elə qonşu ölkələrdən fərqli olaraq Azərbaycan əhalisinə bir deyil(Sinovac), artıq daha iki vaksin(Sputnik V, Pfizer/BionTech) də təklif edilir. 


Hökumət daha nə etməlidir? Bəzi ölkələr vaksin qıtlılğı çəkir, amma Azərbaycan vətəndaşlarına üç vaksin təklif edir. Bunu qiymətləndirməmək olmaz. Vaksin növbəsində problemlər olur, amma kimsə vaksinasiya olmaq istəyirsə, bir saat tez, bir saat gec bunu edə bilir. Əgər dövlət vaksin tapmaqda çətinliklə çəksəydi, bəziləri hay-küy qaldırmışdılar. Dövlət üzərinə düşəni edirsə, vətəndaşın da borcu bu prosesdə iştirak etməkdir. Bu seçki deyil ki, ağız büzəsən. Seçim də deyil heç- sağ qalmaqla-ölmək arasında seçimmi olar? Bu bir vətəndaşlıq məsələsidir, lap dərinə getsək vicdan, vətən məsələsidir həm də...        

İsrail məlumdur ki, dekabr ayının sonlarında peyvəndlənməyə rəsmi start vermişdi. İsrail peyvənd şirkətləri ilə razılaşmaları nəticəsində 24 milyon dozalıq (Pfizer/BionTech, AstraZeneca və Moderna) COVİD-19 peyvəndi satın almışdı. Fevral ayının 11-də isə İsrail elan etdi ki, ölkə daxilində peyvənd edilməsi lazım olan əhalisinin 100%-ni peyvənd edib. Bununlada İsrail  dünyada peyvənlənməni başa vuran ilk ölkə oldu. İsrailin sürətli vaksinasiya müvəffəqiyyəti - cəmi əhalisinin digər ölkələr ilə müqayisədə daha aşağı olması ilə izah edilir. Lakin əhali sayı İsrailə yaxın olan Yunanıstan, İsveç və Avstriya kimi ölkələrdə həmin vaxt əhalinin təxminən 10 faizi peyvəndləndiyi məlum olmuşdu. Dünya mediası o zaman İsrailin lazım olduğunda artıq 6 milyon dozalıq peyvənd aldığını qeybət edirdilər. İndi məlum olur ki, yəhidilər üçüncü doza üçün də hazırlıq görüblər. Buna ehtiyac olduğu haqda artıq rəsmən danışmağa başlayıblar.  


İsrailin demokratik ölkə olmadığını kimsə iddia edə bilməz, amma baxın, ölkə parlamenti(Knesset) fevralın 24-də COVID-19 peyvəndi olmayanların şəxsi məlumatlarının yerli hakimiyyət orqanları ilə paylaşılmasını nəzərdə tutan qanun qəbul etdi. Ölkənin milli təhlükəsizliyini(artıq koronavirusun hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu aşkardır) vaksinə əks göstərişi olmayan bir neçə min adamın keyfinə buraxmaq olmaz. İndi bir sıra ölkələr bunu məcburi etmək üçün yollar arayırlar, çünki koronavirus bir cahillər ordusu, mənasız müqavimətçilər də ortaya çıxardıb ki, bununla da xəstəlik kimi mübarizə aparmaq lazım gələcək. 

Vaksinasiya məcburi olmamalıdır. “Bu mənim canımdır, istərəm, vaksinasiya olaram, istəmərəm, yox”. Bu əlbəttə ki, belədir. Amma bu indiki vəziyyətdə keçərli arqument deyil. Çünki bu xəstəlik adamdam adama keçir, yəni bir vaksinasiyadan keçməyən adam 100 adamı yoluxdursa, demək bu bir bədən məsələsi olmaqdan çoxdan çıxıb. Bunun vacib olduğunu insanlarımız anlamalıdır, könüllü olaraq bu prosesdən keçməlidir. Özü, uşaqları, doğmaları, yaxınları üçün bunu etməlidir. Hələ ki, dünya bu təhlükə ilə mübarizədə vaksindən yaxşısını tapa bilməyib. Özünüzü qoruyun və vaksinasiya olunun...       

MUSAVAT