|
AB-nin Ermənistan vətəndaşlarına COVID-19 pasportsuz gediş-gəlişinə icazə verib, milyardlar ayırmaqda məqsədi....

Avropa Birliyi (AB) Ermənistanı epidemioloji təhlükəsiz bölgə olaraq tanıyıb və Ermənistan vətəndaşlarının AB-yə məkanına Covid-19 pasportu olmadan gediş-gəlişinə icazə verib. Ötən gün isə AB 5 il ərzində Sünik bölgəsinin inkişafı da daxil olmaqla Ermənistana 1,5 milyard avrodan çox pul ayıracağını və ölkə üzrə 5 layihəyə xərclənəcəyini açıqlayıb. Bu vəsait Azərbaycana ayrılan vəsaitdən xeyli yüksək məbləğdir.

Epidemioloji vəziyyətə gəldikdə isə, məlum olduğu kimi artıq bir müddətdir ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət xeyli stabilləşib, gündəlik yoluxma və ölüm sayında azalmalar var. Ermənistanda isə epidemioloji vəziyyət kritik olaraq qalır. Bütün bunları görməzdən gəlib, Azərbaycan vətəndaşlarına hələ də məhdudiyyətlər tətbiq edib, Ermənistana rahat gediş-gəliş imtiyazı vermək, kifayət qədər daha yüksək məbləğ ayırmaq onu göstərir ki, AB açıq-aşkar şəkildə Ermənistana himayəçilik edir.

Məsələ ilə bağlı Bakıdan reaksiyalar gecikməyib. Millət vəkili Fazil Mustafa bu barədə sosial şəbəkədə qeyd edib:

"Avropa Birliyi Ermənistanı epidemioloji təhlükəsiz bölgə olaraq tanıdı və Ermənistan vətəndaşlarının AB-yə məkanına Covid-19 pasportu olmadan gediş-gəlişinə icazə verdi. Açıq-aşkar himayəçilik buna deyərlər. Hər bir məsələdə dəstəklərini əsirgəmirlər. Türkiyə, Azərbaycan kimi ölkələrə qoyulan məhdudiyyətlər bunu müqayisə belə etməyə dəyməz. Ancaq ermənilər sizi Covid-19-a deyil, təkrar faşizmə yoluxduracaqlar. Buraxın, gəlsinlər, bu xəstəliyə təkrar yoluxandan sonra yenə də 20-ci əsrin ortalarında olduğu kimi başınıza, gözünüzə döyəcəksiniz".

Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Millət vəkili qeyd edib ki, Ermənistanın torpaqlarımızı 30 il ərzində işğal altında saxlaması təsadüfi deyildi:

"Çünki bir çox hallarda Ermənistan görürdü ki, ona heç bir beynəlxalq təzyiq yoxdur, AB birliyi bu məsələdə susur, ona görə də cinayətkar işlərinə davam edirdi.
Təəssüf hissi ilə qeyd edim ki, oxşar siyasət hələ də davam etməkdə, ikili standartlar meydan sulamaqdadır. Həqiqət isə göz qabağındadır. Məlum olduğu kimi, pandemiyaya qarşı mübarizə prosesində Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həm milli, həm də regional, beynəlxalq səviyyədə ümumbəşəri bəlaya qarşı mübarizədə konkret töhfələr verib. Bu hər kəsə bəllidir. Belə ki, Azərbaycan BMT Baş Assamleyasının koronavirusa qarşı Xüsusi Sessiyasını keçirmək təşəbbüsünü irəli sürdü və bu təşəbbüs ötən ilin dekabrında həyata keçirildi, ölkəmiz koronavirusla mübarizə üçün ÜST-ə 10 milyon dollar məbləğində ianə ayırdı, bu prosesdə 30-dan çox ölkəyə tibbi və maliyyə dəstəyi göstərib və sairə. İndi sual olunur - Ermənistan bunların hansını edib?

Ermənistan ümumbəşəri bəla olan pandemiyaya qarşı prosesə nəinki töhfə verib, əksinə, riayarkarlıq edib. Azərbaycan Prezidentinin BMT Baş Assamleyasının koronavirusa qarşı Xüsusi Sessiyasını keçirmək təşəbbüsünə yeganə etiraz edən ölkə məhz Ermənistan olmuşdu. Beləliklə, koronavirusa qarşı beynəlxalq prosesə nəinki töhfə verməyən, əksinə, bu prosesi tormozlayan, həmçinin ölkəsində pandemiya səviyyəsi yüksək olan, bu baxımdan Cənubi Qafqazın "qırmızı xətti" sayılan Ermənistana münasibətdə Avropa Birliyinin əlahiddə yanaşması nədən qaynaqlanır? Necə ola bilər ki, pandemiya vəziyyəti ağır olan Ermənistanın vətəndaşları Covid-19 pasportu olmadan Avropa ölkələrinə sərbəst gediş-gəlişi təmin edilir, amma bu yanaşma AB ilə sıx əlaqə saxlayan, bu birliyin 9 dövləti ilə strateji tərəfdaşlıq müqavilələri olan Azərbaycan və 40 ildən çoxdur ki, AB-yə daxil olmağa çalışan Türkiyə üçün baş vermir? Bu onu göstərir ki, nə qədər acınacaqlı olsa da dünya siyasətində ikili standartlar davam edir.

Bu cür yanaşma ilə ümumbəşəri bəla olan pandemiyaya qalib gəlmək çox çətin olacaq. Bu bütün dünya üçün təhlükə deməkdir. Həmçinin bu bir daha onu göstərir ki, Avropa nə qədər demokratiyadan bəhs etsə də, özündə erməni lobbisi və diasporunun əlində alətə çevrilən xeyli siyasətçi var və onlar öz milli-maraqlarına zidd olaraq, qərarlar qəbul edir və bu Avropa İttifaqına olan inamın azalmasına gətirib çıxarır. Ona görə də hesab edirəm ki, bu yanaşma kökündən səhvdir və biz bunu qətiyyətli şəkildə pisləyirik".

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hazırda zəiflədilmiş və Rusiyadan tam asılı vəziyyətə salınmış Ermənistanın Avropaya yenidən qazandırılması uğrunda Rusiya və Avropa arasında mübarizə gedir:

"Bu mübarizə özünü müxtəlif formalarda biruzə verir. Bunlar iqtisadi, siyasi, hərbi əlaqələr və sairə ola bilər. Yəni Avropa yanlış olaraq düşünür ki, guya Ermənistana daha çox qucaq açsa, onun bu və digər problemlərinin həllində iştirak etsə Ermənistan Rusiyadan imtina edəcək və Avropaya meyillənəcək. Bu tamamilə yanlış düşüncədir. Çünki Ermənistan istəsə belə, heç zaman Avropaya yönlənə bilməz. Çünki Ermənistan Rusiyanın oyuncaq dövlətidir. Bir sözlə, Ermənistan oyuncaq olaraq yaradılıb, oyuncaq kimi də fəaliyyət göstərir və bu belə də davam edəcək.

Ermənistanın büdcəsi kifayət qədər azdır, iqtisadiyyatı ağır vəziyyətdədir, epidemioloji durumu da Azərbaycandan xeyli kritikdir. Buna baxmayaraq, Avropa Birliyi bu dövlətin guya epidemioloji vəziyyətinin yaxşı olduğunu əsas gətirərək, onun vətəndaşlarının Covid-19 pasportu olmadan gediş-gəlişinə icazə verdi. Bu, tamamilə qeyri-obyektiv qərardır. Ortada sırf siyasi qərarlar var. Bir daha qeyd edirəm, bu, Avropanın Ermənistanı guya Rusiyanın "caynağından" xilas etmək cəhdidir. Çox güman ki, bu məsələdə Fransanın birbaşa rolu və iştirakı var. Makron guya Ermənistan üzərindən özünün siyasi karyerasında xüsusi səhfə yaratmağa çalışır. Ona görə də Avropa Birliyinin bu qərarına heç də təəccüblənmirəm. Hesab edirəm ki, kor-koranə şəkildə Qərbə, Avropaya bağlı olan, oranın şəksiz ədalətinə arxayın olan, inanan şəxslərə bu cür qərarlar dərs olmalıdır. Əlbəttə ki, Azərbaycan da öz işini görməli, güclü dövlət olduğunu nümayiş etdirməlidir ki, dünya onunla hesablaşsın. Əks təqdirdə hər zaman belə ədalətsizliklərlə üz-üzə qalacağıq".

Politoloq Fərhad Mehdiyev mövzuya bu cür şərh bildirdi:

"Şəxsən mənim üçün də bu çox qəribə xəbər oldu. Məlumdur ki, Azərbaycanda hazırda epidemioloji vəziyyət Ermənistandan xeyli yaxşıdır. Lakin gördüyünüz kimi, Avropa Birliyi açıq-aşkar şəkildə Ermənistana himayəçilik edir. Bildiyiniz kimi, Ermənistana ayrılan pul məbləği də daha yüksəkdir. Bütün bunlar Ermənistana olan himayəçiliyin göstəricisidir".