|
“Prezidentin sərəncamı Qarabağdan Göyçəyə, Zəngəzura uzanan yoldur” - deputat

Getdikcə daha çox insanlarımız bu qənaətə gəlirlər ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan ərazisində yaşamaq hüququ əldə etmək istəyən ermənilərin Qarabağa köçürülməsi, həmçinin Laçın dəhlizindən istifadə qarşılıqsız ola bilməz. Təbii ki, söhbət Zəngəzur dəhlizinin açılmasından, həmçinin qaçqın azərbaycanlıların tarixi yurdlarına - indiki Ermənistana qaytarılmasından gedir. Deputat Əziz Ələkbərli “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində bu barədə də danışdı, təkcə millət vəkili olaraq deyil, həm də Qərbi Azərbaycandan didərgin düşən iki təşkilata rəhbərlik edən şəxs kimi, həmyerlilərinin mövqeyini ifadə etdi.

- Əziz bəy, bu il Prezidentin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur. Heç şübhəsiz ki, bu, yalnız ozan sənətinin böyük ustadının yubileyinin keçirilməsi anlamı daşımır, həm də indi Ermənistan adlanan tarixi Azərbaycan torpaqları ilə bağlı gerçəkliklərin müasir nəslə və təbii ki, beynəlxalq aləmə çatdırılması məqsədi kəsb edir. Dünya bilməlidir ki, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgərin yaşı ermənilərin Qafqaza köçürülməsinin tarixini də üstələyir. Sizcə, nə kimi işlər görülməlidir ki, bir sıra hallarda Ermənistanı himayə edən beynəlxalq aləmin tarixi həqiqətlərlə bağlı kifayət qədər bilgiləri olsun?

- Bu il fevralın 18-də cənab Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması, sözsüz ki, ilk növbədə Azərbaycan mədəniyyətinə, aşıq sənətinə verilən yüksək dəyərdir. Bu da təbiidir, çünki Aşıq Ələsgər sıradan bir sənətkar deyil, Azərbaycan aşıq sənətinin zirvəsində dayanan bir ustaddır. Azərbaycanda Aşıq Ələsgər sənətinə həmişə xüsusi diqqət olub, ən böyük qiyməti isə Ulu Öndərimiz Heydər Əliyev verib. Təsəvvür edin, 1972-ci ildə böyük sənətkarın 150 illik yubileyini onun öz doğma kəndində - Azərbaycanın tarixi torpağında, Göyçə mahalının Ağkilsə kəndində, həm də Azərbaycandan gedən yüzlərlə nümayəndənin iştirakı ilə keçirmək və məzarı üstündə abidə ucaldıb, üstündə də Azərbaycan dilində aşığın adını həkk etmək, bu, o zaman üçün kiçik məsələ deyil, erməninin gözünün içinə baxa-baxa “bu torpaqlar bizimdir, bu torpaqlarda bizim babalarımız yatır” deməkdir. Sonra da bu yubileyi Moskvaya qədər daşımaq, SSRİ rəhbərliyi səviyyəsində qeyd etdirmək - bütün bunlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü möhtəşəm xidmətlərin bir nümunəsidir.

44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra Aşıq Ələsgərin 200 illiyi ilə bağlı Prezident Sərəncamının verilməsi isə bir tərəfdən Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamıdırsa, digər tərəfdən tarixi torpaqlarımızda oturub Azərbaycana qarşı düşmənçilik edən ermənilərə çox ciddi mesajdır. Ermənilər bilməlidir ki, biz o torpaqlarda qalan dəyərlərimizi yaddan çıxarmamışıq və bir gün mütləq onların arxasınca gələcəyik. Başqa sözlə, bu Sərəncam Qarabağdan Göyçəyə, Qarabağdan Zəngəzura uzanan yoldur, tarixi torpaqlarımıza gələcək qayıdışların təməlidir.

Haqlısınız, bu il bu yubileyi elə keçirmək lazımdır ki, Ermənistanın tarixi Azərbaycan torpaqları olması ilə bağlı həqiqətlər beynəlxalq müstəviyə daşına bilsin, əsas hədəf budur.

- Rəhbərlik etdiyiniz Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq tarixi torpaqlarımızdan didərgin düşmüş insanların səsini beynəlxalq təşkilatlara çatdırmaq istiqamətində fəaliyyətiniz varmı?

- Azərbaycan Qaçqınlar Cəmiyyəti 1988-ci il hadisələrindən sonra ölkədə yaranıb bu günə qədər fəaliyyətini davam etdirən ilk ictimai təşkilatdır. Bu təşkilatın həmişə əsas işi tarixi torpaqlarımızdan didərgin düşmüş insanların səsini hər kəsə çatdırmaq olub, bizə qədər də təşkilatımızda bu istiqamətdə bir çox işlər görülüb və biz də bu işi davam etdiririk. Əbəttə, burada beynəlxalq təşkilatlar mühüm həlqədir, məsələn, sizə bir faktı xatırladım, 1995-ci ildə 10 mindən artıq Qərbi Azərbaycan qaçqını tərəfindən BMT-nin o vaxtkı Baş katibinə məktub ünvanlanıb, Qaçqınlar Cəmiyyətinin təqdim etdiyi sənədlər əsasında Avropa Məhkəməsinə onlarla müraciət olunub və s. Amma mənim fikrim belədir ki, əvvəl bu faciənin bütün təfərrüatı ortaya qoyulmalıdır və bundan sonra müəyyənləşdirilməlidir ki, beynəlxalq müstəviyə nəyi və necə çıxartmaq lazımdır. Bu iş mütləq sistemli və düşünülmüş şəkildə aparılmalıdır. Bir yanlış addım bir çox uğurlu işə kölgə sala bilər. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, son zamanlar biz bu istiqamətdə ciddi işlər görürük. Lakin elə məsələlər var ki, onlar bizim imkanımızda və səlahiyyətimizdə deyil, o məsələlər daha yuxarı səviyyələrdə həll olunmalıdır. Məsələn, 2017-ci ilin fevralında Baş nazirin sərəncamı ilə erməni təcavüzü nəticəsində qaçqın və köçkünlərimizə dəymiş maddi və mənəvi ziyanın hesablanması ilə bağlı İşçi Qrupu yaradıldı və həmin sərəncamda yazıldı ki, 1988-1991-ci illərdə Ermənistandan qovulan qaçqınlara dəymiş ziyan hesablansın, lakin bu günə qədər həmin İşçi Qrupu tərəfindən bir nəfər Qərbi Azərbaycan qaçqınına dəyən ziyan hesablanmayıb. Bilirsiniz niyə? Ona görə ki, bu məsələ həmin sərəncama bizim - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olaraq şəxsən mənim təkidimlə salınsa da, Qaçqınlar Cəmiyyəti bu prosesdən kənarda saxlandı və bu iş elə bir quruma tapşırıldı ki, o qurum ümumiyyətlə, Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olmur. Halbuki bu işi Azərbaycanda Qaçqınlar Cəmiyyətindən başqa heç bir qurum həyata keçirə bilməz.

- Bilirik ki, Qərbi Azərbaycandakı toponimlərlə bağlı kitablar nəşr etdirmisiniz. Bu kitabların xarici auditoriyaya çıxarılması ilə bağlı işlər necədir?

- Mən təkcə Qərbi Azərbaycandakı toponimlərlə bağlı kitablar nəşr etdirməmişəm. Təvazökarlıqdan uzaq olsa da, mən Qərbi Azərbaycanın tarixi coğrafiyasına dair Azərbaycanda ilk kitabın müəllifiyəm. “Qədim Türk-Oğuz yurdu - Ermənistan” adlanan həmin kitab 1994-cü ildə Bakıda, 2009-cu ildə Türkiyədə nəşr olunub. Qərbi Azərbaycandakı abidələrimizə aid ilk və yeganə kitabın müəllifi də mənəm və bu kitab 2006-cı ildə Azərbaycan və ingilis dillərində, 2007-ci ildə Azərbaycan, ingilis, rus, fransız və alman dillərində nəşr olunub. 2000-ci ildə Qərbi Azərbaycanın bütün bölgələrini əhatə edən və hər biri 736 səhifə olan 10 cildliyin nəşrinə başlamışam. 1918-1920-ci illərdə xalqımızın erməni daşnaklarına qarşı milli mübarizə tarixinə, 1988-ci il soyqırımına dair kitablarım var. Qərbi Azərbaycanın müxtəlif bölgələrini əhatə edən dörd folklor antologiyası kitabı nəşr etmişəm. Bu sıranı uzada da bilərəm. O ki qaldı Qərbi Azərbaycan toponimləri məsələsinə, keçən il “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabım 10 min tirajla nəşr olundu və sonra onun ingilis və rus dillərində elektron variantlarını hazırlayıb internetə yerləşdirdik. Bu kitaba Ermənistanın rayonları üzrə müxtəlif illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları ilə adı erməniləşdirilmiş 1000-ə yaxın toponim daxil edilib.

- Əziz bəy, Zəngəzur dəhlizinin açılması ilə bağlı gözləntilər böyükdür, amma hələ ki, Ermənistan prosesə mane olmaq istəyir. Sizcə, rəsmi İrəvan bu anlaşmanı pozmağa cəsarət edə bilərmi? Əks halda nə etməliyik? Bir sıra ekspertlərin təklif etdiyi kimi, Laçın dəhlizini qapatmaq, yoxsa...

- Birincisi, Zəngəzur dəhlizi məsələsi 10 noyabr Bəyannaməsinin tərkib hissəsidir və bu sənədin altından üç dövlətin rəhbərləri imza atıb. İkincisi, bu dəhliz tək Azərbaycan üçün yox, bütün region dövlətləri, xüsusilə Rusiya və İran, ən çox da Ermənistanın özü üçün son dərəcə vacib layihədir. Bu dəhliz açılmasa, Ermənistanın iqtisadi, sosial, demoqrafik çöküşü daha sürətlə gedəcək. Bunu ermənilər özü də yaxşı dərk edir. Amma ortada bir erməni xisləti var və ermənilər bilərəkdən bu dəhliz məsələsi ilə spekulyasiya edirlər. Məqsəd açılacaq bu dəhliz müqabilində Azərbaycandan yeni-yeni güzəştlər qopartmaqdır. Azərbaycan da bunu bilir, lakin biz istəmirik ki, bölgədə düşmənçilik davam etsin, istəyirik bölgəyə sülh gəlsin, əmin-amanlıq gəlsin. Erməni üçünsə bunun əhəmiyyəti yoxdur, erməni liderləri həmişə öz çirkin niyyətlərini həyata keçirmək üçün öz xalqlarının fəlakətinə can atıblar. Lakin Azərbaycanın da səbrinin bir hüdudu var, cənab Prezident iyunun 26-dakı məşhur çıxışında açıq şəkildə dedi ki, bu gün Azərbaycana Ermənistan lazım deyil, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra edib. İndi Ermənistan xahiş etməlidir ki, bu prosesə qoşulsun. Bu, Ermənistana çox ciddi xəbərdarlıqdır.

- Bu günlərdə Rusiya XİN rəhbəri qaçqınların qayıdışı ilə bağlı BMT rəsmisi ilə müzakirə apardığını bildirdi. Rusiya daha çox ermənini Qarabağa qaytarmağa cəhd edərkən biz Ermənistandan didərgin salınmış 300 minə yaxın azərbaycanlının məsələsini masaya qoya bilmərikmi? Qərbi azərbaycanlıların bu məsələyə baxışı necədir? Məsələn, siz 1988-ci ilin payızında ailələlikcə Vedibasar mahalının Qaralar kəndindən qaçqın düşmüş şəxs olaraq geri qayıtmaq üçün müraciət edə bilərsinizmi?

- Bu, çox ciddi məsələdir. 1988-ci ildə ermənilərin Qarabağla bağlı növbəti iddiası başladı və qısa vaxtda bu iddia Qarabağ münaqişəsinə və Qarabağ müharibəsinə çevrildi. Bu münaqişənin ilk mərhələsində bizim Qərbi Azərbaycanda öz dədə-baba torpaqlarında minillər boyu yaşayan 300 min nəfər soydaşımız ev-eşiyindən qəddarlıqla qovuldu, yüzlərlə insan vəhşicəsinə qətlə yetirildi. İndi artıq bu münaqişəyə son qoyulub, torpaqlarımız 30 illik işğaldan azad edilib, bölgədə münasibətlərin tənzimlənməsi üçün addımlar atılır, təbii olaraq məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesinə hazırlıq işləri aparılır. Belə bir məqamda 30 il susan beynəlxalq təşkilatlar dövriyyəyə girib, ermənilərin Qarabağa qayıtması məsələsini masa üzərinə qoyur, danışıqlar aparır. Halbuki bu münaqişənin gedişində və ilk mərhələsində zərər çəkən tərəf Ermənistandan qovulan Qərbi Azərbaycan qaçqınlarıdır. Ermənilərin Qarabağa qaytarılması ancaq və ancaq azərbaycanlı qaçqınların Ermənistandakı dədə-baba ocaqlarına qayıtması ilə paralel həyata keçirilə bilər. Ermənistanın və ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı törətdikləri fantastik cinayətlərə rəğmən, biz onlara Qarabağda birgəyaşayış imkanı veririk, lakin bu birgəyaşayış birtərəfli qaydada ola bilməz. Bu birgəyaşayış o vaxt dayanıqlı ola bilər ki, Ermənistanda, ən azı Zəngəzurda və Göyçədə də belə bir birgəyaşayış təmin olunsun. Biz, Qərbi Azərbaycan qaçqınları Ermənistana qayıda bilməyəcəyiksə, təbii ki, ermənilərin Azərbaycanda yaşamasını da məqbul hesab etmirik.

- Heç Vedidən xəbər tutursunuzmu? Yurd yerindən, məzarlıqdan...

- Mənim bütün şüurlu ömrüm, elmi və ictimai fəaliyyətim Qərbi Azərbaycanla bağlı olub. O yerlərdən heç vaxt ayrılmamışam ki... Mən Bütöv Azərbaycanın hər qarışını sevirəm, Bakını da, Gəncəni də, Təbrizi də, Dərbəndi də, Qarabağı, Borçalını, Zəngəzuru, Göyçəni, İrəvanı da. Amma Vedi mənim üçün tamam başqa məna kəsb edir, ora mənim doğulduğum, torpağında əcdadlarımın uyuduğu yerdir. Vedi mənim üçün Vətənin başladığı və bitdiyi yerdir. Təbii ki, internetlə izləyirəm, ora ilə bağlı hər şeyi, sabah hava necə olacaq, yağış yağacaq, yoxsa dolu düşəcək... Mənim üçün dəxli yoxdur ki, indi orada ermənilər yaşayır, mənim üçün onlar yoxdur, mənim üçün Vedi var, Vedinin havası, suyu, torpağı, ağacları var. Mənim üçün Vedidə hər yaz şaftalı ağacları çiçək açır, babamın əkdiyi armud ağacları hər il bol məhsul verir, hər səhər günəş Kotan dağının arxasından çıxıb, hər axşam Ağrı dağının arxasında batır. Mən 37 il bundan qabaq nəşr etdiyim ilk kitabımın ön sözündə yazmışdım ki, “biz mütləq o torpaqlara qayıdacağıq”, mən bu gün də buna inanıram.