|
Deputatlardan sosial problemlərlə bağlı hökumət üzvlərinə çağırışlar

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə parlament nümayəndə heyətinin bu günlərdə Budapeştə rəsmi səfərindən bəhs etdi. O bildirdi ki, Macarıstan tarixi köklərinə əsaslanaraq xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir. S.Qafarova qeyd etdi ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir.

Milli Məclisin sədrinin I müavini Əli Hüseynli cari məsələlərə ayrılan vaxtda çıxış edərək dedi ki,  Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramları xüsusi şəkildə qeyd edilib: “Bu gün Azərbaycan polisinin peşə bayramıdır”. Birinci vitse-spiker qeyd etdi ki, Azərbaycan polisi hər zaman dövlətə sədaqətlə xidmət edib: “Hörmətli xanım sədr, icazə verəydiniz Daxili İşlər orqanlarında çalışanların peşə bayramlarını təbrik edək”.

Milli Məclisin sədri Sahibə Qafarova isə əlavə etdi ki, bütün deputat korpusu bu təbriklərə qoşulur. Deputatlar alqışlarla polisə ünvanlı təbriklərə qatıldılar.

Milli Məclisin komitə sədri Musa Quliyev Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin su problemi barədə həyəcanlı çıxış etdi və səlahiyyətli qurumlara səsləndi: “Mən Gəncədə su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə əlaqədar hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə Azərsu ASC- nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılmışdır. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir!” M.Quliyev ardınca Hesablama Palatasına səsləndi: “Araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü! Mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?”

Deputat Məlahət İbrahimqızı Milli Məclisdəki çıxışında Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərindən, gündən-günə inkişaf edən əlaqələrindən danışdı. Bildirdi ki, Şuşa zirvəsi və imzalanan Müttəfiqlik Bəyannaməsi əməkdaşlığın ən yüksək səviyyədə olduğunun daha bir göstəricisi oldu. Deputat qeyd etdi ki, 2018-ci ildə Azərbaycanda Türkiyə Prezidentinin iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə parad keçirtdik. Bir neçə aydan sonra yenidən Bakının işğaldan azad olunması qeyd olunacaq. Qardaşlıq münasibətlərindən bəhs edərkən M.İbrahimqızı mühüm bir məsələyə diqqət çəkdi: “Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Nuru Paşa və onun ordusuna bu günə qədər də abidə qoyulmayıb. Bununla bağlı icra strukturları heç bir məlumat vermir. Bu, Türkiyə-Azərbaycan qardaşlığına laqeyd yanaşmadır”.

Milli Meclis

Deputat Elşən Musayev  bildirdi ki, Zaqatala hava limanı təmir olunub, işçiləri, bütün şəraiti var, amma “bir dənə təyyarəsi yoxdur”. Deputat qeyd etdi ki, uzun müddətdir edilən müraciətlərə müsbət cavab verilmir. “Zaqatala Azərbaycan paytaxtında ən uzaq məkanlardan biridir, həm də strateji məkandır. İnsanlarımız gediş-gəliş sarıdan əziyyət çəkirlər”, deyən E.Musayev ölkədə təyyarə biletlərinin baha olması barədə fikirləri də bölüşdü. Dedi ki, heç bir kasıb 800-1000 manata bilet ala bilməz. “Bu şirkətin adı belə, qiymət artımına etiraz edir. Şirkətin adı AZALdır”.

E.Musayev toylara qadağanın götürülməsini təqdir etsə də, maska qadağası barədə qeydini etdi: “Heç olmasa bu qadağa bəylə gəlinə şamil olunmamalıdır. Bəylə gəlin bir-birini görməlidirlər, heç olmasa bilməlidirlər ki, kiminlə evlənirlər”.

Komitə sədri Zahid Oruc bildirdi ki, müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən icra hakimiyyəti başçılarının məhkəmə prosesi başlayır: “Əlbəttə, parlament istintaq və mühakimə orqanı deyil, lakin prezident İlham Əliyevin 2019-cu ildə geniş miqyas alan yeni hakimiyyət quruculuğu siyasətinin təkcə məmur-vətəndaş münasibətlərinə deyil, eləcə də bütövlükdə idarəçiliyə yeni nəfəs və tələblər gətirdiyini, dövlət büdcəsinin səmərəsiz xərclənməsinə, əksər hallarda mənimsənilməsinə son qoymaq və yerli iqtisadi aktivliyi buxovlayan korrupsiyanın, süründürməçi bürokratiyanın ləğvi məqsədinə xidmət etdiyini xüsusi vurğulamalıyıq”.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.

Deputat Qüdrət Həsənquliyev əvvəlcə cari məsələlərə yarım saatlıq vaxt ayrılmasının artıq ənənəyə çevrilməsini təqdir etdi və sədrə təşəkkürünü bildirdi.  Lakin eyni zamanda bildirdi ki, deputatları narahat edən bəzi məsələlər barədə çıxış etməyə hər zaman imkan olmur, çünki cari məsələlərlə bağlı 30 dəqiqəlik müddət yetərli deyil. “30 dəqiqənin təyin olunması Quran ayəsi deyil ki... Rəhmətlik Murtuz müəllimin vaxtında biz hər həftənin 2-5-cü günləri toplanırdıq və hər kəsin çıxış etmək imkanı olurdu. İndi isə 10 nəfər danışdıqdan sonra çıxışlar kəsilir. Mən iki dəfədir yazılıram, amma söz növbəsi çatmır. Belə çıxır ki, eyni vəziyyət davam etsə, deputat olduğum dövrdə heç vaxt cari məsələlərlə bağl çıxış etmək imkanım olmayacaq”.

Q.Həsənquliyev ardınca müzakirə olunan qanun layihəsi barədə fikirlərini bildirdi. Qanun layihəsinə səs verəcəyini deyərək əlavə etdi ki, biz pensiyaçıları düşünməliyik: “Suyun qiyməti artmışdı, ardınca qazın, işığın qiyməti qalxdı. Bizə qiymət artımının səbəbi izah olunmur. Çalışırıq deyək ki, bu, camaatın xeyrinədir, israfçılığın qarşısını almaq məqsədi daşıyır. Ancaq hansı məqsədlə edilir-edilsin, qiymət qalxırsa, aztəminatlı ailələr bundan əziyyət çəkir. Ona görə də bu tipli məsələlər parlamentdə mütləq müzakirə olunmalıdır və monopolist dövlət təşkilatlarının qiymətləri qaldırmasını parlament  müəyyənləşdirməlidir, necə ki, rüsumları biz təsdiq edirik”. Deputat onu da bildirdi ki, ölkədə aparıcı şirkətlər özəlləşdirilməlidir.

Deputat Razi Nurullayev mətbuatda anons etdiyi kimi, Milli Məclisin iclasında tariflərin artımından danışdı: “Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil. Hökumət açıq şəkildə desin ki, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir. Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Məhz ona görədir ki, ”uşaq pulu" adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur".

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Layihəni deputatlara komitə sədri Musa Quliyev təqdim edərək bildirdi ki, son oxunuş üçün hər hansı təklif və dəyişiklik edilməyib. Milli Məclisə təqdim olunan dəyişikliyə görə, Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir. Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul edilib

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında diqqəti vacib bir məsələyə çəkdi. “Bu il Nəsib bəy Yusifbəylinin 140 yaşı tamam olur. Nəsib bəy Yusifbəyli Azərbaycan hökumətinin başında olanda Azərbaycanın müstəqilliyi de-fakto tanınıb. O, 39 yaşında həlak olub. Lakin bu gün Nəsib bəy Yusifbəylinin yubileyi qeyd olunmur. Onun 140 illik yubileyi qeyd olunmalıdır.Bu, sadəcə bir unutqanlıq deyil. Əgər istəyiriksə ki, dövlət qulluğuna diqqəti artıraq, bu kimi şəxsiyyətlərə dəyər vermək bizim borcumuzdur”.

F.Mustafa bir sıra qüsurları və yerində olmayan məsələləri də vurğuladı: “Adama görə idarə, vəzifə, rütbə müəyyən olunur. Yüzlərlə insan gözləyir, amma ”göydən biri zənbillə düşür", fövqəladə səfir olur, general olur. Adam var heç aşağı rütbələrdən keçməyib. Bu, ədalətsizlik məsələsidir ki,  insanların haqqı tapdanır. Onlar özlərini köməksiz, müdafiəsiz hiss edirlər".

F.Mustafa gerçək generallara böyük etimad və hörmətini izhar etməklə yanaşı, dedi ki, 44 gün ərzində döyüşən generalın sayı kabinet generalı ilə müqayisədə çox az oldu. “Etimadı doğrultmayan nə qədər şəxslər oldu ayrı-ayrı sahələrdə. Əmək pensiyalarında biz niyə problem yaşayırıq? Çünki bir kateqoriya insanlar müəyyən sistemdə işləyiblər, haqqı olmaya-olmaya böyük miqdarda əmək haqqı alıblar, amma kasıb-kusub kənarda qalır”.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik də müzakirəyə çıxarıldı. Dəyişikliyə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, vətəndaş ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək. Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutulub.

Birinci vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər barədə danışarkən bildirdi ki, Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur: “Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”. Sədr müavini qeyd etdi ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub: “44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”. Ə.Hüseynli onu da bildirdi ki, Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun layihəsinin təqdim olunması nəzərdə tutulur.

Azərbaycanda “Mediasiya haqqında” qanuna dəyişiklik də müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, mediasiya təşkilatlarının hüquqi statusu dəyişdirilir. Qanunda “hüquqi şəxsdir” sözləri “qeyri-kommersiya hüquqi şəxsidir” sözləri ilə əvəz edilir.

 Ötən iclasda etirazlara səbəb olmuş və bu səbəbdən Sədrin tapşırığı ilə Milli Məclis komitələrinin müzakirəsinə çıxarılmış “Dövlət rüsumu haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Deputatlar bir gün əvvəl parlamentdə bu layihə ilə bağlı dinləmənin keçirilməsini yüksək qiymətləndirdilər. 

Komitə sədri Siyavuş Novruzov qanun layihəsilə bağlı tənqidi fikirlər söylədi. “Vəkil gecikdirmələrə görə cərimə olunur, həmçinin lüzumsuz müdaxilələrə görə. Bəs, məhkəmə lüzumsuz müdaxilələrə görə cərimə olunmur? Bəzən məhkəmələr məqsədli şəkildə qərarları qarşı tərəfə vaxtında təqdim etmir ki, yuxarı instansiyalara müraciət edilməsin. Məhkəmə düzgün qərar çıxartmırsa, o halda niyə cərimə olunmur?” Məhkəmələrin daha çox cərimələməyə maraqlı olacağını deyən S.Novruzov konkret misal çəkdi: “Avropa Məhkəməsinin qərarlarına baxırıq. Oradakı qərarların hamısı Azərbaycan məhkəməsinin prosedur qaydalara əməl etməməsilə bağlıdır və nəticədə Azərbaycan dövləti cərimələr ödəməli olur. Bu gün biz qəbul etdiyimiz qərarla ancaq və ancaq məhkəmələri müdafiə ilə məşğuluq, vəkillərin yox”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi. Növbəti iclas iyulun 6-da keçiriləcək.